Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-627/2024 13.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı məxsus SX № ******* hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüşlərdə iştirak etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydlər edilmişdir.
2. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və onun müraciətinə Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-6210 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1415 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin siyahısına daxil olmağı, həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilməyi, heç bir silah-sursat və hər hansı bir növ təchizat təhkim edilməməyi, hər hansı tapşırığa və döyüş əməliyyatlarına cəlb olunmamağı barədə qeydlər olduğuna görə, həmçinin xx.xx.2020-ci ildə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirmə başlayarkən döyüş əməliyyatları bitdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
3. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2975 nömrəli və xx.xx.2023-cü il tarixli 4038 nömrəli cavab məktublarından görünür ki, "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsindən çağırılmış İddiaçı 08 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr 2020-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Bununla da vətəndaş İddiaçı (şəxsi heyətin siyahısına daxil olması və çıxması barədə əmrdən çıxarışlardan başqa) döyüş əməliyyatlarına cəlb olunmadığı üçün onun barəsində müvafiq arayışın və əmrdən çıxarışın verilməsi mümkün olmamışdır. Sonuncu məktubda əlavə olaraq bildirilmişdir ki, bu barədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1198 nömrəli arayış təqdim edilmişdir. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci i tarixində erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarında iştirak etmək üçün Qazax rayon SHXÇDX tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N №-li hərbi hissənin 3-cü bölüyündə tuşlayıcı vəzifəsində olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər çərçivəsində Füzuli rayonun Qacar kəndində hərbi xidmət keçmişdir. O, dəfələrcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmiş, cavabdeh bundan imtina etmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12290/2023 tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. III. Prosessual məsələlər
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, iddia tələbi qanununun tələblərinə uyğun olaraq “müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh orqanının üzərinə qoyulması” şəklində göstərilməsi təklif olunmuşdur.
10. İddiaçı tərəfindən tələb dəqiqləşdirilməmişdir.
11. Məhkəmə şifahi məhkəmə baxışı iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və bildirilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbi əsassızdır. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1415 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin siyahısına daxil olması, həmin gün axşam saat 17:00 radələrində Ağcəbədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilməsi, heç bir silah sursat və hər hansı bir növ təchizat təhkim edilmədiyindən, hər hansı tapşırığa və döyüş əməliyyatlarına cəlb olunmaması barədə qeydlər olduğundan, həçinin xx.xx.2020-ci ildə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirmə başlayarkən döyüş əməliyyatları bitdiyinə görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir.
Əsaslandırma hissəsi:
13. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
14. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
15. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 9-cu bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
17. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
18. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd).
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
20. Yuxarıda sadalanan qanunvericilik müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Tərtər rayonunun Talış, Suqovuşan kəndlərinin ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir və bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir.
21. Göründüyü kimi, iddia tələbi “müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh orqanının üzərinə qoyulması” şəklində göstərilməli olsa da, bu barədə iddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq, o, tələbini qanunun tələblərinə uyğunlaşdırmamışdır.
22. Bu halda isə hazırkı iddia tələbinə baxılması mümkün deyildir.
23. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva