Məhkəmə qərarları › İş №2-1(114)-636/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-636/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-636/2021 20.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 316 nömrəli əmrinin ləğv edilərək işə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə gizir kimi hərbi hissəyə işə qəbul olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 316 nömrəli əmrinə əsasən işdən çıxarılmışdır. İşdən çıxmasına səbəb kimi isə guya iddiaçının xx.xx.2016-cı il tarixdə hərbi hissənin rabitə parkı ərazisindən dəmir oğurlaması olmuşdur. İddiaçının barəsində Qazax rayon Hərbi prokurorluğu və Müdafiə Nazirliyinin 8-ci təhqiqat bölməsi tərəfindən araşdırılma aparılmış, Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun xx.xx.2016-cı il tarixdə hərbi hissənin rabitə parkı ərazisindən dəmir oğurlamağa cəhd etməsi faktında göstərilən xüsusatlar öz əksini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı hesab edir ki, bu fakt onun işdən qanunsuz olaraq çıxarılmasını təsdiq edir və onun işə bərpa edilməsi üçün əsasdır. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən əmrlə bağlı 2017-ci ildə Qazax Rayon Məhkəməsinə müraciət etsə də, ərizəsinə baxılmamışdır, Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olduğunu isə bilməmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri Komandanının 046gm nömrəli xx.xx.2016-cı il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində qanunvericiliklə üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət etməmişdir. Bu səbəbdən də iddiaçının xidmətdən ehtiyyata buraxılması qanuni olmuşdur. Həmçinin iddiaçı ehtiyata buraxıldığı tarixdən məhkəməyə müraciət etdiyi tarixədək 4 (dörd) il müddət keçmişdir, bu səbəbdən də qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə iddia mümkünsüz sayılmalıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2016-cı il tarixli, 316 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmış, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Qazax rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar