Məhkəmə qərarları › İş №2-1(114)-63/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-63/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-63/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X7 vəkili X3, üçüncü şəxs X9 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X17) torpaq sahəsinin yerinə və koordinatlarına uyğun yeni çıxarış və plan və ölçü sənədinin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 17.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 23.04.2008-ci il tarixli, **********93 reyestr nömrəli, Seriya MN-0015619 nömrəli çıxarışın və həmin tarixli və reyestr nömrəli AA 001866 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi əsasında yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “01.08.2008-ci il tarixli, AN-10131397 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,08 ha torpaq sahəsinin yerinə və kordinatlarına uyğun yeni çıxarış və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları ilə rəsmi sənəddə olan koordinatlar üst-üstə düşmür. Belə ki, Elşad Məmmədov adlı şəxsin mülkiyyətində olmuş 1.25 ha torpaq sahəsinin 0.08 ha hissəsini mərhum əri X10 01.02.2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və həmin sahədə tikililər inşa etmişdir. Cavabdeh orqan 2009cu il tarixli arayışında torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyəti ilə eyni olduğunu bildirsə də sonradan məlum olmuşdur ki, koortinatların bir hissəsi başqa şəxsə məxsus sahə ilə üst-üstə düşür. Qeyd olunan vəziyyətin aradan qaldırılması məqsədilə hüquqi və texniki sənədlərə düzəliş edilməsi, həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının vəkili X11 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının ərinin alqı-satqı yolu ilə əldə etdiyi sahə ilkin mülkiyyətçi Elşad Məmmədovun özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahədir. Hal-hazırada da iddiaçı həmin çıxıntılı sahədən istifadə edir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçı texniki qüsur səbəbindən faktiki olaraq xəritə üzrə verilmiş koordinatlardan kənara çıxmışdır, lakin bu qüsuru aradan qaldırmaq mümkündür. Üçüncü şəxsin vəkili Vəkil2 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının əri tərəfindən alınmış sahənin koordinatları bəlli deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 01.02.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X18 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanda yerləşən 1.25 ha torpaq sahəsinin 0.08 ha hissəsini X6, qalan 1.17 ha torpaq sahəsini və üzərində olan yarımçıq tikilini X1. -surəti işə əlavə edilmiş X12 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin plan sxemindən görünür ki, sahənin çıxıntılı hissəsi “25m x 32m” ölçülərdə olmaqla həcmi 0.08 ha-dır. -surəti işə əlavə edilmiş 23.04.2008-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanda 0.08 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, Yusif Adıgözəl oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ünvanda yerləşən 0.08 ha torpaq sahəsinə miras açılmış, vərəsə kimi X15 müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin 10 nömrəli 15.01.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, -X4 adına işlənmiş 23.04.2008-ci il tarixli, AA 001866 nömrəli “Torpaq sahəsinin plan və ölçüsu” sənədi üzrə 0.08 ha sahənin koordinatları ilə X12 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahənin koordinatları üst-üstə düşmür. Belə ki, X4 adına işlənmiş 23.04.2008-ci il tarixli, AA 001866 nömrəli “Torpaq sahəsinin plan və ölçüsu” sənədi üzrə 0.08 ha sahəsi X12 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahədən cənub-şərq istiqamətində 219.0 metr uzaqlıqda yerləşir. -X7 faktiki istifadəsində olan 756 kv.m torpaq sahəsinin 665.0 kv.m hissəsi X12 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahənin 665.0 kv.m hissəsi ilə üst-üstə düşür. -X13 məxsus tikilinin (çörək sexi) yerləşdiyi 60.0 kv.m torpaq sahəsinin 55.0 kv.m hissəsi həmin çıxıntı şəkilli sahənin sərhədləri daxilində yerləşir. -Sözügedən çıxıntı şəkilli sahənin hansısa hissəsində X9 və yaxud hər-hansı şəxsin adına hüquq və texniki sənəd qeydə alınmamışdır. Cavabdeh qurumun imtina aktının məzmundan görünür ki, 0.08 ha sahənin 0,0060 ha hissəsinin digər vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi və mübahisə olması əsası ilə iddiaçının müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, alqısatqı zamanı bölgü planı təqdim edilmədiyindən X4 aldığı sahənin koordinatları bəlli deyil. Buna baxmayaraq iddiaçı mərhum əri Y.X14 mülkiyyətində olmuş 1.25 ha sahənin 25m x 32m ölçülərdə olan çıxıntı şəkilli hissəsini aldığını iddia edir və bu halı iş üzrə cavabdeh və üçüncü şəxs inkar etmir. Həmçinin alqı-satqı müqaviləsindən də görünür ki, E.Məmmədovun mülkiyyətində olmuş sahənin 0.08 ha hissəsini 25m x 32m ölçülərdə Y.Qurbanov almışdır. E.Məmmədovun mülkiyyətində olmuş sahənin çıxıntılı hissəsinin 0.08 ha olması və iddiaçının da hazırda faktiki olaraq həmin hissədən istifadə etməsi Y.Qurbanovun məhz həmin hissəni alması barədə iddiaçının dəlillərini əsaslı hesab etməyə imkan verir. Digər tərəfdən mütəxəssis rəyindən də görünür ki, həmin sahə hərhansı subyektin adına qeydə alınmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 01.08.2008-ci il tarixli, AN-10131397 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 0,08 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun, yəni ilkin mülkiyyətçi X12 özəlləşdirdiyi yarımçıq tikilinin torpaq sahəsinin “plan sxemi”ndəki “25m x 32m” ölçülərlə qeyd edilmiş çıxıntı şəkilli sahəyə uyğunlaşdırmaqla yeni plan və ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar