Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-629/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək adına ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalarını təsdiq edən mədaxil və bank qəbzləri arasında əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs X1) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək ödənilmiş məcburi dövlət sosial sığorta pulunun fərdi hesaba daxil edilərək hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2148/2023 nömrəli qərardadı ilə X1 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2148/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 2008-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2010-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi fərdi hesabına daxil edilərək hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə - iddiaçının 2008-ci ilin iyul ayı üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi fərdi hesabına daxil edilərək hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-300/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2148/2023 nömrəli qərarı ləğv edilmiş və inzibati işin yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
6. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd edərək, həmin orqanın üzərinə xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək adına ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalarını təsdiq edən mədaxil və bank qəbzləri arasında əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
8. Tərəflər məhkəmə iclasında iştirak etmişlər.
9. Cavabdehin nümayəndəsi X3 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-69689/2025 nömrəli vəsatətini təqdim edərək, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
10. Vəsatət onunla əsaslandırılmışdır ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. İddiaçı iclas zamanı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
Əsaslandırma hissəsi:
12. Məhkəmə cavabdehin vəsatətini və ona əlavə edilmiş X6 Sistemindən çıxarışı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, iddiaçının tələbi pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
14. Cavabdeh Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-69689/2025 nömrəli vəsatətinə əlavə edilmiş X6 Sistemindən çıxarışdan və xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq 336.58 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilmişdir.
15. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
16. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək adına ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalarını təsdiq edən mədaxil və bank qəbzləri arasında əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva