Məhkəmə qərarları › İş №2-1(114)-641/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-641/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-641/2025 27.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X19 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxs X4 nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı «əmrin ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyəGəncə İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı «qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********05-10301 nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarı ilə JN-344A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında X2, İddiaçı2, İddiaçı4 Firuddin qızının, İddiaçı3 Firuddin qızının və İddiaçı1 Firuddin oğlunun ümumi birgə mülkiyyətinə Şəmkir şəhəri Posanlı qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən olan X8 25 fevral 2019-cu il tarixdə vəfat etmişdir. X1 ümumi birgə mülkiyyətə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi qonşuluqda yaşayan X9 tərəfindən zəbt edilərək, orada fərdi yaşayış evi inşa edilməyə başlandığını bildikdən sonra dəfələrlə üçüncü şəxs Hüseynova (Cəfərova) Səriyə Məcid qızına müraciət edərək, torpaq sahəsinin onlara məxsus olduğunu, torpaq sahəsini boşaltmasını bildirmiş, X9 və onun ailə üzvüləri onlara məxsus torpaq sahəsinin dəyərini ödəyəcəklərini demişlər. Lakin, X8 uzun müddət xəstə olduğundan, həmçinin onlar hər dəfə üçüncü şəxsin bəhanəsinə inandığından torpaq sahəsinin sənədləşdirilməsini başa çatdıra bilməmişlər. Həmçinin üçüncü şəxs Səriyə Hüseynova onlara verdiyi vədə əməl etməmişdir. X8 25 fevral 2019-cu il tarixdə vəfat etdikdən sonra üçüncü şəxs Səriyə Hüseynova torpaq sahəsinin dəyərini ödəməyərək, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Onlar 2023-cu ilin sonlarında JN-344A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmış həyətyanı torpaq sahəsinə dair Çıxarış almaq istədikdə həmin torpaq sahəsinə dair X6 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verildiyindən məlumatları olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən arayışda Çıxarışın verilməsinə əsas kimi Azərbaycan Respublikası Dövlət Arxivının Şəmkir filialının Hüseynova (Cəfərova) Səriyə Məcid qızının adına K.Setkin adına sovxozun 06 dekabr 1997-ci il tarixli, 48 nömrəli əmri ilə 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması barəsində 28 oktyabr 2021-ci il tarixli, K-1- 545 nömrəli arayış, Aşıq Teymur adına Ül və EM-nin 30 oktyabr 1997-ci il tarixli, 48 nömrəli əmrindən çıxarışı, Şəmkir Bələdiyyəsinin sədri və Şəmkir rayonunun baş memarının imza və möhürlə təsdiqlədikləri X4 istifadəsində olan 0.06 ha torpaq sahəsini koordinat nöqtələri əks olunan yerquruluşu planından çıxarış və Şəmkir rayonu baş memarının təsdiqlədiyi X9 tərəfindən 1998-ci ildə inşa edilən fərdi yaşayış evinin eskiz layihəsi göstərilmiş, hətta guya əmlakda ölçü işləri aparılarkən M.Maqomayev küçəsi 10 saylı ünvanda yerləşən 0.06 həyətyanı torpaq sahəsinə texniki səhv olaraq JN-344A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edildiyi, həmin texniki səhvi aradan qaldırmaq üçün Şəmkir Bələdiyyəsinin nümayəndəsi, əmlak sahibi X9, JN-344A şəhadətnamə üzrə mülkiyyətçi İddiaçı1, qonşular X10 və X11 iştirakı ilə akt bağlandığı qeyd edilmişdir. Halbuki, İddiaçı1 heç bir akta imza etməmiş, əgər elə bir akt tərtib edilmişdirsə həmin aktda olan imza mənə məxsus deyildir. Həmçinin, JN-344A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən torpaq sahəsi tək İddiaçı1 deyil, X5, İddiaçı2, İddiaçı4 Firuddın qızının, İddiaçı3 Firuddin qızının da mülkiyyətinə verilmişdır. İddiaçı1 razılığı olsa belə digər mülkiyyətçilərin razılığı olmadan torpaq sahəsi necə başqa şəxslərə verilə bilməz. Mübahisəli torpaq sahəsi də JN-344A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» əsasında onlar və mərhum X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh orqana çıxarışın ləğvi ilə bağlı müraciət etmiş, lakin ərizənin icrası mümkün olmamışdır.Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Daha sonra iddiaçının vəkili tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının Hüseynova (Cəfərova) Səriyə Məcid qızının adına 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə K.Setkin adına sovxozun 06 dekabr 1997-ci il tarixli, 48 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə dair məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının Hüsenova (Cəfərova) Səriyə Məcid qızının adına K.Setkin adına sovxozun 06 dekabr 1997-ci il tarixli, 48 nömrəli əmri ilə 0.06 ha həyətyanı torpaq sahəsinın ayrılması barəsində 28 oktyabr 2021-ci il tarixli, K-1-545 nömrəli arayışı, Aşıq Teymur adına Üİ və EM-nin 30 oktyabr 1997ci il tarixli, 48 nömrəli əmrindən çıxarışı, Şəmkir Bələdiyyəsinin sədri və Şəmkir rayonunun baş memarının imza və möhürlə təsdiqlədikləri X4 istifadəsində olan 0.06 torpaq sahəsinin koordinat nöqtələri əks olunan yerquruluşu planından çıxarışı və Şəmkir rayonu baş memarının təsdiqlədiyi X9 tərəfindən 1998-ci ildə inşa edilən fərdi yaşayış evinin eskiz layihəsi ünvan 2 ünvanda yerləşən 0.06 ha həyətyanı əmlakda ölçü işləri aparılan zaman müəyyən olunmuşdur ki, M. Maqomayev küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə texniki səhv olaraq JN- 344A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin texniki səhvi aradan qaldırmaq üçün Şəmkir Bələdiyyəsinin nümayəndəsi, əmlak sahibi X9, JN-344A saylı şəhadətnamə üzrə mülkiyyətçi İddiaçı1 Firuddin oğlu və qonşular X10, X13in iştirakı ilə akt bağlanmışdır. Sözügedən akta, adları qeyd olunan şəxslər imza etmişlər. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Eyni zamanda iddiaçının vəkili Nümayəndə iddia ərizəsi verilməsi üçün buraxılan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdilər. İddiaçı1 əlavə olaraq göstərdi ki, 1997-ci ildən torpaq sahəsinin üçüncü şəxsin sahibliyində olmasından xəbərləri vardır. Sadəcə aralarında danışıqlar getdiyi üçün məhkəməyə gec müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə izahatında göstərdi ki, əvvəlcə qeydin ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş sonradan məlum olmuşdur ki, qeydin verilməsinə əsası əmrin ləğvini mübahisələndirməlidir. Bunun üçün də müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 etirazın dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq verilmiş müddət bərpası ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 nümayəndəsi (vəkil) Vəkil1 ərizənin təmin edilməməsini xahiş etdi. İddiaçılardan İddiaçı3, İddiaçı4 və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə iddiaçıların və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar tərəfindən xx.xx.1997-ci il tarixli, 48 saylı əmr mübahisələndirilir. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir. İddiaçıların həmin əmrdən 1997-ci ildən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Məhkəmə qeyd edir ki, iddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı əmr 1997-ci ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçıların əmrin mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə göstərir ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır və üzrlü sayılması üçün real əsaslar təqdim edilməmişdir. «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (Bənd 2.3 və 9.). Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Vəkil Nümayəndə tərəfindən verilən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar