Məhkəmə qərarları › İş №2-1(114)-643/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-643/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-643/2022 28.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə idman nəaliyyətlərinə görə Daxili İşlər Nazirliyinin sıralarına daxil edilmiş, işlədiyi müddətdə rəhbərlik tərəfindən mükafatlar almış, bu günədək onun işi ilə bağlı hər hansı nöqsan olmamışdır. İddiaçı məzuniyyətdə olarkən rəis tərəfindən çağrılmış və ona bildirilmişdir ki, barəsində daxili təhqiqat idarəsində araşdırma aparılır. Həmin gün Bakı şəhərinə getmiş və orada iddiaçıdan analiz nümunələri götürülmüşdür. Bundan sonra Ağdam rayonuna qayıtmış, məzuniyyəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə işə çıxmış və işini normal şəkildə icra etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən Bakı şəhərinə çağrılmış, daxili təhqiqat tərəfindən aparılmış araşdırmaya etirazını bildirmiş, ancaq onu analizin cavabları ilə tanış etməmişlər. Yenidən işə qayıtmış, xx.xx.2021-ci il tarixdə ona işdən azad edildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarılması qanunsuz və əsassız olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, eyni zamanda həmin tarixli qərardadla Cavabdeh iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmrin ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun narkotik vasitə qəbul etməsi barədə izahat verən İsgəndər Mehdiyev adlı sabiq polis əməkdaşı ilə münasibətləri pis olduğuna görə belə bir izahat vermişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixli qan və sidik analizinin nəticəsinə görə o, narkotik maddə istifadəçisi deyil. Cavabdehin vəkili X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress- test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur. İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Odur ki, iddiaçının tələbi əsassızdır və bu işdə olan sübutlarla öz əksini tapır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində sidikdə çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. -DİN-in Daxili Təhqiqat İdarəsinin dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress- test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir, həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur, eyni zamanda polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur, bundan əlavə xidməti təhqiqat zamanı sabiq polis əməkdaşı İsgəndər Mehdiyev izahatında göstərmişdir ki, cari ilin sentyabr və oktyabr aylarında xidmətdən kənar vaxtı İddiaçıla birgə narkotik vasitə olan marixuana qəbul etmişlər. -Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmrindən görünür ki, ”Daxili işlər orqanları əməkdaşlarının X5n”nin 1,2,3,11,17 və 22-ci maddələrinin, ”İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq qanunsuz olaraq narkotik vasitə əldə edib ondan istifadə etdiyinə, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarekterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Ağdam RPŞ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı RPŞ-nin xx.xx.2021-ci il tarixli 86 nömrəli əmri ilə elan edilmiş “şiddətli töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. -xx.xx.2021-ci il tarixli, 4666 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” aktdan görünür ki, İddiaçı müayinəsi zamanı şəxsin sidiyində narkotik maddə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1946/K nömrəli ekspert rəyində bildirilir ki, kannabinoidlər uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metobolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün ərzində, epizodik istifadədə isə 29 gün ərzində aşkar edilə bilər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə uyğun olaraq Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. -13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrinə aiddir. -33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı”nın 10-cu bəndinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə Daxili işlər orqanları əməkdaşlarının X5 təsdiq edilmişdir. Həmin Kodeksin tələblərinə əsasən daxili işlər orqanlarının əməkdaşları:- -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır (maddə 1). -Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər (maddə 2). -Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 9). -Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. (maddə11). -Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. (maddə 17). Göründüyü kimi daxili işlər orqanları əməkdaşlarının X5 ilə əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəalar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Bundan əlavə, xidməti təhqiqat zamanı sabiq polis əməkdaşı İsgəndər Mehdiyev izahatında göstərmişdir ki, cari ilin sentyabr və oktyabr aylarında xidmətdən kənar vaxtı İddiaçıla birgə narkotik vasitə olan marixuana qəbul etmişlər. İddiaçının qeyd olunan hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə o, cavabdeh orqan tərəfindən haqlı olaraq “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 4666 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” akta münasibətdə qeyd edilməlidir ki, məhkəmə həmin akta münasibətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli aktını daha mötəbər sübut növü kimi qəbul edir. Belə ki, qeyd edilən ekspertiza 15 illik təcrübəyə malik ekspert-kimyaçı tərəfindən aparılmışdır. Respublika Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli, 4666 nömrəli aktında isə müayinənin həkim-laborant və feldşer-laborant tərəfindən aparılması qeyd edilmiş, eyni zamanda həmin mərkəzin xx.xx.2021-ci il tarixli, 1592/2021 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”nun kim tərəfindən (adı, soyadı ata adı, peşəsi və ixtisası) tərtib edilməsi və müayinənin kim tərəfindən aparılması qeyd edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2022ci il tarixli, 1946/K nömrəli ekspert rəyində “kannabinoidlər uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metobolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün ərzində, epizodik istifadədə isə 29 gün ərzində aşkar edilə bilər” ifadəsi ehtimal xarakterlidir və qeyd olunan maddənin orqanizmdə qalması müddətinin orqanizmin xüsusiyyətləri ilə bağlı olması onu deməyə əsas verir ki, ilkin müayinədən 10-11 gün sonra iddiaçının orqanizmində narkotik maddənin qalıqları aşkar edilməyə bilərdi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar