Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-634/2021 18.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) X5, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı1 cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı xx.xx.2014-cü il tarixli 470 nömrəli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının əvəz edən Bəhruz Hümbətov tərəfindən X4 (bundan sonra mətndə üçüncü şəxs) adına verilmiş xx.xx.2014-cü il tarixli 470 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X6 ona mülkiyyət hüququ verən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1644 nömrəli sərəncamının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi (iş 2-1(114)-2122/2020 nömrəli) məhkəmənin icraatına götürülmüşdür. O, mülkiyyət hüququ əldə etmək üçün cavabdeh tərəfindən verilmiş sərəncamı, üçüncü şəxsə mülkiyyət hüququ verən sərəncamdan 3 ay əvvəl almışdır. Onun qonşuluğunda olan 5 kv.m sahəyə cavabdehin xx.xx.2014-cü il tarixli 470 nömrəli sərəncamı ilə üçüncü şəxsə mülkiyyət hüququ verilmiş, həmin mülkiyyəti üçüncü şəxs Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-589 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 bağışlamış və ona xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş və ona verilmiş mülkiyyət hüququ üçüncü şəxsin heç bir hüquqi və iqtisadi marağına toxunmur. Ona görə də üçüncü şəxsin iddiasına qarşı o, da Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı vəzifəsini əvəz edən Bəhruz Hümbətov tərəfindən X4 adına verilmiş xx.xx.2014-cü il tarixli 470 nömrəli sərəncamın etibarsız sayılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək sözügedən sərəncamın onların heç bir marağına toxunmadığını bildirsələr də, lakin iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddianı qəbul etməyərək mümkün sayılmamasını xahiş etdi. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində, habelə məhkəmə iclasında göstərmişdir ki, üçüncü şəxs X1 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona münasibətdə xx.xx.2013-cü il tarixli 1644 nömrəli sərəncamın etibarsız hesab edilməsini xahiş etdiyi üçün o, da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsə münasibətdə sərəncamın ləğv edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi iddiaçının tələbi onun subyektiv fikridir. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığından, beləliklə də hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı1 cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X6) qarşı xx.xx.2014-cü il tarixli 470 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-634/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-634/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver