Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-624/2025 19.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə onun xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixə qədər Füzuli rayonunda döyüş bölgəsində xidmət keçməsi qeyd olunmuşdur. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-1254 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2020-ci il tarixli iclasda baxılmış, döyüş əməliyyatları aparılan zaman xidmət yerini özbaşına tərk etdiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Həmin ərizəyə əlavə edilmiş həqiqi-hərbi xidmət biletinin nüxsələrinin surətindən görünür ki, 888 saylı Hərbi hissə, 700 saylı Hərbi hissə batalyonu, 239 saylı Hərbi hissədə və N saylı hərbi hissədə hərbi xidmət keçmişəm. 1993-cü ildən xx.xx.1993- cü il tarixə qədər Füzuli rayonu döyüş bölgəsində atıcı vəzifəsində xidmət keçmişdir.O, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş,lakin sonuncu tərəfindən imtina cavabı verilmişdir.Ancaq o bu imtina ilə razılaşmır,ona görə də yuxarıda qeyd edilən kifayət qədər əsaslar olduğundan ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir.Ona görə də hesab edir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmamılıdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli 3-25-4/2-2557/2024 saylı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.“Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur.Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz.Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli 383-İQR Qərarın 9-cu bəndinə əsasən: “...Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Məhkəmənin sorğusuna cavabdehin xx.xx.2024-ci il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Ağdam RHK-dan çağırılmış, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 103 Nq-İİ əmrilə (əsas: §3, sıra-10) xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə “kursant” vəzifəsinə təyin olunmuşdur.888 №-İi hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 127 №-li əmrində (əsas: §9, sıra-5; qeyd: əmrdə adı tam, hərbi rütbəsi və vəzifəsi yazılmamış, atasının adının baş hərfi “A” yazılmış, əmr rus əlifbası ilə qeyd olunmuşdur) İddiaçı A. oğlunun N (PMO) Nq-İİ hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N Nq-İİ hərbi hissəyə göndərilməsi barədə məlumat vardır.700 №-İİ hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “xx.xx.1993xx.xx.1993 №4 “A”; səh.-51, sıra-99) xx.xx.1992-ci il tarixdə Ağdam RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı komandirin xx.xx.1993-cü il tarixli 40 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi vəxx.xx.1993-cü il tarixli 58 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N №-li hərbi hissəyə köçürülməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 40 №-li əmrində (əsas: səh.-21, §7, sıra-5; qeyd: əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi qeyd edilməmişdir) N №-li hərbi hissədən gəlmiş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “PMO” komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 №-li əmrilə (əsas: §5, səh.-36, sıra-59) İddiaçı hərbi xidmətini davam etdirmək üçün N Nq-İİ hərbi hissəyə göndərilmişdir.xx.xx.1992-ci il tarixdə Ağdam RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 165 №-li əmrilə (əsas: səh.-165, §7, sıra-79; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.Döyüş tapşırığını yerinə yetirmək üçün sıravi İddiaçı N Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 170 №-İİ əmrilə (əsas: səh.-212, §4, sıra-14; qeyd: əmrdə hərbi vəzifəsi qeyd edilməmişdir) Füzuli rayonuna ezamiyyətə göndərilmişdir.Xidmət yerini özbaşına tərk etdiyi üçün Ağdam RHK-dan çağırılmış, 1974cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmrilə (əsas: §7, sıra-184; qeyd: əmrdə hərbi vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün N Nq-İİ hərbi hissəyə köçürülmüşdür.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüşlərdə iştirakı və tərxis olunması barədə əlavə məlumat aşkar edilməmişdir.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin 888, N və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Belə ki, iddiaçının xidməti barədə hərbi biletində qeydin olması ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-624/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-624/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver