Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-64/2023 26.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X10 vəkili X3 və digər üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X19, X2, X20 və X12) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X10 adına verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarı ilə Şəmkir rayon Seyfəli ərazi vahidliyinin ərazisindən iddiyaçıya 0.54 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 10 sentyabr 2006cı il tarixdə isə həmin torpaq sahəsinə dair iddiaçının adına JN -701F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Eləcə də həmin vaxt üçüncü şəxs X13 da Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şəmkir rayon Seyfəli ərazi vahidliyinin ərazisindən 0.60 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Əvvəllər maneəsiz və mübahisəsiz şəkildə hər biri öz torpaq sahələrinən istifadə ediblər. Lakin sonradan üçüncü şəxs JN-701F KOD 50413005 saylı “Toprağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyətində olan 0.54 hektar həyətyanı torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə gələn piyada və avtomobil yolunu zəbt edərək, oranı məftil setka ilə çəpərə alıb gediş-gəliş yolunu və su arxının bağlamış, oraya zibil tökərək maneə yaratmağa başlamışdır. İddiaçı dəfələrlə ondan məftil setkanı sökülməsini, yolu və su arxını açmasını tələb etdikdə, o, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək, öz adına RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Üçüuncü şəxsin çıxarışdakı torpaq sahəsinin kordinatları ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki kordinatlar üst-üstə düşmür. Bələ ki, o, torpaq sahəsini iddiaçının darvazasına tərəf sürüşdürmüşdür. Bununla da Dövlət Yerqurluşu Layihə İnstitutunun lahiyyəsində göstərılən cizgilərdən kənara çıxılmışdır. Nəticədə darvazanın qarşısında maşınların rahat manevr etməsi üçün saxlanılmış boş ərazi onun torpaq sahəsinə qatılmışdır. İddiaçı üçüncü şəxsin adına verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, müraciət cavabdeh tərəfindən cavablandırılmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1223/2021 nömrəli qərardadı ilə X2, X20 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X4 və vəkili X16 əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X10 vəkili X5 və digər üçüncü şəxs X2 iddianı qəbul etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********36 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə JN-700 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.60 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Təqdim edilmiş JN-700F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Şəmkir rayonu İHB-nın Yuxarı Seyfəli kənd İƏV üzrə nümayəndəsi tərəfindən verilmiş 37 nömrəli, xx.xx.2018-ci il tarixli tikili barəsində arayışı əsasında X10, X1, X11, X7 və X6 qeyd edilən torpaq sahəsi üzərində hüquqları Azərbaycan Respublikası ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-701F KOD 50413005 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə 0.54 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-700F KOD 50413005 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə 0.60 ha torpaq sahəsi X14, X19, X2, X20 və X7 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.60 ha torpaq sahəsi üzərində X14, X19, X2, X20 və X7 mülkiyyət hüququdaşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. -surəti işə əlavə edilmiş 2V-152 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə ölmüş X6 vərəsəsi X15r, şəhadətnamə verilən miras əmlak xx.xx.2018-ci il tarixdə X9 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.60 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarətdir. -surəti işə əlavə edilmiş RX seriyalı (1239167 nömrəli) ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.60 ha torpaq sahəsi üzərində X19, X2, X20 və X7 mülkiyyət hüququdaşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. -işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Seyfəli kəndinin kompleks yerquruluşu xəritəsində elektron məlumat bazasının yerəuyğun şərti yerləşmə vəziyyətinə görə mülkiyyətə verilmiş 700F /60 ha saylı şəhadətnamə əsasında faktiki istifadə vəziyyətinə uyğun hazırlanmış RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın koordinatları ilə elektron məlumat bazasının yerəuyğun şərti yerləşmə vəziyyətinə görə mülkiyyətə verilmiş 701F /54 ha saylı şəhadətnamənin koordinatları üst-üstə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayon Seyfəli ərazi vahidliyinin ərazisindən iddiyaçıya 0.54 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair iddiaçının adına JN -701F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Eyni zamanda sözügedən qərarla JN-700 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.60 ha həyətyanı torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, daha sonra RX seriyalı (1239167 nömrəli) ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı isə üçüncü şəxslərin adına verilmiş həmin çıxarışın onun hüquqlarını pozduğunu iddia edərək çıxarışın ləğv edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-700F KOD 50413005 nömrəli Şəhadətnamə əsasında faktiki istifadə vəziyyətinə uyğun hazırlanmış RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın koordinatları ilə iddiaçının mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsinə dair tərtib edilmiş JN -701F KOD 50413005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin koordinatları üst-üstə düşmür. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-64/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-64/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver