Məhkəmə qərarları › İş №2-1(114)-644/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-644/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-644/2024 01.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülikiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, Nümayəndə prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.03 ha (268.7 kv.m) həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-140A saylı şəhadətnamə verilmişdir.

2. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.03 ha (330 kv.m) həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-140B saylı şəhadətnamə verilmişdir.

3. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.09 ha (901.1 kv.m) həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-140C saylı şəhadətnamə verilmişdir.

4. İddiaçı Göygöl rayonu Zurnabad kəndində yerləşən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-6872/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən İddiaçı və 4 nəfər ailə üzvünün adlarına "Torpağın mülkiyyətə verilməsinə dair" JN-140A, JN-140B və JN-140C saylı şəhadətnamələrin tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır.

5. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-16-RA-2Ə-127-8/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zurnabad kəndi üzrə 1991- 1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına 0.25 ha torpaq sahəsi qeydə alınmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5065/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5307/2023 nömrəli məktubları ilə müəyyən edilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin Zurnabad kəndi üzrə 1991-1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına qeydə alınmış 0.16 ha və 0.08 ha torpaq sahələrinə dair Zurnabad bələdiyyəsinin sədri, Zurnabad kənd icra nümayəndəsi və 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi tərəfindən koordinat sxemləri tərtib olunmuşdur.

7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2823/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Göygöl (Xanlar) rayonu, Zurnabad kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından (əlyazma və elektron) müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin istifadələrində cəmi 0.2348 ha torpaq sahəsi olmuş, ondan 0.0848 ha bələdiyyənin ehtiyat fond torpağına, 0.15 ha isə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Zurnabad kəndində yerləşən, istifadəsində olan koordinat sxemlərinə uyğun olaraq 0.16 ha və 0.08 ha torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-140A №-li şəhadətnaməsinə əsasən 0.03 ha, JN-140B №-li şəhadətnaməsinə əsasən 0.03 ha, JN-140C №-li şəhadətnaməsinə əsasən isə 0.09 ha torpaq sahələri verilmişdir. Evi JN-140A №-li şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir. Digər torpaq sahələri isə başqa kənd sakinlərinin sahələri kimi evin yerləşdiyi torpaq sahəsindən xeyli aralıdadır. Bildirir ki, mülkiyyətinə verilən torpaq sahələri istifadəsində olan torpaq sahələrinə uyğun deyildir, daha doğrusu xeyli azdır. Bu Göygöl rayon Dövlət Arxivi tərəlindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-16-RA-20-127- 8/2023 №-li arxiv arayışı ilə də təsdiq olunur. Belə ki, arayışdan görünür ki, Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zurnabad kəndi üzrə 1991-1995-ci illərə aid 01 №-li təsərrüfatbaşına kitabın 39 №-li şəxsi hesab vərəqində onun adına 0.25 ha torpaq sahəsi qeydə alınmışdır. İstifadəsində olan torpaq sahəsinin qalan hissəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən istifadəsində olan 0.16 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin koordinat sxemləri hazırlanaraq, bu barədə ona koordinat arayışları təqdim olunmuşdur. Ancaq buna baxmayaraq cavabdeh orqan torpağın mülkiyyətə verilməsi dair JN-140A, JN-140B vǝ JN-140C №-li şəhadətnamələrin tərtib edildiyini əsas gətirib müraciətini təmin etməkdən imtina etmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, məhkəmə iclasında iddiaçının və cavabdehin qanuni nümayəndələri iştirak etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh orqanın iddiaya yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin adına Torpağın mülkiyyətə verilməsinə dair JN-140A, JN-140B və JN-140C saylı Şəhadətnamələrin tərtib edildiyi müəyyən edilmişdir. Vətəndaş tərəfindən Xanlar rayon İcra Hakimiyyəti Başçısının Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zurnabad kəndinə dair 1991-1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına 0.25 ha torpaq sahəsinin qeydə alınması barədə 17.04 2023-cü il tarixli, 3-48-16-RA-2Ə-127- 8/2023 nömrəli Göygöl rayon Dövlət Arxivinin arxiv arayışı təqdim edilərək qeyd olunan məlumatlar üzrə Göygöl rayonu, Zurnabad kəndində müxtəlif yerlərdə yerləşən və istifadəsində olan torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəmişdir. Bundan başqa, iddiaçı Göygöl rayonu, Zurnabad bələdiyyəsinin müraciəti əsasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hazırlanmış koordinat sxeminə istinad edərək hüquqların qeydiyyata alınmalı olduğunu iddia etməkdədir. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ona və onun ailə üzvülərinin adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 140A, JN-140B və JN-140C saylı, 2006-cı il tarixli Şəhadətnamələrlə tanınmış hüquqlarını qeydiyyata aldırmaq yerinə heç bir hüquqmüəyənədici sənəd olmadan istifadə etdiyi torpaq sahəsinin ona aid olmasını və həmin torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdədir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi və tələbində istinad etdiyi koordinat sxemi Zurnabad bələdiyyəsinin müraciəti əsasında torpaq sahələrinin faktiki istifadə vəziyyətlərinə uyğun, yəni müraciət edən şəxsin göstərmiş olduğu ərazidən götürülmüş koordinatlar əsasında tərtib edilmişdir. Həmin sxemə əsasən vətəndaşın hər hansı bir mülkiyyət sənədi olmadan istifadə etdiyi torpaq sahələrinin cəmi 0.25 ha deyil, 0.15 ha olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahələrinin naturada sərhədlərini müəyyən edəcək sənəd (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü sənədi, yerquruluşu planından çıxarış, sxem və s.) iddiaçı tərəfindən təqdim edilməmişdir. Torpaq sahələrinin sərhədlərinin naturada müəyyən edilməsini təsdiq edən sənəd olmadığı və İddiaçı Zurnabad kəndinə dair 1991-1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına 0.25 ha torpaq sahəsinin qeydə alınması barədə məlumatların hansı əsaslarla qeyd olunduğuna dair aidiyyəti üzrə Göygöl Rayon İcra Hakimiyyətinə və Göygöl rayon Zurnabad bələdiyyəsinə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri ona izah edilmişdir.

14. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi.

15. O, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, onlar Torpağın mülkiyyətə verilməsinə dair JN-140A, JN-140B və JN-140C saylı, 2006-cı il tarixli Şəhadətnamələrlə mülkiyyətlərinə verilmiş 0.03 ha, 0.03 ha və 0.09 ha olan torpaq sahələrini deyil, faktiki istifadə etdikləri 0.24 ha torpaq sahələrinin qeydə alınmasını xahiş edirlər. Onlara şəhadətnamə ilə verilən torpaq sahələri də istifadələrindədir, lakin həmin sahələr hazırda iddiaçının adına qeydə alınmasını istədikləri 0.16 ha və 0.08 ha torpaq sahələrinin daxilində yerləşmir. İslahat zamanı istifadələrində olan 0.16 ha və 0.08 ha torpaq sahələrinə şəhadətnamə işlənməmişdir. Hazırda onlara bildirirlər ki, həmin torpaq sahələri bələdiyyə mülkiyyətindədir.

16. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 0.16 ha və 0.08 ha islahat zamanı bələdiyyə mülkiyyətinə verilmiş torpaqlardır və iddiaçının həmin torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici sənədləri mövcud deyil. İddiaçı şəhadətnamələrlə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrini deyil, heç bir sənəd olmadan faktiki olaraq istifadə etdikləri torpaq sahələrinin adına qeydə alınmasını tələb edir.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə axan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

20. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.03 ha (268.7 kv.m), 0.03 ha (330 kv.m) və 0.09 ha (901.1 kv.m) həyətyanı torpaq sahələri ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-140A, JN- 140B və JN-140C saylı şəhadətnamələr işlənilmişdir. Eyni zamanda, iddiaçının heç bir sənəd olmadan faktiki istifadəsində olan 0.08 ha və 0.16 ha torpaq sahələri də mövcuddur ki, Zurnabad bələdiyyəsinin müraciəti əsasında torpaq sahələrinə dair Zurnabad bələdiyyəsinin sədri, Zurnabad kənd icra nümayəndəsi və 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi tərəfindən koordinat sxemləri tərtib olunmuşdur.

21. Hazırda iddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-140A, JN-140B və JN- 140C saylı şəhadətnamələrlə mülkiyyətinə verilmiş 0.03 ha, 0.03 ha və 0.09 ha torpaq sahələrini deyil, faktiki istifadəsində olan 0.08 ha və 0.016 ha torpaq sahələrinin onun adına qeydə alınmasını tələb edir və hüquqmüəyyənedici sənəd qismində Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-16-RA-2Ə-127-8/2023 nömrəli arxiv arayışını əsas gətirir. Həmin arayışda qeyd olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zurnabad kəndi üzrə 1991- 1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına 0.25 ha torpaq sahəsi qeydə alınmışdır.

22. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasında 18 fevral 1995-ci il tarixdə “Aqrar islahatın əsasları” haqqında Qanunun qəbulu ilə torpaq islahatının həyata keçirilməsi prosesinə başlanmış və 16 iyul 1996-cı il tarixdə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahat haqqında” Qanunu qəbul edilmişdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur.

23. Həmin Qanununa görə: Maddə 7. Bələdiyyə torpaqları Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər.

24. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2823/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Göygöl (Xanlar) rayonu, Zurnabad kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından (əlyazma və elektron) da müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin istifadələrində cəmi 0.2348 ha torpaq sahəsi olmuş, ondan 0.0848 ha bələdiyyənin ehtiyat fond torpağına, 0.15 ha isə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

25. Göründüyü kimi, Xanlar Rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zurnabad kəndi üzrə 1991-1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 39 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına 0.25 ha torpaq sahəsi qeydə alınsa da, islahat zamanı həmin dövrdə fəaliyyətdə olan aqrar islahat komissiyasının qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə cəmi 0.15 ha (0.03 ha, 0.03 ha və 0.09 ha) torpaq sahəsi verilmişdir.

26. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

27. Yəni, hazırkı halda iddiaçının Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.16 ha və 0.08 ha torpaq sahələri üzərində hüquqlarının qeydiyyata alınması üçün ilk növbədə onun həmin əmlaka dair hüquqları (mülkiyyət, istifadə və ya sahiblik) və bu barədə hüquqmüəyyənedici sənədləri olmalıdır ki, onun hüquqlarının qeydiyyata alınmaması nəticəsində hüquq və mənafeləri pozulmuş olsun.

28. Lakin iddiaçı tərəfindən sözügedən daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən hazırkı halda iddiaçının həmin əmlaka hüquqlarının mövcudluğu müəyyən edilmir.

29. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

30. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

31. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

32. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahələrinə dair hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

34. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar