Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-642/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında düzəliş edilməsi və torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 24.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında “Fikrət” adının “Ələsgər” kimi qeyd edilməsi və torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 04 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikməsi üçün 0.08 ha torpaq sahəsi verilmişdir. Birinci dəfə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı səhv olaraq “Fikrət” kimi göstərilmişdir. İddiaçı qeyd edir ki, onun adı sənədlərdə “Ələsgər” kimi qeyd edilsə də, elə arasında onu “Fikrət” kimi tanıyırlar. İddiaçı şəhadətnamədəki qeyd olunan səhvi düzəltmək üçün DTXK Samux rayon şöbəsinə müraciət etmiş, bundan sonra ona adının “Ələsgər” kimi qeyd edildiyi JN-1711A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Hazırda torpağa dair çıxarış almaq istəyərkən məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında JN- 1711A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Hüseynov Fikrət Cavad oğlunun adına işlənmişdir. İddiaçı adla bağlı qeyd olunan uyğunsuzluğun aradan qaldırılması məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 18.03.2021-ci il tarixli, **********88 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında JN-1711A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Hüseynov Fikrət Cavad oğlunun adına işləndiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluq nəzərə alınaraq onun ərizəsinin icrası mümkün olmamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -JN-1711A Kod 50701006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı 0.08 ha torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********69 nömrəli və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli **********16 nömrəli məktublarında bildirilir ki, arxiv qovluğunda saxlanılan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv olaraq “Fikrət” adının yazılması və sonradan düzəldilərək “Ələsgər” adının yazılması barədə heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.02.2021-ci il tarixli, **********35 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 04 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikməsi üçün 0.08 ha torpaq sahəsi verilmişdir. Birinci dəfə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı səhv olaraq “Fikrət” kimi göstərilmiş, daha sonra iddiaçının müvafiq müraciətindən sonra ona adının “Ələsgər” kimi qeyd edildiyi JN-1711A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” yeni şəhadətnamə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında JN-1711A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Hüseynov Fikrət Cavad oğlunun adına işlənməsi, başqa sözlə sənədlər arasında uyğunsuzluğun olması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya verilmiş JN-1711A Kod 50701006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı düzgün qeyd olunsa da, “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında həmin torpaq sahəsi Hüseynov Fikrət Cavad oğlunun adına işlənmişdir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (JN-1711A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) mötəbərliyini mübahisələndirməmiş, yalnız mövcud uyğunsuzluq səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə cavabdeh orqanın imtina cavabından və məhkəmənin müvafiq sorğusuna verilmiş cavablardan da görünür ki, şəhadətnamədə torpağın iddiaçıya verilməsi qeyd edilmiş, lakin “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında onun adı “Fikrət” kimi yazılmışdır. Qeyd olunan hal isə müvafiq siyahını hazırlayan və qeydiyyat kitabını tərtib edən səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək JN-1711A Kod 50701006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında “Fikrət” adının “Ələsgər” kimi qeyd edilməsi və həmin şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-1711A Kod 50701006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda, eləcə də qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında “Fikrət” adının “Ələsgər” kimi qeyd edilməsi və həmin şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-642/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-642/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver