Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-641/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 07 noyabr ayı 1993-cü ildən iyun ayı 1994-cü il tarixədək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ermənistanın hərbi təcavüzü ilə əlaqədar olaraq o da keçmiş Tərtər rayon Hərbi komissarlığının çağırışı ilə xx xxxxxx 1993-cü ildə N saylı hərbi hissəyə daxil olmaqla xidmət etməyə başlamışdır. Ağdərə rayonunda, eləcə də, həmin rayonun İmarət Qərvənd, Həsənqaya, 3 N-li Sovxoz, Marquşevan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Arxiv arayışında göstərildiyi kimi N saylı hərbi hissənin komandirinin xx xxxxxx 1994-cü il tarixli 4 nömrəli yoxlama əmri ilə (əsas: səh-20) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir və xx xxxxxx 1994-cü il tarixli 16 nömrəli yoxlama əmri ilə (səh-24) adı döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısına qeyd edilmişdir. Göstərilən tarixlərdə Tərtər N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyini təsdiq edən şahidləri də vardır. Lakin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi təsdiqini tapmadığından ona müharibə veteranı adı və vəsiqəsi verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli məktubla məhkəmə tərəfindən iddiaçıya yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunsa da, müraciətə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından və eləcə də iddianın məzmunundan göründüyü kimi iddiaçının məqsədi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi olduğu halda, o, xx.xx.1993cü ildən iyun ayı 1994-cü il tarixədək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb qeyri-müəyyən olmaqla, “faktın müəyyən edilməsi” qeyd edilmişdir. Lakin, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-641/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-641/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver