Məhkəmə qərarları › İş №2-1(114)-637/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-637/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-637/2022 10.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 18 saylı Reginal Ərazi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 28.03.1984-cü il ildə doğulmuş oğlu X3 1993-cü ildən 2002-ci ilədək qulluq etdiyi dövrün əmək stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 09.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli iclas protokolunun qəradadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı 10.05.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrün əmək stajına daxil edilməklə hüququnun yarandığı 27.10.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qəradadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə X8 Şəxsin 18 saylı regional ərazi fililalına müraciət edərək, “X5” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə və həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq yaş həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 05.01.2022-ci il tarixdə tarixdə ona rəsmi qaydada cavab verərək, ümumi əmək stajının hesablanarkən sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla 23 il 13 gün əmək stajının olmasını müəyyən etdiyini və bunun da tələb olunan 25 il əmək stajından az olmasını qeyd edərək yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi müvafiq sənədlərlə təsdiq olunur ki, 28.03.1984-cü ildə anadan olmuş oğlu X3 anadangəlmə qüsurlu olduğundan 1993-ci ildən 2002-ci ilədək qulluq etmişdir. Məhz buna görə də ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina əsaslı ola bilməz və həmin illər onun əmək stajına daxil edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. 05.01.2022-ci il tarixli tarixli, **********8 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, X5 Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən sağlamlıq imkanları məhdud uşağa qulluqla əlaqədar olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunamüvafiq olaraq araşdırılmışdır. Ümumi əmək stajı hesablanarkən sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla 23 il 13 gün əmək stajı müəyyən edilmişdir. Qanunun 7-ci maddəsinə uyğun şərtlər olmadığından X5 qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Cavabdeh 20.04.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubunda bildirmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı 08.09.2015-ci il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı İİ dərəcə əlillikdən yaşa görə əmək pensiyasına keçməsi barədə 06.10.2021-ct il tarixində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. 05.01.2022-ci il tarixli cavab məktubu ilə yaşa görə əmək pensiyasının tayın olunmasından imtina olunmuşdur. “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası huququ vardır. Hal-hazırda sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiya yaşı 2020-ci ilin 1 iyul tarixindən başlayaraq 2021 -cı ılın 1 iyul tarıxinədək 57 yaş müəyyən edilmişdir. Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. “X5” Qanununun 8.2-ci madəsinə müvafiq olaraq 21.03.2019-cu il tarixində yaranmışdır. İddiaçıya 08.09.2015-ci il tarixdə ll qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 27.10.2021-ci il tarixində əlillik müddətinin bitməsi səbəbilə dayandırılmışdır. İkinci əsasla bağlı isə qeyd olunur ki, iddiaçının cəmi 22 il 11 ay 11 gün sığorta stajı vardır. Bu isə tələb olunan 25 ildən azdır. İddiaçının 23.10.1976-cı il tarixdən 01.01.1992-ci il tarixədək 15 il 02 ay 9 gün , 01.01.1992-ci il tarixdən 01.10.1995-ci il tarixədək “Salahlı” kolxozunda işləməsi ilə bağlı 3 il 09 ay, ümumilikdə 18 il 11 ay 09 gün əmək stajının olduğu müəyyən edilmişdir. 16 yaşınadək uşağın TSEK müayinə kartından çıxarışlara əsasən isə sığorta haqqı ödənilməyən sağlamlıq imkanları məhdud uşağa qulluq dövrü 04 il 02 gün olaraq hesablanmışdır. İddiaçının cəmi stajı 22 il 11 ay 11 gün olduğu üçün ona X5 Qanunun 8.2ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 05.01.2022-ci il tarixli tarixli, **********8 nömrəli imtina məktubu, iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi, X-JR 457741 nömrəli doğum haqqında şəhadətnamə, Tibbi-Sosial Ekspertiza Mərkəzinin 10.12.1997-ci il tarixli müayinə aktı, 440584 nömrəli arayış, Samux Rayon Məhkəməsinin 2(058)-1584/2015 nömrəli Qətnaməsi, Xidməti Məktub, 20.04.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşdə olan materiallar arasında yer alan AA0033636 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 28.03.1984-cü il tarixdə doğulmuşdur, 2002-ci ilin mart ayında 18 yaşı tamam olmuşdur. İşdə olan materiallar arasında yer alan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İşdə olan materiallar arasında yer alan Tibbi-Sosial Ekspertiza Mərkəzinin 10.12.1997-ci il tarixli müayinə aktından görünür ki, X1 xəstəlik diaqnozu mövcud xəstəliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş 16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ verən tibbi xəstəliklərin əsas meyarlarının 2.1-ci bəndinin 2.2-ci yarımbəndinə uyğun olduğu üçün 01.12.1999-cu ilə kimi əlil sayılır. İşdə olan materiallar arasında yer alan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 440584 nömrəli Arayışından görünür ki, X1 əlillik müddəti uşaqlıqdan əlil səbəbi ilə lll qrup əlil kimi 01.02.2003-cü il tarixədək müəyyən edilmişdir. İşdə olan materiallar arasında yer alan, Samux Rayon Məhkəməsinin 2(058)- 1584/2015 nömrəli Qətnaməsindən görünür ki, 21.03.1963-cü idə anadan olmuş Kazımova (Əsədova) Əmanət Fərhad qızının 23.10.1976-cı il tarixdən 1992-ci il tarixə kimi “Eldar” üzümçülük sovxozunda fəhlə və 1992-ci il tarixdən oktyabr 1995-ci il tarixə kimi “Salahlı” kolxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. İddiaçının 23.10.1976-cı il tarixdən 01.01.1992-ci il tarixədək “Eldar” üzümçülük sovxozunda 15 il 02 ay 9 gün, 01.01.1992-ci il tarixdən 01.10.1995-ci il tarixədək “Salahlı” kolxozunda işləməsi ilə bağlı 3 il 09 ay, ümumilikdə 18 il 11 ay 09 gün əmək stajının olduğu müəyyən edilmişdir. 16 yaşınadək uşağın TSEK müayinə kartından çıxarışlara əsasən isə sığorta haqqı ödənilməyən SİM uşağa qulluq dövrü 04 il 02 gün olaraq hesablanmışdır. İddiaçının cəmi 22 il 11 ay 11 gün sığorta stajının olması işin mübahisələndirilməyən halıdır (bax cavabdehin 20.04.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubu). Cavabdehin imtina məktubunda və etiraz məktubunda iddiaçının sığorta stajının fərqli göstərilməsi barədə məhkəmə dəqiqləşdirilmə tələb etmiş, cavabdeh tərəfindən 10.05.2022-ci il tarixdə təqdim edilən Xidməti Məktubda həmin müddətin 22 il 11 ay 11 gün olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının 22 il 11 ay 11 gün əmək stajını mübahisələndirmir. Həmin müddətə sığorta haqqı ödənilməyən sağlamlıq imkanları məhdud uşağa qulluq dövrü 04 il 02 gün də daxil edilmişdir. Lakin həmin qulluq müddətinə 01.01.2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 14-cü maddəsinə uyğun olaraq 16 yaşınadək əlil uşaqlara qulluq göstərməsi müddəti əsas götürülmüşdür. Lakin hazırda qüvədə olan X5 Qanununun 21.2.4-cü maddəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, X4 18 yaşına 2002-ci ilin mart ayının 28-i çatdığı, lakin cavabdeh yalnız 01.12.1999-cu il tarixədək ona qulluq illərini sığorta stajına daxil etdiyindən bu müddətin üzərinə hesablanmamış 2 il 3 ay müddət də iddiaçının sığorta stajına əlavə edilməlidir. Belə olan halda, iddiaçının tələb olunan 25 il sığorta stajı tamamlanır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun şərh olunmasına dair 28.01.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəllər mövcud olan münasibətlərə aid edilir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqlarn verilməsi və s. başa düşülür. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plemunumun yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyindən çıxış edərək bu nəticəyə gəlir ki, hazırki mübahisədə sağlamlıq imkanları məhdud uşağa qulluq yaşının son həddi 18 olduğundan (əvvəlki Qanunda 16 yaş) bu hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməli və bu səbəbdən də sözügedən X5 Qanunun 21.2.4-cü maddəsinin qüvvəsi geriyə şamil olunmalıdır. «X5» Azərbaycan Respublikası Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ..; Maddə 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; ... Qeyd olunan X5 Qanunun 7-ci maddəsinin tələbinə görə tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının 25 il sığorta stajı mövcuddur. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmiş olur. Bundan əlavə iddiaçıya 08.09.2015-ci il tarixdə ll qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 27.10.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçının yaşa görə pensiya hüququnun 21.03.2019-cu ildə (57 yaş) yaranmasına baxmayaraq ona yaşa görə əmək pensiyanın təyin edilməsi 27.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrün əmək stajına daxil edilməklə hüququnun yarandığı 27.10.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar