Məhkəmə qərarları › İş №2-1(114)-64/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-64/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-64/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçıya ilkin olaraq xx.xx.2013-cü il tarixdə “V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F06- Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...” diaqnozu əsasında, daha sonra xx.xx.2014-cü il tarixdə V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F60-F69- Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları =>F62- Baş beynin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma...” diaqnozu əsasında, xx.xx.2015-ci il tarixdə “V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları = >F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07- Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində...” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilməsi zamanı “əlavə müalicəyə ehtiyacın olması – Səbəb:ixtisaslaşdırılmış müalicə və müayinə davam etdirilməli” əsası ilə, xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması – Səbəb:2013-cü ildən sonra stasionar müayinə və müalicəsi yoxdur. 1 saylı RPX müayinə və müalicə məsləhət görülür” əsası ilə, xx.xx.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması – Səbəb:ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır” əsası ilə imtina edilmişdir. İddiaçı barəsində sonuncu dəfə Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş, iddiaçının xəstəliyinin gedişi xroniki, dərəcəsi ağır kimi qeyd edilmiş diaqnozu aşağıdakı kimi qoyulmuşdur: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, İrsiyyəti ruhi xəstəlik ağırlaşmayıb. İlkin inkişafı adi olub. 6-7 yaşlarında 2-ci mərtəbədən yıxılaraq kəllə-beyin travması alıb. Evdə müalicə olunub. 8 sinif bitirib. Ailəli olub – yoldaşı vəfat edib, övladı yoxdur. Tək yaşayır. İİ qrup əlillik müavinəti alıb. xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2013 tarixlərdə Ağdam RƏXD-də stasionar müalicə alıb. xx.xx.2022-xx.xx.2022 tarixlərdə 1 saylı RPX-da stasionar müalicə alıb, “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə F07.0”. xx.xx.2022 tarixində PND HPK tərəfindən müayinə olunaraq diaqnoz təsdiq edilib. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sonuncu müayinə ilə bağlı xx.xx.2023-cü il qiymətləndirilməsinə dair qərarın ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsdə bu Qaydaya 2 nömrəli əlavədə təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri qeyd edilmiş Ali məhkəmə yuxarıda qeyd edilən qərarı nəzərə almayaraq qüvvədə olmayan qanunvericilik normalarını tətbiq etmişdir. Belə ki, İddiaçı barəsində Mingəçevir PND xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmalıdır səbəbi ilə imtina verlmişdir. İddiaçıda qeyd edilən xəstəlik üçün tələb olunan minimal müalicə müddəti tələbi qeyd edilmişdir. Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətlərinin 21-ci qrafasında Digər psixi pozuntular Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti stasionar (10 gün), ambulator (2 dəfə) qeyd edilmişdir. İnzibati icraat haqqında qanunun 73-cü maddəsinə əsasən: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, sikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qerarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti cərçivəsində ilkin vəz fəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2842/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin T570/2023 nömrəli ekspert rəyinə əsasən iddiaçıya iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd edilmiş "F07.0-Üzvi mənşəli şəxsiyyət pozğuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət pozğuntusu, bayılma halları ilə" diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. 2. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə müalicəyə (bərpa mlalicəsini davam etdirməyə) ehtiyacı yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb edilə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2842/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında verilmiş T52/2024 nömrəli ekspert rəyinə əsasında iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər-hansı bir bəndini aid etməyə əsas vermədi. Həmin diaqnozlu xəstələr yaşayış yeri üzrə poliklinikada qeydiyyata götürülür və təyin edilmiş dərman preparatlarını nəzarət altında qəbul edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli, 2706 nömrəli məktubunda qeyd etmişdir ki, patofunksional dəyişikliklər dedikdə özünün əyani müayinəsi zamanı nenropatoloq tərəfindən əlillik təyinatı üçün əsa meyar kimi qəbul edilən psixoproduktiv dəyişiklik, şəxsiyyət pozuntusu əlamətlərinin olmaması başa düşülür. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-4/2- 18903/2024 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində elektron giymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən 0319003AAGWE, 0319003AAJQQ və G00068734YPV nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və bütün hallarda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Bildirilmişdir ki, Fərdi reabilitasiya və abilitasiya proqramı yalnız əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-216/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2899 nömrəli rəyinə əsasən 1) Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərişdə iddiaçıya təyin olunmuş diaqnoz (üzvi mənşəli şəxsiyyət pozuntusu) öz təsdiqini tapır, beynəlxalq təsnifat kodu (F07.0) düzgün qeyd edilmişdir. 3) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Mingəçevir PND tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi göndərşdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixdə Mingəçevir PDN tərəfindən verilmiş tibbi göndərişdə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2899 nömrəli rəyində əks olunmuş diaqnozlar üzrə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə şəxsin Tərtər şəhəri üzrə regional komissiyada əyani müayinəsini keçirərək müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə edilmişdir. Məhkəmə qərardadı əsasında aparılmış müayinə aktına əsasən 14 nömrəli TSEKnın ekspert-həkimləri tərəfindən iş otağında əyani müayinə olundu. (Məhkəmə qərarı əsasında, DTSERA-nın tapşırığı ilə) Əsas diaqnoz: Üzvi ( travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Şikayətləri: Baş ağrısından, huşsuzluqdan, tez- tez huşunu itirib yıxılmasından. Dəri və və görünən selikli qişaları: avazıyıb. Dərialtı piy qatı: kafi inkişaf edib. Periferik limfa düyünləri: əllənmir. Sümük-əzələ sistemi: gözlə görünən patoloji dəyişiklik qeyd olunmur. Tənəffüs sistemi: vezikulyar tənəffüs Ürək-qan damar sistemi: tonlar karlaşıb, PS-110, AİT 155\75http://mm.c.st/ Həzm sistemi: patologiya qeyd olunmur. Sidik-cinsiyyət sistemi: Pasternatski simptom mənfidir, diurez sərbəst. Sinir sistemi (psixi status): Zahirən narahatdır, ünsiyyətə daxil olur, bələdlik saxlanılır, yuxusu dərmanladır, əhval- ruhiyyəsi dəyişkəndir. Status lokalis (status prezent): Xəstənin vəziyyəti kafidir. Romberqdə dayanıqlıdır. Zahirən narahatdır, ünsiyyətə daxil olur, bələdlik saxlanılır, yuxusu dərmanladır, əhval- ruhiyyəsi dəyişkəndir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-13860/2025 nömrəli qərarında qeyd etmişdir ki, iddiaçının əlillik müddəti bitdikdən sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin giymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə goyulmuş, vətəndaş əyani müayinəyə gələ bilmədiyindən müraciəti əsasında ərazi üzrə fealiyyət göstərən TSEK-in əməkdaşları tərəfindən yaşadığı ünvanda müayinə edilmiş, mövcud sənədlər toplanmış, vido görüntü çəkilmiş, barəsində 3-17-4/3-1-11215/2025 nömrəli akt tərtib edilərək qiymətləndirilməsi üçün DTSERA-ya göndərilmiş, xx.xx.2025- ci il tarixində komissiya şəraitində məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbisosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də qeyd edilmiş məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı ilkin olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində şəxsiyyətin dəyişməsi" diaqnozu ilə əyani müayinə olunmuş və ona xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixədək həmin təyinat qüvvədə saxlanılmışdır. Növbəti dəfə xx.xx.2016-cı il tarixindən həmin əlillik təyinatı "Əlillik" altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixinədək) uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra əlillik vəziyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0319003AAGWE nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: "Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mərkəzi sinir sisteminin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişməsi") DTSERA tərəfindən xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" qərarı qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxanası arəfindən rəsmiləşdirilmiş 0319003AAJQQ nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: "F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış oozğunluqları. Üzvü şəxsiyyət dəyişməsi") DTSERA tərəfindən xx.xx.2022-ci il tarixində siymətləndirilmiş və yenidən "Əlavə müalicəyə ehtiyacın olması" barəsində qərar qəbul edilmişdir (səbəb: 2013-ci ildən sonra stasionar müayinə və müalicəsi aparılmamışdır. 1 saylı RPX müayinə və müalicə məsləhət görülmüşdür). Sonuncu dəfə əlillik vəziyyəti Mingəçevir Psixonevroloji dispanseri tərəfindən rasmiləşdirilmiş G00068734YPV nömrəli göndərişi əsasında, (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: "Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, bayılma halları ilə.) DTSERA-da xx.xx.2023-cü il tarixində gymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barəsində qərar edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmə gərardadı əsasında DTSERA-da ərazi üzrə xidmət göstərən 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinə olunmuş, sağlamlıq vəziyyəti aktlaşdırılmışdır (3-17-4/3-1-11215/2025 nömrəli Akt). Əlillik vəziyyəti həmin Akt və rəsmiləşdirilmiş sonuncu göndəriş əsasında qiymətləndirilmişdir. Anamnezə əsasən uşaq vaxtı travma almış, buna baxmayaraq orta təhsilini sona gedər davam etdirmiş və ailə qurmuşdur. Övladı olmamışdır. Psixi statusda zahirən səliqəli, təmizdir, bələdliyi saxlanılmışdır. Ünsiyyətə tam adekvat, bir qədər ləng daxil olmuş, sualları anlamış, verilmiş kiçik tapşırıqları icra etmişdir. İntellektual-mnestik funksiyaların enikliyi hazırda izlənilməmişdir. Ümumi status, astenizasiya, lənglik yaşına müvafiq görülmüşdür. Hər hansı bir psixi pozuntuya uyğun klinik əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Bildiririk ki, vətəndaşa dair sonuncu göndərişdə yanaşı olaraq "Yüngül dərəcəli əqli gerilik. İQ 55" diaqnozu qeyd edilsə də, təqdim etdiyi ixtisaslaşmış tibbi sənədlərdə və hazırkı klinik əlamətlərdə inkar edilmişdir. Təqdim etdiyi tibbi sənədlər 2022-ci dövrdən sonrakı dövrü əhatə etmiş, instrumental müayinələr (baş beyin KT və ya MRT) aparılmamışdır. Anamnestik məlumatlar, obyektiv muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-4/2-15976/2025 nömrəli məktubunda bildirmişdir ki, Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X2-Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2899 nömrəli rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə gəldikdə isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - Forma 88də qeyd olunan diaqnozun (üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2.1-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır. Cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı ilə bağlı məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməli, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlillik təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar