Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-647/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixli imtinanın ləğv edilərək cavabdehin üzərinə həkim məsləhət komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli, 118 nömrəli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktına əsasən iddiaçının əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun “ bronxial astma qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nomrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”ndakı tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 12 nömrəli Qərarına əsasən şəxsə əlilliyin qiymetləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İddiaçı X3 cavabdeh Gəncə şəhər X2 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin qeyd olunması və xx.xx.2023-cü il tarixli imtinanın ləğv edilərək cavabdehin üzərinə həkim məsləhət komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 10 may 2017-ci il tarixdə “bronxial astma xəstəliyi, infeksion-allergik forma, hormondan asılı, orta ağır gedişli, tez-tez boğulma tutmaları ilə. Seropozitiv revmatoid artrit, poliartrit kəskinləşmə mərhələsi İİ dərəcə. Seropozitiv forma, rentgenoloji İİ mərhələ, oynaqların İİ dərəcə funksiya çatmamazlığı” diaqnozu ilə ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlillik müddəti xx.xx.2022-ci tarixədək müəyyən edilmişdir. İddiaçı Gəncə şəhər X2 Hüquqi şəxsinə əlilliyin təyini məqsədi ilə sənədlərinin Həkim Məsləhət Komissiyasına göndərişin verilməsi üçün müraciət etdikdə bundan imtina etmişlər. Yenidən etdiyi müraciətə xx.xx.2023-cü il tarixdə imtina ilə cavab vermişlər. İddiaçı uzun illərdir ki, eyni xəstəlikdən əziyyət çəkir. Həmçinin, xəstəlikdə heç bir yaxşılaşma halları olmamışdır. Anlaya bilmir ki, 5 il müddətində həmin xəstəlik əlillik dərəcəsinin verilməsinin əsası olduğu halda indi hansı əsasla əlillik dərəcəsinin verilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir, məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 10 may 2017-ci il tarixdə “bronxial astma xəstəliyi, infeksion-allergik forma, hormondan asılı, orta ağır gedişli, tez-tez boğulma tutmaları ilə. Seropozitiv revmatoid artrit, poliartrit kəskinləşmə mərhələsi İİ dərəcə. Seropozitiv forma, rentgenoloji İİ mərhələ, oynaqların İİ dərəcə funksiya çatmamazlığı” diaqnozu ilə ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlillik müddəti xx.xx.2022-ci tarixədək müəyyən edilmişdir. İddiaçı əlillik müddəti bitdikdən sonra əlilliyin təyini üçün “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə müraciət etmiş, ancaq 0495003AAHDE nömrəli Forma 88-də qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. İddiaçı daha sonra ixtisaslaşmış tibb müəssisəsindən göndəriş götürmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin: 2.1. Komissiyanın məqsədi Agentlik tərəfindən müəyyən edilmiş qaydada “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinə (bundan sonra – tibb müəssisələri) müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinin müddəti (müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini (əmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi) müəyyən etməkdən, müalicə həkimlərinin fəaliyyətinə nəzarət etməkdən və əmək qabiliyyətinin itirilməsi ekspertizalarında onlara məsləhət verməkdən, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilindən, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsinin tənzimlənməsindən ibarətdir. 4.1 Komissiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən 25 həkimdən az olmayan tibb müəssisələrində yaradılır. 4.12. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədrinin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər. 4.15. Əlillik dərəcəsinin təyini məqbul hesab edilməyən hər bir vətəndaşa Komissiya tərəfindən imtina aktı tərtib edilir və aktın bir nüsxəsi vətəndaşa təqdim olunur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin verilməsinə nail olmaqdır. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsi üçün şəxs Komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdıraraq, o cümlədən zərurət olduqda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndərişin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir. İş üzrə iddiaçının göndəriş verilməsi üçün cavabdehə müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla belə, iş materiallarında cavabdeh orqan tərəfindən şəxsin müraciəti əsasında onun barəsində müvafiq sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılması və həmin icraat nəticəsində göndərişin verilməsindən imtina barədə qərarın qəbul edilməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, iş materiallarında yalnız cavabdehin imtina aktları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin iddiaçıya ünvanladığı məktub mövcuddur. Cavabdehin imtinası formativ xarakterli olmaqla, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin məktubunda isə iddiaçının ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra yeni tibbi sənədlərlə birlikdə cavabdehə müraciət etdiyi təqdirdə təyin olunan diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nomrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X6 Sisteminə yerləşdiriləcəyi barədədir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, sonda inzibati akt qəbul edilməmişdir. Cavabdehin nümayəndəsinin “TƏBİB tərəfindən onlara göndərilən formada tərtib edilmiş imtina aktının Həkim Məsləhət Komissiyasının qərarını əks etdirən sənəd olması” barədə mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3cü bəndində və İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 4.12-ci bəndində də Həkim Məsləhət Komissiyasının qərarlar qəbul etməsi əks olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyası Qanununun 2.8 və 2.9-cu maddələrinin tələblərinə görə İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-647/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-647/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver