Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-627/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı vəkili X6, Cavabdeh Tərtər rayonu Tərtər Bələdiyyəsinin vəkalətnamə üzrə nümayəndəsi X4, Üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) X5 iştirakları ilə İddiaçı cavabdeh Tərtər rayonu Tərtər Bələdiyyəsinə (üçüncü şəxs X14) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və X11 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təqdim (tərtib) xx.xx.2007-ci il tarixli, 12 saylı bələdiyyə qərarının etibarsız hesab olunmasına və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın və onun əsası olduğu mülkiyyət hüququna dair qeydin ləğv olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Tərtər rayonu Tərtər Bələdiyyəsinə (üçüncü şəxs X14) qarşı bələdiyyənin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Tərtər rayonu, Nizami küçəsində yerləşən 0.236 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. Həmin şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas Tərtər rayonu Tərtər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı olmuşdur, həmin qeydiyyatı və hüquqverici sənədlərin ləğvi ilə bağlı X14 ilə aralarında məhkəmə çəkişməsi olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə işə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olması qeyd edilmişdir. 2016-cı ilin aprel ayında X3 rayon Polis şöbəsinə müraciət edərək onun tərəfindən Tərtər rayonu, Nizami küçəsinin M.Dadaşov küçəsi ilə kəsişməsində Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində, 16 aprel 2016-cı il tarixli məktuba cavab olaraq verilmiş Tərtər Rayon İcra Hakimiyyəti başçısının icazə məktubu əsasında tikinti aparılmasının qanunsuz hesab olunmasının, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilərək işlər apardığına görə onun barəsində tədbirlər görülməsini tələb etmişdir". Məhkəmənin diqqətinə çaldırır ki, cavabdehin bu ifadəsi Tərtər rayon Polis şöbəsinin "Cinayət işinin başlanmasının rədd edilməsinə dair" 20 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuşdur. Yəni cavabdeh 2016-cı ilin 20 aprel tarixində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu özü etiraf etmişdir. Həmçinin torpağın ondan əvvəlki mülkiyyətçisi X12 torpaq sahəsinin onun istifadəsində olduğunu, sonradan həmin torpaq sahəsini ona satdığını etiraf etmişdir. Bundan əlavə polis şöbəsinin qərarında da göstərildiyi kimi, o, qeyd olunan mübahisəli torpaq sahəsində tikinti işlərini Tərtər Rayon İcra başçısı Ceyhun Cəfərovun 16 aprel 2016-cı il tarixli, 363 saylı icazə qərarı əsasında başlamışdır. Cavabdehin istifadəsində olan və sahibkarlıq məqsədi ilə istifadə etdiyi obyekt onun tikdiyi evlə 50 metr məsafədə yerləşir. Yəni iki il ərzində onun min əziyyətlə ev tikmə prosesi onların gözü qarşısında baş verməsinə baxmayaraq cavabdehlər həmin torpağa dair heç bir iddia yaxud şikayət irəli sürməmişdir. Tərtər rayon Bələdiyyəsinin nümayəndəsi tərəflər arasında məsələ ilə əlaqədar Bərdə Rayon Məhkəməsindəki çıxışı zamanı bildirmişdir ki, bələdiyyənin bu məzmunda protokolu mövcud deyil, bu sənəd cavabdehə aid hissədə özü tərəfindən saxtalaşdırılmışdır. Bələdiyyənin həmin tarixli, həmin saylı sənədi həqiqətən də mövcuddur, lakin o sənəddə X8 adı yoxdur. Bununla yanaşı bələdiyyə nümayəndəsi həmin qərarın əslini məhkəməyə təqdim edərək, saxta sənədlə əsil sənəd arasında fərqin kobud surətdə, gözlə aşkar ediləcək şəkildə əlavə edildiyinə diqqət yönəltmişdir. Həmçinin, X8 torpaq sahəsinə görə rüsumun ödənilməsinə dair qəbz də iş materiallarına saxtalaşdırılaraq əlavə edilmişdir. Belə ki, Tərtər rayon Bələdiyyəsinin 24 dekabr 2007-ci il tarixli, 14 saylı protokoldan görünür ki, həmin tarixdə digər şəxslərlə yanaşı X11 0.07 ha torpaq sahəsi satılmış və onun büdcəyə 238 manat məbləğində pul vəsaiti ödəməli olduğu qeyd olunmuşdur. Ödənilən qəbz kimi təqdim olunmuş ödəniş sənədi də məhz bu sənəddir. Qeyd olunan protokol da iş materiallarına tərəfindən əlavə edilmiş və həmin qəbz də bu işə aid deyil. Həmçinin tərəflər rayon məhkəməsinin onlara ünvanladığı müraciətə cavab məktubunda da mübahisə predmeti olan torpaq sahəsinin X1 dair protokol olmadığı da qeyd olunmuşdur. Tərlər Bələdiyyəsinin 18 sentyabr 2019-cu il tarixli, 72 saylı məktubunu və xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının əsl mətnini təqdim etməklə bildirir ki, Tərtər Bələdiyyəsinin qeydiyyat üçün təqdim olunmuş torpağın alğı-satqısına dair qərarı saxtalaşdırılmışdır. İşin şifahi məhkəmə baxışı iclası 12 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili X13 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Tərtər rayonu Tərtər Bələdiyyəsinin vəkalətnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Tərtər rayonu Tərtər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının təsdiqlənmiş surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0.0236 ha torpaq sahəsinin həyətyanı məqsədilə X2 qərara alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Tərtər şəhəri, Nizami küçəsində yerləşən 0.0236 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququnu və hüquqi marağını onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi torpaq sahəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il tarixli sərəncamı əsasında ev inşa etmişdir. 2014-cü ildən həmin torpaq sahəsini istifadə edir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, hal-hazırda iddiaçı və cavabdehin faktiki naturada göstərdikləri və məhkəmə qərardadında mübahisələndirilən yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 12.5 kv.m hissəsi ********** nömrəsi ilə qeydiyyatdan keçmiş RX seriyalı çıxarışla X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 23 kv.m hissəsi isə ******* RX seriyalı çıxarışla X7 mülkiyyətinə verilən torpaq sahəsinə və qalan hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Həmçinin, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Tərtər şəhər kənd sakini İddiaçı Tərtər şəhəri, Nizami küçəsi ilə M.Dadaşov küçəsinin kəsişməsində yerləşən Tərtər Bələdiyyəsinə aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq həmin ərazidə tikinti işləri apardığına görə onun əməlində Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxsin cinayət məsuliyyətindən azad edilməsi müddəasını nəzərə alaraq hazırki vəziyyətdə İddiaçı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, onun barəsində cinayət işinin başlanması rədd edilməli, tərəflərə mübahisəli məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsində olması və qanuni əsaslarla ona verilməsi sübuta yetirilməmişdir. Belə ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsi olmuşdur. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Tərtər rayonu Tərtər Bələdiyyəsinə (üçüncü şəxs X14) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-627/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-627/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver