Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-646/2022 11.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1992-ci ildə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və bu barədə hərbi biletində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin K/513 saylı 06.08.2018-ci il tarixli müayinə aktında göstərilmişdir ki, «İddiaçı qarının ön divarının sağ yarısında iki ədəd köhnə çapıq toxumalar aşkar edilmiş, çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunan göstərdiyi şəraitdə, 1992-ci ilin avqust ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür». Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1715 saylı 05.12.2018-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin K/513 saylı 06.08.2018-ci il tarixli müayinə aktında qeyd edilənlər-hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 13.10.2021 tarixdə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. İddiaçı 10.02.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək hazırlıq iclasının başqa vaxta təxirə salınmasının xahiş etmişdir. Cavabdeh 16.02.2022-ci il tarixdə məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 31.01.2022-ci il tarixli 4/2-540 nömrəli məktubundan görünür ki. döyüş mövqeyini icazəsiz tərk etdiyi üçün sıravi İddiaçı 861 nömrəli hərbi komandirinin 07.09.1992-ci il tarixli 146 nömrəli əmri ilə 2-ci taborun şəxsi heyətindən azad edilərək əmək haqqı 13.09.1992-ci il tarixinədək hesablanmışdır. Toplanmış sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı eyni iddia tələbi ilə 24.11.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 24.02.2021-ci il tarixli 2-1(114)-295/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə məhkəmənin qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş, yəni həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmiş və Gəncə İnzibati Məhkəməsinin həmin qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyevpr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-646/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-646/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver