Məhkəmə qərarları › İş №2-1(114)-639/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-639/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-639/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinə qarşı onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008-ci illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008-ci illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə pensiya almaq hüququ yarandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 07.01.2019-cu il tarixdə ona elektron qaydada 164.16 manat pensiya təyin edilmişdir. Hal-hazırda artımla birlikdə 259.78 manat pensiya alır. Ona pensiya təyin edilərkən Azərbaycan Müəllimlər X2 Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008-ci ilər sosial sığorta stajına hesablanmamışdır. Hansı ki, həmin illərdə o, həqiqətən də işləmiş və hər ay əmək haqqı almışdır. Yalnız son vaxtlar ona məlum olmuşdur ki, 2007-2008-ci illər üzrə stajı pensiya hesablanarkən sosial sığorta stajına hesablanmamış, pensiyasında nəzərə alınmamışdır. Hansı ki, bundan sonra pensiya artımları sosial sığorta hissəsi qaldırılır. Bu isə onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Əmək kitabçasını, eləcə də iş stajı ilə bağlı digər sənədlərini toplayıb, sənədlərinə əlavə edərək, yuxarıda qeyd etdiyi həmin illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə ona təyin edilmiş pensiyaya dəyişiklik edilərək 2007-2008-ci illərdə işlədiyi əmək stajının da, sosial sığorta stajına əlavə edilməklə pensiyasının artırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına ərizə ilə müraciət etsə də, cavabdeh orqan ona 15.01.2021-ci il tarixli **********2 saylı imtina məktubu göndərərək bildrilmişdir ki, 12.02.2019-cu il tarixdə təqdim edilmiş sənədləri araşdırılmış, araşdırılma zamanı məlum olmuşdur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən yaşa görə 07.01.2019-cu il tarixdə elektron qaydada 164.16 manat pensiya təyin edilmişdir. İddiaçının təqdim etdiyi 12.02.2019-cu il tarixli, əlavə sənədlər əsasında 01.01.2006-cı ilə 26 il 07 ay 24 gün sosial sığorta stajı olmaqla, 01.01.2006-cı ildən sonrakı dövrə 5576.22 manat pensiya alt proqramında olan məlumat əsasında yenidən haq-hesab edilərək, 170.98 manat olmuşdur. “Əmək pensiyaları haqqında qanuna” əsasən 01.10.2019-cu ildə 200.0 manat 01.01.2020-ci il tarixə 233.20 manat 01.01.2021-ci ildən 259.78 manat çatdırılmışdır. Pensiya alt proqramında olan məlumata əsasən 2007-2008-ci illərdə PSK haqqında məlumat öz əksini tapmadığına görə nəzərə alınmamışdır. Onun Azərbaycan Müəllimlər X2 Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008ci illər əmək kitabçasında qeyd olunsa da, cavabdeh orqan həmin illəri sosial sığorta stajına hesablamamış və qanunsuz olaraq imtina etmişdir. Cavadehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 04 may 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 15.01.2021-ci il tarixli, **********2 nömrəli bildirişin əsli; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Gəncə şəhər Təhsil İdarəsinin 02.04.2021-ci il tarixli, 32(01)-01-127/12 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış X6 filialının 31.03.2021-ci il tarixli, 310(97)/3 nömrəli cavab məktubu; - İddiaçı məxsus siğorta olma hesabı; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin - 16.04.2021-ci il tarixli, 05-04/202 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinin İddiaçı üvanladığı 15.01.2021-ci il tarixli, **********2 nömrəli bildirişdə qeyd edilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən yaşa görə 07.01.2019-cu il tarixdə elektron qaydada 164.16 man pensiya təyin edilmişdir. İddiaçının təqdim etdiyi 12.02.2019-cu il tarixli, əlavə sənədlər əsasında 01.01.2006-cı ilə 26 il 7 ay 24 gün sosial sığorta stajını olmaqla, 01.01.2006-cı ildən sonrakı dövrə 5576.22 manat pensiya alt proqramında olan məlumat əsasında yenidən haq-hesab edilərək, 170.98 manat olmuşdur. “Əmək pensiyaları haqqında qanuna” əsasən 01.10.2019-cu ildə 200.0 manat, 01.01.2020-ci il tarixə 233.20 manat, 01.01.2021-ci ildən 259.78 manat çatdırılmışdır. Pensiya alt proqramında olan məlumata əsasən 2007-2008-ci illərdə PSK haqqında məlumat öz əksini tapmadığına görə nəzərə alınmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış Gəncə şəhər Təhsil İdarəsinin 02.04.2021-ci il tarixli, 32(01)-01-127/12 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərməmişdir. Bu səbəbdən X4 haqqında Gəncə Şəhər Təhsil İdarəsində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusu əsasında alınmış X6 filialının 31.03.2021-ci il tarixli, 310(97)/3 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Müəllimlər İnistutunun Gəncə filialının arxiv sənədləri X6 filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin 16.04.2021-ci il tarixli, 05-04/202 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı üzrə) mövcud arxiv materiallarına əsasən 30 avqust 2003-cü il tarixli 61-ş saylı əmrlə “Azərbaycan dili ədəbiyyat və onların tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin bu fərmanın icrası ilə bağlı Təhsil Nazirliyinin 16.09.2014-cü il tarixli, 1001 saylı əmrinə əsasən Gəncə filialının bağlanması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsiniin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq 22 sentyabr 2014-cü il tarixdən ləğv edilmişdir. Maliyyə sənədlərinin olmamasından pensiya sosial kartının hesablanıb-hesablanmaması barədə hər-hansı məlumatın verilməsi mümkün olmamışdır. "Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial siğortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 İl sığorta stajı olduqda (2017-ci it iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən, yəni 07.01.2019-cu it tarixdən ümumi sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Pensiya teyin olunarkən vətəndaşın əmək kitabçasında qeyd olunmuş 2007-2008-ci illər nəzərə alınmamışdır. Belə ki sığortaedən Azərbaycan Müəllimlər institutunun Gəncə filialı tərəfindən təqdim edilmiş 2007-2008-cı illər uzrə Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı adı sığorlaolunan kimi qeyd olunmamış və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə melumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbinin əsaslığını, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinə qarşı onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008-ci illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi İdarəsinə qarşı onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi işlədiyi 2007-2008-ci illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar