Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-638/2025 16.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X3 mərhum X1na ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin şöbənin xx.xx.2024-cü il tarixli 39 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Cavabdehndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat
2. İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu ildə anadan olmuş X5 29 dekabr 2023-cü ildə ölməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 06 aprel 2010-cu ildə oğlum X9 ilə X7 birgə nikahlarından anadan olmuşdur. Oğlu ilə gəlini faktiki olaraq ayrılmış nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaq atasının yanında saxlanılmışdır. X1 uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və onu atası dəfələrlə Türkiyə Respublikasında müalicə etdirmişdi. Nəvəsi 29 dekabr 2023-cü ildə Türkiyə Respublikasında vəfat etmişdir. Nəvəsini Tovuz rayonu Əyyublu kəndində 31 dekabr 2023- cü ildə dəfn etmişlər. Nəvəsinin ölümündən 52 gün sonra atası X9 da vəfat etmişdir. Uşağın ölümü ilə bağlı sənədi maraqlı şəxsə təqdim etsə də nəvəsi barədə ölüm kağızı verilməsindən imtina edilmişdir. Uşağın anası başqa yerdə yaşayr. Nəvəsi anasından ayrılan gündən ölən günə kimi onun himayəsində olmuşdur. Vilayətin anası da ruhi xəstədr . Bu səbəbdən də iddianı o qaldırası olmuşdur. Uşağın ölümünün qeydə alınması barədə müvafiq sənədi ərizəsinə əlavə etmişdir. Hesab edir ki, Türkiyə Respublikasından verilən sənəd nəvəsi barədə ölüm kağızının verilməsinə əsasdır. İnzibatı orqan ölüm kağızını verməmələ qanunsuzluğa yol verir. Ölüm kağızı verilmədiyindən dövlətin verdiyi dəfn xərclərini və vərəsəliklə bağlı sənədləri həll edə bilmir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
6. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, ölüm haqqında şəhadətnamənin verilməsi üçün ilk növbədə qeydiyyat şöbəsi tərəfindən ölüm akt qeydi tərtib edildiyi, ona müvafiq olaraq ölüm haqqında şəhadətnamənin verilməsinin təmin edildiyi bildirilmiş, odur ki, hüquqi marağına və qanunun tələblərinə müvafiq olaraq “xx.xx.2010-cu il təvəllüdlü X4 ölümü haqqında akt qeydinin tərtib edilərək, ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd etməklə, yeni iddia ərizəsinin verilməsi təklif edilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
10. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tələbində mərhum nıəvəsinə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə bununla bağlı iddiaçının nəzərinə çatdırır ki, ölüm haqqında şəhadətnamənin verilməsi üçün ilk növbədə qeydiyyat şöbəsi tərəfindən ölüm akt qeydi tərtib edilir, ona müvafiq olaraq ölüm haqqında şəhadətnamənin verilməsi təmin edilir.
12. Odur ki, hüquqi marağına və qanunun tələblərinə müvafiq olaraq iddia tələbi “xx.xx.2010-cu il təvəllüdlü X4 ölümü haqqında akt qeydinin tərtib edilərək, ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd edilməli idi.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş və bunun üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
14. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva