Məhkəmə qərarları › İş №2-1(114)-626/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-626/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-626/2022 18.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 11.01.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.09.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququnun təmin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1961-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildən 1982-ci ilədək Gəncə şəhər X8 xəstəxanasının X8 şöbəsində kiçik tibbi işçisi kimi, 1984-cü ildən 1989-cu ilədək Bakı şəhər 1 saylı şəhər Kliniki xəstəxanasının infeksion xəstələrin qəbul şöbəsində kiçik tibb işçisi kimi işləmişdir. 1991-ci ildən 1996-ci ilədək Daşkəsən rayonu Mərkəzi Xəstəxanasında, 1996-ci ildən bu günə kimi isə Gəncə şəhər Vərəm Xəstəxanasında həkim-fliziatr kimi işləyir. Ümumilikdə 43 il stajı , zərərli işə görə isə 25 il iş stajı mövcüddur. Cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə pensiya təyin olunması üçün yəni, 03 sentyabr 2016-ci il tarixdən, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının teyin edilməsi və həmin tarixdən əmək pensiyamın hesablanaraq ödənilməsi üçün müraciət etsə də cavabdeh orqan 25.11.2021-ci il tarixdə ona bu barədə imtina məktubu verərək əmək pensiyası hüququnun olmadığını bildirmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddiaya qarşı 17.02.2022-ci il tarixli etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında”-nin 9.1-ci maddəsinin İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 55 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi və 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, İddiaçının 09.10.1978-ci il tarixli əmək kitabçasında 16.05.1996-cı il tarixdən bugünədək “Vərəmlə Mübarizə dispanseri”ndə həkim və həkim ftiziatr vəzifələrində işlədiyi qeyd ounmuşdur. İddiaçının işlədiyi vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19.06.2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş ’‘Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş iri diapazonunun orta və kiçik tibb heyətində nəzərdə tutulmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 qərarı ilə təsdiq edilmiş siyahının səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm infeksion idarələrində, bölmələrində kabinetlərində yarımbəndində (19a) güzəştli peşə olaraq orta və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanun ilə tələb edilən 10 il güzəştli iş stajı müddətini tamamlanmışdır. 2) Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə məsi və ödənilməsi Qaydaları"-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, cavabdehin 14.09.2021-ci il tarixli, **********4 nömrəli imtinası, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 75 nömrəli, 08.07.2021-ci il tarixli arayışı, 09.10.1978-ci il tarixində tərtib edilmiş əmək kitabçasının kserosurəti, cavabdehin məhkəməyə ünvanladığı 17.02.2022-ci il tarixli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, əsassızdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı məxsus 09.10.1978-ci il tarixində tərtib edilmiş əmək kitabçasından görünür ki, o, 16.05.1996-ci il tarixdən bu günədək X1 (hazırda X4) həkim ftiziatr vəzifəsində çalışır. 75 nömrəli, 08.07.2021-ci il tarixli İcbari Tibbi Sığorta Agentliyinin “Tibbi Ərazi İdarəetmə Birlliyi X6 Z. Məmmədov adına xəstəxananın vərəm şöbəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1961-cı il təvəllüdlü, İddiaçı 16.05.1996-cı il tarixdən halhazıradək Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın vərəm şöbəsində həkim-ftiziatr vəzifəsində işləyir və daimi olaraq xəstələrlə təmas halındadır. Bu iş yeri və peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifəllərin və göstəricilərin siyahısı”nın 35-ci kateqoriyası ilə uyğunluq təşkil edir. Cavabdeh həm14.09.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubunda, həm də 17.02.2022-ci il tarixli etiraz məktubunda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinaya əsas səbəb kimi iddiaçının işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda olmaması göstərilmişdir. Tətbiq edilən maddi hüquq: “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materialları ilə iddiaçının 55 yaşına çatması təsdiq olunsa da, cavabdehin etirazının əsas dəlili - iddiaçının peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyhasında qeyd olunmaması öz təsdiqini tapmışdır. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının səhiyyə və sosial təminat idarələri bölməsininin vərəm və infeksion idarələrində, bölmələrində kabinetlərində yarımbəndində həkim heyəti deyil, orta və kiçik tibb heyəti göstərilmişdir. Beləliklə, sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 03.09.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququnun təmin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar