Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-629/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X11) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4/2018 nömrəli yaşayış sahəsinin icarə müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 04 saylı orderin surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı mülkiyyətinə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-462/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X11, X12 və X2 qarşı istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməmiş, qətnamə xx.xx.2020-ci il tarixdən qanuni qüvvəsini almışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-462/2020 nömrəli qətnaməsində göstərilmişdir ki, cavabdehlərin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmiş, mövcud olmayan bir hüquq isə itirilmiş hesab edilə bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2021-ci il tarixli, 120- 1842İ-3221 nömrəli məktubu ilə X5, X7 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. İmtina «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla onunla əsaslandırmışdır ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh üzərinə X5, X7 və X1 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1984-cü ildə Billur zavoduna işə girmiş, zavod bağlanana kimi orada fəhlə işləmişdir. 1987-ci ildə iş üzrə üçüncü şəxs olan X11 ilə ailə qurmuş, az bir müddət cavabdehin atası evində yaşasa da, üçüncü şəxsin atası onu qəbul etmədiyindən ata evinə qayıtmış, sonra da kirayədə yaşamışlar. Cavabdehdən iki övladı anadan olmuşdur. Lakin yola qetməmişlər, faktiki olaraq ayrılmışlar. Sonra üçüncü şəxs həbs olunmuşdur. 1990-cı ildə yaşayış yeri olmadığından zavod öz yataqxanasında ona mənzil ayırmışdır. Hal-hazıra kimi həmin mənzildə yaşayır. Cavabdeh bir gün də olsa, onun mənzilində yaşamamışdır. Nikahı olduğundan həmin vaxt üçüncü şəxsi də onun üstünə qeydiyata almışlar. Ondan faktiki olaraq ayrıldıqdan sonra A.Cəfərov iki dəfə ailə qurmuşdur. 2011-ci ildə rəsmi qaydada onunla boşanmış, 2017-ci ildə Arzu Cəfərov ondan sonra evlilikdən doğulmuş iki uşağı onun xəbəri olmadan qeydiyyata saldırmışdır. Halbuki nə özü, nə də ki, uşaqları onun mənzilində hec vaxt yaşamamışlar. 2018-ci ildə ona həmin mənzil üçün order verilmişdir. Orderdə ailə üzvüləri kimi qızı, oğlu və iki nəvəsi qöstərilmişdir. Üçüncü şəxslərin onun mənzilində formal olaraq qeydiyyatda olmaları onun mənzilə olan hüquqlarını məhdudlaşdırır, əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bundan başqa, onunla hər hansı bir münasibətdə olmayan kənar şəxslərin mənzilinin qeydiyyatında qalmaları absurddur. Üçüncü şəxsin və övladlarının mənzilindən qeydiyyatdan çıxarılmaları üçün Gəncə çəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə cavabdehlərin onun mənzilinə heç bir hüquqları olmamasını müəyyən edib, olmayan hüquqa xitam verilməsinin mümkün olmaması motivi ilə iddiasını təmin etməmişdir. X13 Gəncə şəhəri, Gəray Əsədov küçəsi, 5 saylı ünvanda yerləşən ata evində yaşamasını eşitmiş, uşaqlarının isə yaşayış yerini bilmir. Onun istifadəsində və sahibliyində olan mənzildə ona hər hansı bir aidiyyəti olmayan şəxsin qeydiyyatda qalmasını istəmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqana və üçüncü şəxsin yaşadığı ünvana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4/2018 nömrəli yaşayış sahəsinin icarə müqaviləsi; - “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 04 saylı order; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-462/2020 nömrəli qətnaməsi; - AZ-İ 257306 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış; - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 120-1842İ-3221 nömrəli imtina məktubu. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən ev “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 04 saylı order əsasında İddiaçı verilmiş, iddiaçı uzun illərdir ki, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. AZ-İ 257306 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdə üçüncü şəxs X3 boşanmışdır. Bundan sonra o, cavabdehlər X8, X10 və X4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, qeyd olunan məhkəmənin xx.xx.2020-ci il tarixli 2(044)-462/2020 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmiş, qətnamə xx.xx.2020-ci il tarixdən qanuni qüvvəsini almışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 462/2020 nömrəli qətnaməsində göstərilmişdir ki, cavabdehlərin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmiş, mövcud olmayan bir hüquq isə itirilmiş hesab edilə bilməz, işin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehlərin heç biri hazırda həmin evdə yaşamırlar. İddiaçı Cavabdehnə müraciət edərək, X5, X7 və X1 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan həmin şəxsləri qeydiyyatdan çıxartmamış və iddiaçıya məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cü bəndində təsbit olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbinə əsasən mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması qanuni və əsaslıdır. Belə ki, burada şəxsin konstitusion hüququ olan - mülkiyyət hüququna müdaxilə “ədalətli balans” prinsipini özlüyündə əks etdirməməklə yanaşı, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı üzrə qeydiyyata alına bilərlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X12 azyaşlı olduqlarından inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin evdə qeydiyyatda qalmağa hüququ olmadığından, həmçinin azyaşlının valideynlərinin həmin evdə qeydiyyatda olmaması nəzərə alınaraq onların da qeydiyyatdan çıxmaları məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. X5, X7 və X1, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-629/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-629/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver