Məhkəmə qərarları › İş №2-1(114)-650/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-650/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-650/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Osmanov Usaməddin Hidayət oğlu, iddiaçı Azərbaycan Avtomobil X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Avtomobil X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən X1 adına verilmiş ******* nömrəli çıxarışın, plan və ölçünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia düzgün cavabdehə qarşı verilmədiyi üçün mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: 1-ci bəndinin 11-ci abzası-dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda ; ... Maddə 75. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 75-ci maddəsində (dövlət ehtiyacları üçün torpaq sahəsi üzərində mülkiyyət və icarə hüququna xitam verilməsi hissəsində) "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.09.2004-cü il tarixli, 2n-277 nömrəli məhkəmələrə tövsiyyə məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikası 01.06.2004-cü il tarixli, 677-11 QD nömrəli Qanunun redaksiyasında verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən ( Azərbaycan Respublikası Prezidentinin 14.06.2004-cü il tarixli 78 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, bu dövlət orqanı - Azərbaycan Respublikası Nazirlər Kabinetidir) və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız künülllülük əsasında özgəninkiləşdirilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının 01.06.2004-ci il tarixli 677-11 QD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində bir sıra dəyişikliklər edilmiş və torpaq mülkiyyətçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi sahəsində əlavə təminatlar verilmişdir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 5-ci bəndinin yeni redaksiyasına görə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi şərtləri və halları Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin on birinci abzasında isə təsbit edilmişdir ki, dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi məhz qanunla müəyyən edildikdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bu Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. qərara aldım: İddiaçı Azərbaycan Avtomobil X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən X1 adına verilmiş ******* nömrəli çıxarışın, plan və ölçünün ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar