Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6260/2025 15.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 11 noyabr 2023-cü İl il tarixli 2-(104)- 819/2023 saylı Qərardadında mütəxəsis qarşısında qoyulmuş suallara DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinin inventarlaşdırıcı mühəndisi İlqar Məmmədovun verdiyi mütəxəssis rəyinin həqiqəti əks etdirmədiyinə görə ləğv edilməsini, iddiaçıya məxsus, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yerləşən 0,05ha torpaq sahəsinə yenidən baxış keçirilməsinə Qərardadın qəbul edilməsi, həmçinin cavabdehin üzərinə iddiaçının 22 noyabr 2007-ci ildə Şəmkir rayonu Əliyaqublu kənd Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı torpaq sahəsinin 0,0273ha hissəsinə plan və ölçülərinin işlənərək ona çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayonu Əliyaqublu kənd Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, sahibkarlıq məqsədi ilə, 0,05ha torpaq sahəsini alqı- satqı müqaviləsi əsasında almışdır. Onun Daşınmaz Əmlakın 11 saylı ərazi idarəsi tərəfindən qəsdən, süni yaratdığı maneələr ucbatından həmin torpaq sahəsinə çıxarışın almağı illərdir ləngimişdir. Məcburiyyət qarşısında, 2024cü ildə məhkəməyə müraciət etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə 0,05ha torpaq sahəsinin 0,0227ha hissəsinə çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın 11 saylı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. 05 dekabr 2024-cü il tarixində DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən məhkəmənin qərarına əsasən 0,0227ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Torpağının qalan 0,0273ha hissəsinə çıxarışın verilməməsi səbəbi Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi İdarəsinin mütəxəsisinin məhkəməyə yanlış, əsassız rəyi olmuşdur. Belə ki, DƏDRX-nin mütəxəsisi İlqar Məmmədov məhkəməyə verdiyi rəyində göstərir ki, İddiaçı sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulan 0,05ha torpaq sahəsindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyası üzrə Dövlət mülkiyyəti ilə üst-üstə düşür. Ancaq, mütəxəsisin bu rəyi həqiqəti əks etdirmir ona görə də bu rəy aşağıdakılara əsasən ləğv olunmalıdı. a) 0,05ha torpaq sahəsini o, Şəmkir rayonu Əliyaqublu kənd Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında xx.xx.2007-ci ildə qanunun tələblərinə tam riayyət olmaqla almışdır. Bu torpaq sahəsi Əliyaqublu Bələdiyyəsinin olmuşdur. Yalnız 2015-ci ildən sonra, Dövlət tərəfindən Bakı-Qazax avtomobil maqistralının tikintisindən sonra torpağının 0,0273ha hissəsi yolun layihəsinə düşdüyündən o torpaq indi Dövlətin mülkiyyəti hesab olunur. b) Azərbaycan Respublikası Rabitə Nazirliyi onun rəsmi müraciətinə verdiyi cavaba əsasən , ona məxsus olan torpaq sahəsinin yerləşdiyi əraziyə yerində baxış keçirilmiş və həmin ərazidən Şəmkir şöbəsinə məxsus rabitə, kommunukasiya xətləri keçmədiyini bildirmişdir. İddiaçıya məxsus 0,273ha torpaq sahəsinə çıxarışın verilməsinə dair müraciətinə, DƏDRX-nin 11 saylı ərazi İdarəsi tərəfindən imtina cavabı gəlmişdir. Lakin, DƏDRX-nin 11 saylı idarəsi, onun müraciətinə yenə də mütəxəsisin yanlış Dövlət rəyini rəhbər tutaraq, guya onun torpağını 0,0273ha hissəsi Dövlət mülkiyyətinə aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətinə baxılması barədə məktubdan görünür ki, sözügedən torpaq sahəsi üzərində hüququların dövlət reyestrində qeydiyyata alınması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)- 130/2024 nömrəli qərarı təqdim edilmişdir. Sözügedən məhkəmə qərarında 0.0227 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətin məhkəmə qətnaməsində qeyd edilən 0.0227 ha torpaq sahəsinə dair çıxarışın verilməsi təmin edilmişdir. Bundan başqa yerdə qalan 0.0273 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, 0.0273 ha torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına həmin qeydiyyatın aparılması üçün əsas olan, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs (vərəsə) tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə qanunamüvafiq baxılacaqdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına əsasən, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırda iddiaçı mütəxəssis rəyinin ləğv edilməsini, 0,05 ha torpaq sahəsinə yenidən baxış keçirilməsini və bələdiyyə qərarı əsasında ona satılmış 0.05 ha torpaq sahəsinin 0,0273 ha hissəsi üzərində mükiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, mütəxəssis rəyi inzibati akt deyil, sübut növu olmaqla ayrıca olaraq mübahisələndirilə bilməz. İş materialları ilə müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-992/2023 saylı qərarına əsasən, iddia təmin edilmiş, Şəmkir rayonu, Əliyaqublu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli iclas protokolu ilə İddiaçı satılması qərar alınmış torpaq sahəsində 0.0330 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-130/2024 saylı qərarına əsasən, apellasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-992/2023 saylı qərarı qismən, yəni "Şəmkir rayonu, Əliyaqublu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli iclas protokolu ilə İddiaçı satılması qərara alınmış torpaq sahəsinin 0.0103 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi" hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə, yəni "Şəmkir rayonu, Əliyaqublu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli iclas protokolu ilə İddiaçı satılması qərar alınmış torpaq sahəsində 0.0227 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi" hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçının istifadəsinə verilmiş 0.05 ha torpaq sahəsinin 0.0227 ha hissəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyası üzrə Dövlət mükiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bu baxımdan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(104)-130/2024 saylı qərarı ilə yalnız 0.0227 ha torpaq sahəsi üzərində idiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması qərara alınmışdır. Göründüyü kimi iddiaçının hazırda mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üzrə əvvəllər məhkəmənin icraatında başqa iş olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-6260/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-6260/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver