Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-636/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı avtomobilin çıxdaş edilməklə adından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı avtomobilin çıxdaş edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə müraciət etmiş və həmin idarənin xx.xx.2023-cü il tarixli 3-13- 16-3/2-B-63xx/xx/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Moskviç-412” markalı 20BK119 dövlət qeydiyyat nişanlı avtomobilin çıxdaş edilməsi üçün “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin İX bəndinə əsasən avtomobilə məxsus dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi təqdim edildikdən sonra müraciətinə təkrar baxılacaqdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-57-5/2-B- 261xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, etibarnaməsinin müddəti bitmiş və qanunsuz idarə olunan “İJ 2715” markalı 20BK119 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasını təmin etmək məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə rəsmi məktub göndərilmiş, lakin həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır. Gələcəkdə bu sahədə müsbət nəticə əldə olunacağı halda, ona əlavə məlumat veriləcəkdir.
3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-162693/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, DİN Baş X9 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer-uçot bazasının məlumatlarına əsasən “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən İddiaçı adında qeydiyyatdadır. Eyni zamanda, “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.
4. Həmin məktuba əlavə edilmiş komputer-uçot bazasından çıxarışla müəyyən olunur ki, “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır (Şəhadətnamə AB879512). Həmin avtomobilə xx.xx.2014-cü il tarixdə X4 adına 1 müddətinə, xx.xx.2016-cı il tarixdə isə X5 adına 1 müddətinə etibarnamə verilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Moskviç-412” markalı 20BK119 dövlət nömrə nişanlı avtomaşın üzərində onun mülkiyyət hüququna xitam verilməsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, uzun illər bundan əvvəl onun mülkiyyətində “Moskviç-412” markalı 20BK119 dövlət nömrə nişanlı avtomaşın olmuşdur. Təxminən 10 il bundan əvvəl o, avtomaşını ünvan 2 ünvanda yaşayan X1. Həmin vaxtdan sonra onun avtomaşınla olan bütün əlaqəsi kəsilmişdir. Sonradan bildiyinə görə, Ö.Səfərov avtomaşını avadanlıq kimi satmışdır və uzun illərdir ki, artıq avtomaşın mövcud deyil. Gəncə şəhər Baş Polis İdarəsinin X10 şöbəsinin verdiyi arayışda qeyd edilən avtomobilin xətdə müəyyən edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Hazırda onun mülkiyyətində əmlakın olması səbəbindən bir çox hüquqlarından mərhum olur. O, qeyd edilən məhv olmuş və ümumiyyətlə, 10 ildir ki, onun istifadəsində, sahibliyində və sərəncamında olmayan avtomaşınla bağlı onun mülkiyyət hüququna xitam verilməsinə dair cavabdeh orqana müraciət etdikdə, ondan dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsini tələb edirlər.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Moskviç-412” markalı 20BK119 dövlət nişanlı avtomobilin çıxdaş edilməklə onun adından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
17. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, özünə məxsus olan “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2016-cı il tarixdə X3, lakin aralarında alğı-satqı müqaviləsi bağlanmamış, onun tərəfindən sonuncuya 1 müddətinə etibarnamə verilmişdir. Həmin etibarnamənin vaxtı artıq bitmiş, o, yeni etibarnamə verməmişdir. O, həmin avtomobili adından çıxarmaq üçün avtomobil satdığı şəxsi tapmış və sonuncu ona bildirmişdir ki, avtomaşını “Metallom”a vermiş, avtomaşının qeydiyyat nişanı və sənədlərini də üstündə vermişdir.
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-B-63xx/xx/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-57-5/2-B-261xx/xx/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-162693/2023 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydə alınmış, sonuncu həmin avtomobilə dair xx.xx.2014-cü il tarixdə X4 adına 1 müddətinə, xx.xx.2016-cı il tarixdə isə X5 adına 1 müddətinə etibarnamə vermişdir.
24. İddiaçı “İJ 2715 YÜK” markalı 20BK119 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əslində xx.xx.2016-cı il tarixdə X2, sonuncunun da avtomobili metal kimi satdığını və avtomaşının qeydiyyat nişanı və sənədlərini də üstündə verdiyini iddia edərək, həmin nəqliyyat vasitəsinin onun adından çıxdaş edilməsini tələb etsə də, cavabdeh inzibati orqan uçotdan çıxarılması tələb olunan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina etmişdir.
25. Məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını qanuni və əsaslı sayır.
26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. İX. Bu maddənin İİ və İİİ hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə görə: Bənd 5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda: 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. Bənd 5.1-1. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlara müraciət edilir. Bənd 5.2. ... Nəqliyyat vasitələri çıxdaş edilməklə əlaqədar uçotdan çıxarıldıqda qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qeydiyyat məntəqəsinə təhvil verilir... Bənd 5.4. Nəqliyyat vasitələrinin avtotexxidmət müəssisəsinin qəbul məntəqəsinə verilməsi üçün uçotdan çıxarılması mövcud qaydada yerinə yetirilir. Bu halda dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqana təhvil verilir, mülkiyyətçiyə isə həmin orqan tərəfindən müvafiq formada arayış verilir.
28. Göründüyü kimi, iddiaçı hazırda sərəncamvermə hüququ ilə etibarnaməli idarəçiliyə verdiyi (əslində satdığı) avtonəqliyyat vasitəsi metal olaraq satıldığı üçün çıxdaş edilməklə onun adından çıxarılmasını xahiş edir ki, qanunverici bu halda onun tələbinin təminini qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının qeydiyyat məntəqəsinə təhvil verilməsi ilə şərtləndirmiş, iddiaçı isə həmin şərti yerinə yetirməmişdir.
29. Odur ki, cavabdeh orqanın həmin nəqliyyat vasitəsini çıxdaş etməklə iddiaçının adından qeydiyyatdan çıxarmasından imtinası əsaslı olmuşdur.
30. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddia təmin edilməməlidir.
31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva