Məhkəmə qərarları › İş №2-1(114)-641/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-641/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-641/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Heydər oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Heydər oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi baradə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, işlətdiyi baytarlıq aptekinin nəzarət kassa aparatında yaranan nasazlıq səbəbı ilə və yaxud da səhvən xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 5510.60 manat, xx.xx.2023-cü il tarixdə 902.30 manat, xx.xx.2023-cü il tarixdə 9906.10 manat, 13.06.223-cü ikl tarixdə 6360.0 manat, xx.xx.2023-cü il tarixdə 805.10 manat, xx.xx.2023-cü il tarixdə 2258.00 manat, xx.xx.2023cü il tarixdə 5765.0 manat, xx.xx.2023-cü il tarixdə 7297.40 manat səhv olmuşdur. Bu barədə ENBA kassa şirkətinin qaynar xəttinə müraciət olunmuşdur və səhv vurulmuş hesabatın surətin NKA-nın servis nümayəndəliyinə göndərilmişdir.xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə Ədalət adlı şəxslə əlaqə yaradılmış, bu barədə ona məlumat verilmişdir. Bu halın nəzərə alınması xahiş edilmişdir.xx.xx.2023-cü il tarixdə obyekt 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ nəzarət tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə AR Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000147nömrəli "nağdsız hesablaşmaların həyata keçiriməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilib ona göndərmişlər. Aktın nəticə hissəsinə görə barəsində Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Hüsab edir ki, Vergi Məcəlləsinin 3.4.12-ci maddəsinin tələblərini pozmamışdır, büdcəyə çatası vergi məbləği ilə bağlı hesabat təqdim etməməklə vergidən yayınmamışdır. Kassa aparıatında olan nasazlıqla bağlı səhv olaraq hansı tarixlərdə hansı pul məbləğinin hesablanması ilə bağlı xx.xx.2023-cü ilı tarixdə Ağdam rayon Vergilər Şöbəsinə məlumat vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri pozulmaqla 4 halda malların pərakəndə satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişin nağd qaydada qəbul olunması halları aşkar edilmişdir. Belə ki, nəzarət tədbiri zamanı bir əməliyyat üzrə xx.xx.2023-cü il tarixdə 5760 manat, xx.xx.2023-cü il tarixdə 9900 manat, xx.xx.2023-cü il tarixdə 5505 manat, xx.xx.2023-cü il tarixdə 6250 manat olmaqla cəmi 27415 manat məbləğində satışın nağd qaydada aparıldığı müəyyən olunmuşdur. Həmçinin iddiaçı kassa aparatında nasazlıq olması ilə bağlı vergi orqanına operativ vergi yoxlaması nəticəsində pozuntu aşkar edildikdən 2 gün sonra məlumat vermişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2023-cü il tarixli, DVX 000147 nömrəli Aktdan görünür ki, “Nağd hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərinin pozulması halı, yəni vergi ödəyicisinin 4 halda ümumilikdə 27415 manat məbləği nağd qaydada qəbul etməsi müəyyən olunmuşdur. -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliyin pozulması ilə aparılan əməliyyatlara görə İddiaçı Heydər oğluna 2341.50 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş iddiaçı tərəfindən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin məzmunundan görünür ki, iddiaçı nəzarət kassa aparatına nasazlıq barədə məlumat vermişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarından göründüyü kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən İddiaçı Heydər oğlunun fəaliyyət göstərdiyi baytarlıq aptekində operativ vergi nəzarəti həyata keçirilmiş, “Nağd hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərinin pozulması halı, yəni vergi ödəyicisinin 4 halda ümumilikdə 27415 manat məbləği nağd qaydada qəbul etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, DVX 000147 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3321 nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 2341,50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasdır. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. -50.6-cı maddəyə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. -58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. “Nağd hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinə əsasən yalnız tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilir. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. İddia ərizəsinə, eləcə də işin faktiki hallarına nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi NKA-da yaranmış nasazlıq barədə qanunla müəyyən edilmiş zaman kəsiyində vergi orqanına məlumat verməmiş, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq 4 halda ümumilikdə 27415 manat məbləği nağd qaydada qəbul etmişdir. İddiaçı NKA-da olan nasazlıq barədə vergi orqanına məlumat versə də məlumatın tarixindən görünür ki, həmin məlumat operativ vergi yoxlaması aktı tərtib edildikdən 2 gün sonra verilmişdir. Bu halı məhkəmə vergi ödəyicisinin formal hərəkəti və özünü sığortalamaq cəhdi kimi qiymətləndirir. İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən qərarı qanunidir və ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Heydər oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar