Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-65/2025 27.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə(üçüncü şəxs X7) qarşı Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın qanunsuz hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə(Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın qanunsuz hesab edilməsi tələbinə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsinə məxsus 2 xüsusi mülkü olmuşdur. Həmin ünvanda yerləşən 34 nömrəli mülk atası X6 adına, 32 nömrəli mülk isə qardaşı X3 adına olmuşdur. X15 xx.xx.1972-ci ildə vəfat edib və onun ölümündən sonra onun adına olan 2 otaqdan ibarət 34 nömrəli ev Kirovabad şəhər xalq məhkəməsinin 04 dekabr 1978-ci il tarixli qətnaməsinə əsasən 2 yerə bölünmüş, mülkün yarısı anası X4, yarısı isə X5 verilmişdir. Həmçinin həmin qətnamə ilə həmin mülkdən Raziyə Həsənovanın payına düşən hissəsinin dəyərinin qiyməti 888 manat pul anası Aliya Namazovadan alınıb Raziyə Həsənovaya verilməsi də qət edilmişdir Bundan sonra Kirovabad şəhər xalq məhkəməsinin 04 dekabr 1978-ci il tarixli qətnaməsi icra edilmişdir. Bununla da Raziyə Həsənovanın həmin ünvanda yerləşən tikinti və torpaq sahəsinə olan tələbinə son qoyulmuş və 34 nömrəli mülkün mülkiyyət və istifadə hüququ butövlükdə anası Alıyə Namazovaya verilmişdir. Bundan başqa qeyd etmişdir ki, qardaşı Süluddin Namzovun ölümündən sonra onun adına olan 32 nömrəli mülk vərəslik şəhadətnaməsinə əsasən xx.xx.1984-cü ildə X10 adına rəsmiləşdirilmişdir. xx.xx.1986-cı il tarixdə isə anası X13 şəhər Memarlıq və Şəhərsalma İdarəsinin icazəsi ilə mülkdə köhnə tikililəri yenisi ilə əvəz etməklə bir neçə tikililər inşa etdirmişdir. X10 ölümündən sonra onun adına olan 32 nomrəli mülk bütövlükdə vərəsəlik şəhadətnaməsi əsasında 1992-ci ildə onun adına keçmiş, lakin buna baxmayaraq DƏDRX-nin Ərazi İdarəsi (Gəncə şəhər X1 və Mənzil Hüuquqlarının qeydiyyat idarəsi) tərəfindən X2 adına qeyri-qanuni, yəni mövcud olmayan 32 A nömrəli mülkə dair xx.xx.1999-cu il tarixdə arayış verilmişdir. Həmin arayışın verilməsinə səbəb isə güya 32A nömrəli mülk Raziyə Həsənovanın adına olmaqla əsası və həmin mülkin qanuni hissəsi yoxdur, güya həmin şəxs həmin mulkdə bir neçə icazəsiz tikinti inşa etdirmişdir. Halbuki, ona məxsus 32 nömrəli mülkün texniki sənədlərinə nəzər yetirsək müəyyən olunar ki, 32A ünvanı kimi qeyd edirlmiş mülkün yerləşdiyi torpaq sahəsi və onun uzərində olan tikililər əvvəlcədən mövcud olmuş və həmin torpaq sahəsi və üzərində yerləşən tikililər 32 nömrəli mülkə məxsus olması qeyd edilmişdir. Bundan başqa qeyd etmişdir ki, keçmiş icra başçısı olan R.Daşdəmirov tərəfindən verilmiş qeyri-qanuni xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərancamda qeyd edilənlər inzibati orqan tərəfindən verilmiş inzibati aktın qanunsuz akt hesab edilməsinə dəlalət edir. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərancamında qeyd edilir ki, Raziyə Həsənovanın adına olan 32A nömrəli mülkdə 1947-ci ildən 1990-cı ilə qədər tikdirdiyi icazəsiz tikililər və 400 kv.m torpaq sahəsi Raziyyə Həsənovanın adına sənədləşdirilsin, torpağın qalan 462.9 kv.m sahəsi isə dövlət fondunda saxlanılsın. Halbuki, Raziyə Həsənova 1943-cü ildə Qazax rayonunun Eynalı kəndində anadan olmuşdur və onun 1947-ci ildə 4 yaşında tikinti inşa etdirməsi qeyri mümkündür. Həmçinin həmin sərancamda qeyd edilən tikintilərin hamısı mənə məxsus olan 32 nömrəli mülkün qeydiyyat vəsiqəsində və texniki pasportunda tikintinin inşa edilmə tarixi və illəri qeyd edilib, hətta həmin tikintilər mülkün sxemində də qeyd edilib. Bir sözlə bu qanunsuz sərancam onun şəxsi mülkiyyətinə müdaxilədir. O, bir mülkiyyətçi kimi ona məxsus olan mülkun bir hissəsini satmamış, bağışlamamış, məhkəmə tərəfindən həmin mülk bölünməmiş və hər hansı bir şəxsin mulkiyyətinə verilməmişdir. Belə olan halda 32A nömrəli mülk mövcud ola bilməzdi, lakin buna baxmayaraq inzibati orqan heç bir hüququ olmayan və özünü qeyri-qanuni yolla əldə etdiyi sənədlərlə mərhum atasının həyat yoldaşı kimi təqdim edən şəxsə mövsud olmayan və onun tərəfindən inşa edilməyən əmlak barədə sərancam verərək həmin mülkun onun adına rəsmiləşdirmişdir. Belə ki, Raziyə Həsənova həmin dövrdə 1959-cu il tarixli nikah akt qeydini göstərərək bildirirdi ki, güya mərhum atası ilə 1959-cu ildə rəsmi olaraq ailə həyatı qurub. Halbuki, arxiv arayışında mərhum atası ilə Raziyə Həsənovanın nikah akt qeydinin mövcud olmaması qeyd edilmişdir. Raziyə Həsənovanın nikah akt qeydini qeyri-qanuni yolla əldə etməsinə səbəb isə öz övladlarının soyadlarını dəyişdirə və onlara şərik olmağını istəyirdi ki, bu yolla gələcəkdə ata mülkündən onlara da pay düşsün. Kirovabad şəhər xalq məhkəməsinin 1978-ci il tarixli qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş akta nəzər yetirəndə də, görünür ki, həmin vaxt Raziyənin soyadı Həsənova olmuşdur, 2002-ci ildə Namazova soyadı ilə şəxsiyyət vəsiqəsi almış, övladlarının birincisi 1960-cı il, sonuncusu isə 1968-ci il təvəllüldlü olduğu üçün həmin sənəd əsasında ovladların Namazov soyadının daşınalarına nail olmuşdur. Qeyd edilənləri əsas gətirən iddiaçı, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın qanunsuz hesab edilməsi tələbinə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsinə dair iddiaçının vəsatəti rədd edilmiş, məhkəmənin eyni tarixli digər qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə iddiaçı İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsində qeyd olunan müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllədə müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İddia ərizənin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi, niyyəti cavabdehin xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın ləğvidir. Bununla bağlı isə ən təsirli və effektiv iddia həmin sərəncam məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı iddiadır. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək hüquqi marağına uyğun dəqiqləşdirilmiş, “ xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia qaldırılması və buraxılmış müddətin bərpasına dair ərizə təqdim etməsi, yəni qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. Məhkəmənin sərəncamına cavab olaraq iddiaçı tərəf, sərəncamda qeyd edilən çatışmazlıqları aradan qaldırmamış və verilmiş iddia tələbi üzrə işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçıya edilən yardıma baxmayaraq məhkəmənin sərəncamında göstərilən tələblər onun tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə(üçüncü şəxs X7) qarşı Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 6805 nömrəli sərəncamın qanunsuz hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-65/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-65/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver