Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-64/2021 10.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı təhsil müddətinin, eləcə də qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Samux rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 2010-cu ildən 2017-ci il tarixədək X2 təhsil aldığı müddətin və DSMF-nin Samux rayon şöbəsinə 5 il müddətində ödədiyi sosial sığorta haqqının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlil olmaqla müavinət alır. Samux rayon X3 xx xxxxxx 1998-ci il tarixli 04 nömrəli qərarına əsasən Samux rayonundan ona və anasına 0.55 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinə görə sığorta pulu ödəmişdir. 2013-cü ildən xx xxxx 2017-ci il tarixədək DSMF-yə sosial sığorta haqqı kimi 3 manat 31 qəpik olmaqla 3 il müddətinə iddiaçı tərəfindən pul ödənilmişdir. Bundan sonra aldığı pensiyanın artırılması ilə bağlı ərizə ilə müraciət etmiş, müraciəti əsasında ona yazılı şəkildə bildirilmişdir ki, ödənilmiş pullara görə onun cəmi 04 il 27 gün sığorta stajı var, həmin staj isə əslində 5 il olmalıdır. Həmin fonddan bildirilmişdir ki, guya onun ödədiyi pulların qəbzləri yoxdur. Bundan əlavə xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixədək X2 təhsil almışdır. DSMF-nin Samux rayon şöbəsinə müraciət edərək həmin müddətlərin onun sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Samux rayon filialı onun hüquqi varisi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı “2010-2017-ci illərdə X2, 2014-2016-cı illərdə Gəncə şəhər 3 nömrəli Peşə məktəbində təhsil aldığı illərin və DSMF-nin Samux rayon şöbəsinə ödənilmiş sosial sığorta haqqının sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona ilk dəfə əlillik dərəcəsi 2013-cü ildə verilmişdir, əlilliyə görə 130 manat müavinət alır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletdə xidmətdə olduğu dövr 1 il 02 ay 22 gün, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək DSMF-yə ödədiyi sosial sığorta haqqı 39 manat 31 qəpik olmaqla 02 il 10 ay 05 gün sığorta stajı hesablanmış, ümumilikdə 04 il 27 gün sığorta stajı var. İddiaçı əlilliyə görə pensiya təyin olunması üçün minimum 9000 manat pensiya kapitalı tələb olunur. İddiaçının pensiya kapitalı pensiya alt sistemində çıxarışa əsasən 200,25 manat məbləğində qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajına malik deyil və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -24 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 nömrəli müayinə barədə məlumatından görünür ki, İddiaçı 2-ci dərəcə əlillik müəyyən edilmişdir -İddiaçı məxsus xx.xx.2017-ci il tarixli, 091663 nömrəli diplomun surətindən görünür ki, sonuncu xx.xx.2010-cu il tarixdə X4 daxil olmuş, xx.xx.2017-ci il tarixdə kolleci bitirmiş və ona “nəqliyyat istismar işçisi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. -İddiaçı məxsus xx.xx.2016-cı il tarixli, 082284 nömrəli diplomun surətindən görünür ki, sonuncu xx.xx.2014-cü il tarixdə Gəncə Peşə məktəbinə daxil olmuş, xx.xx.2016-cı il tarixdə peşə məktəbini bitirmiş və ona “tikiş avadanlıqlarının operatoru, tikişçi İV dərəcə” ilk peşə dərəcəsi verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-16xx xxx 50701006 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon X3 xx xxxxxx 1998-ci il tarixli 04 nömrəli qərarına əsasən X6 və İddiaçı 0.55 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən istifadə etdiyi torpaq sahəsinə görə DSMF-yə 2014-2017-ci illər üzrə sığorta haqqı ödənilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Samux rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığı üçün İddiaçı əlilliyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2. maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2010-2017-ci illərdə müvafiq olaraq kollecdə və peşə məktəbində təhsil almışdır. Qeyd olunanlar ona məxsus diplomlarla öz təsdiqini tapmışdır. Cavabdeh orqan qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddəti kimi nəzərdə tutulmadığını əsas gətirərək həmin müddətləri sosial sığorta stajı kimi nəzərə almamışdır. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2019-cu il tarixli, 1661-VQD nömrəli Qanunun 6-cı bəndinə görə Qanunun 21.2.5-ci maddəsindən “və ya təhsil aldığı” sözləri çıxarılmışdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2019-cu il tarixədək qüvvədə olan redaksiyasında təhsil müddəti də sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddəti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödəmişdir (iddiaçı iddiada 5 il ödədiyini bildirsə də 2014-2017-ci illər üzrə ödəniş edib). Qeyd olunanlar iş materiallarına əlavə edilmiş müvafiq ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iddiaçının qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddəti də onun sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə tələbin “əlilliyə görə pensiya təyin edilməsi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunmalıdır ki, Qanunun 12.1-ci maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: “Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.” Qanunvericiliyin qeyd olunan tələbindən də göründüyü kimi iddiaçıya əlillik dərəcəsi müəyyən olunduğu dövrdə əlilliyə görə pensiya təyin edilməsi üçün yalnız 5 il sığorta stajı tələb olunmuşdur. İddiaçının hərbi xidmətdə olduğu dövr üzrə 1 il 02 ay 22 gün sığorta stajı mövcuddur ki, bu işin mübahisəsiz halıdır. Həmçinin yuxarıda qeyd olunanlara əsasən iddiaçının təhsil müddəti və məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətlər sığorta stajı kimi nəzərə alındıqda tələb olunan sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Odur ki, iddiaçının 2010-2017-ci illərdə təhsil aldığı müddətin və 2014-2017-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətlərin sosial sığorta stajına hesablanması və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 2010-2017-ci illərdə təhsil aldığı müddətin və 2014-2017-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-64/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-64/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver