Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-638/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X4, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 12.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-704, Kod 61000048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onların adlarına və soyadlarına düzəliş edilməsi və yeni dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.01.1999-cu il tarixli 01 saylı qərarı ilə iddiaçılara ailə üzvləri ilə birlikdə 3.45 ha torpaq sahəsi verilmiş və onların adına JN-704, Kod 61000048 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Həmin dövlət aktında iddiaçıların adları və soyadları səhv yazılmışdır. Belə ki, dövlət aktında Yusifova (hazırda Çərkəzova) Nərgiz Maqsud qızının adı səhvən “Nəriz”, X1 isə səhvən “Yusifov” olaraq qeyd edilmişdir. Hazırda sözügedən dövlət aktda yalnışlıq olduğuna görə iddiaçılar həmin torpaq sahəsinə dair heç bir hərəkət edə bilmirlər. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması məqsədilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.01.1999-cu il tarixli 01 saylı qərarına əsasən İddiaçı1, İddiaçı2, X5 və X6 mülkiyyətinə 3.45 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş AA2003703 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 10.10.1993-cü il tarixdə anadan olmuşdur. -surəti işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. -surəti işə əlavə edilmiş 14.03.2012-ci il tarixli AZ-İ 722060 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X7 arasında nikah bağlanmış, arvada “Çərkəzova” soyadı verilmişdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 26.02.2022-ci il tarixli, **********05 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. -“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 06.04.2022-ci il tarixli **********570 nömrəli məktubuna surəti əlavə edilmiş Bərdə rayonu Lənbəran kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, iddiaçıların adları və soyadları siyahının 4013-4016-cı sırasında İddiaçı1, İddiaçı2, X7 və X3 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.01.1999-cu il tarixli 01 saylı qərarına əsasən İddiaçı1, İddiaçı2, X5 və X6 mülkiyyətinə 3.45 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçılar dövlət aktında adları qeyd olunan şəxslərin özləri olduğunu, lakin adlarının və soyadlarının yazılışında səhvə yol verildiyini bildirərək dövlət aktında müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında onların adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıların dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi maraqları Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.01.1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin (çıxarışın) əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə tələbin “dövlət aktında X6 adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, JN-704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, eləcə də “Bərdə rayonu Lənbəran kəndi üzrə mövcud olan pay torpaq sahəsinə dair subyektlərin siyahısı”nda Mənsur Maqsud oğlunun soyadı “Yusifov” kimi yazılmışdır. Odur ki, torpaq payı alacaq subyektlərin siyahısında adı qeyd olunan X6 hazırki iş üzrə iddiaçı X4 ilə eyni şəxs olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxsin iddia olunan şəxs olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə əsassız hesab edir. Tələbin “dövlət aktında X5 adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edilir ki, JN- 704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həmin şəxsin adı “Nəriz” kimi qeyd edilsə də, “Bərdə rayonu Lənbəran kəndi üzrə mövcud olan pay torpaq sahəsinə dair subyektlərin siyahısı”nda adı “Nərgiz” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənəddə onun adı düzgün qeyd olunsa da, dövlət aktında səhvə yol verilmişdir. Qeyd olunan hal dövlət aktlarını hazırlayan səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, məhkəmə tələbi həmin hissədə əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentlərini qismən əsassız hesab edir. Bundan əlavə, tələbin “yeni dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd olunur ki, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsinə dair yeni dövlət aktlarının verilməsi nəzərdə tutulmadığından, habelə yeni dövlət aktı nümunələri olmadığından məhkəmə tələbi həmin hissədə əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN-704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adına “Nərgiz” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. JN-704, Kod 61000048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adına “Nərgiz” kimi düzəliş edilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-638/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-638/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver