Məhkəmə qərarları › İş №2-1(114)-634/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-634/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-634/2025 04.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X8 Xidməti Kombinatında sürücü, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə Elektrik şəbəkəsində sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə Elektrik şəbəkəsində çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bərdə Elektrik şəbəkəsində sürücü, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yevlax Avtobazasında sürücü, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində bağban, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixli ИT-İ N ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay 8 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, xx.xx.1977-ci il tarixli ИТ-l N ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərinə aid olan əmək haqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək haqqı cədvəllərində əmək haqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

5. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilir ki, İddiaçı xx.xx.1986-xx.xx.1996-cı illərdə Bərdə rayon Mədəniyyət şöbəsində işləmə faktı yoxlanarkən müəyyən edilmişdir ki, Bərdə rayon Mədəniyyət şöbəsinin xx.xx.1986-cı il tarixli 158 nömrəli əmrinə əsasən İddiaçı 3 nömrəli avtokluba sürücü təyin edilmiş, şöbənin xx.xx.1996-cı il tarixli 21 nömrəli əmrinə əsasən isə tutduğu vəzifədən azad edilmişdir. Bərdə Mədəniyyət şöbəsinin 1993, 1994, 1995, 1996-cı illərin əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinmişdir. 1986-1992-ci illərə aid əmək haqqı cədvəlləri qorunub saxlanmadığı üçün həmin illər üzrə əmək haqqını yoxlamaq mümkün olmamışdır.

6. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilir ki, İddiaçı xx.xx.1996-xx.xx.1998-ci illərdə Bərdə rayon Mədəniyyət şöbəsində işləmə faktı yoxlanarkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixli 03 nömrəli əmrə əsasən Mədəniyyət evinə bağban təyin edilib. xx.xx.1998-ci il tarixli 04 nömrəli əmrə əsasən işdən azad edilib. 1996-cı ilin aprel ayından 1998-ci ilin dekabr ayının sonunadək əmək haqqı aşkar edilmədi.

7. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 44 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 47 saylı fondda mühafizə edilən Bərdə rayon Mədəniyyət şöbəsi şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarını rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verməyib.

8. Məhkəmənin sorğusuna X2 İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin xx.xx.2024-cü il tarixli 39 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Bərdə rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.1986-cı il tarixli 158 nömrəli əmrə əsasən 3 nömrəli avtokluba sürücü təyin edilib. Bərdə rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.1996-cı il tarixli 21 nömrəli əmrə əsasən isə tutduğu vəzifədən azad edilib. Bərdə rayon Mədəniyyət evi üzrə xx.xx.1996-cı il tarixli 03 nömrəli əmrə əsasən Mədəniyyət evinə bağban təyin edilib. Bərdə rayon Mədəniyyət evi üzrə xx.xx.1998-ci il tarixli 04 nömrəli əmrə əsasən işdən azad edilib. Bildirmək istəyirlər ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il və xx.xx.1996cı il tarixdən xx.xx.1998-ci il tarixədək İddiaçı aid əmək haqqı ödənilməsi haqqında heç bir sənəd aşkar edilməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işlədiyi illərin və eyni zamanda ИT-İ № ******* saylı əmək kitabçasında qeyd olunan bütün illərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün Bərdə Regional "Asan Xidmət" mərkəzinə ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında təqdim etdiyi sənədlərə baxılaraq ona xx.xx.1977-ci il tarixli ИT-l N ******* saylı əmək kitabçası və hərbi biletinin surətinə əsasən (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay 8 gün sosial sığorta stajı hesablayaraq, xx.xx.1986-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Bərdə rayon Mədəniyyət şöbəsindəki və xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdəki sosial sığorta stajını nəzərə almayaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il iş stajı olmadığını bildirərək pensiya təyin edilməsindən imtina edilmiş və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sosial sığorta stajı düzgün hesablanmamışdır. Belə ki, onun Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.1986-cı il tarixinədək nəzərə alınan 15 il 10 ay 8 gün sosial sığorta stajından əlavə olaraq, xx.xx.1986-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Bərdə rayon Mədəniyyət şöbəsində işlədiyi 11 il 11 ay 22 gün və xx.xx.2020-ci il tarixində xx.xx.2022-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdəki 1 il 11 ay 23 gün sosial sığorta stajı nəžərə alınmamışdır. Qeyd edilən dövrlərdə onun 25 il 1 ay 13 gün sosial sığorta stajı vardır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1986cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. İddiaçının təqdim etdiyi xx.xx.1977-ci il tarixli ИТ-l № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay 8 gün təşkil edir. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

24. Cavabdehin iddiaya qarşı etiraza əlavəsi məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya" altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2020ci il tarixdən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı (1 il 11 ay) nəzərə alınmaqla ümumi 16 il 3 ay 8 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən siğortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

25. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 44 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması, Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərinə aid olan əmək haqqı cədvəlləri qorunub saxlanılmaması və həmin müəssisənin xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə məlumatın aşkar edilməməsi səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

29. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

30. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

34. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

37. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

38. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

39. Belə ki, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X8 Xidməti Kombinatında sürücü, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə Elektrik şəbəkəsində sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bərdə Elektrik şəbəkəsində çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bərdə Elektrik şəbəkəsində sürücü, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yevlax Avtobazasında sürücü, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində bağban, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləmişdir.

40. Həmin əmək fəaliyyəti dövrlərindən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2020-ci il tarixdən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı (1 il 11 ay), habelə xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü mübahisə olunmadan qəbul edilmişdir. Həmin dövrlər cəmi 16 il 3 ay 8 gün təşkil etmişdir.

41. Cavabdeh orqan tərəfindən mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi əmək fəaliyyəti dövrüdür.

42. Cavabdehin həmin dövrləri qəbul etməməsinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmamışdır və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumat aşkar edilməmişdir.

43. Məhkəmə həmin dəlilləri ona görə əsaslı hesab etmir ki, əvvəla, həm SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə, həm də 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

44. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır.

45. Cavabdeh tərəfindən isə iddiaçının həmin əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsaslar təqdim edilməmiş, habelə mötəbərsizliklə bağlı hər hansı hala istinad edilməmişdir.

46. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.

8. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

9. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

10. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.

11. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur.

12. Göründüyü kimi, iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, yəni həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

14. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

15. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.

16. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.

17. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

49. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını (16 il 3 ay 8 gün mübahisələndirilməyən iş stajı, 8 il 9 ay 12 gün mübahisələndirilən iş stajı daxil olmaqla, ümumilikdə 25 il 20 gün) toplamışdır.

50. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar