Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-651/2020 15.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi mükəlləfıyyətli kimi 1993-cü ildə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. Silahlı Qüvvələrin N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək sıravi kimi xidmət etmişdir. 1994-cü ildə düşmənlə atəşkəs müqaviləsi bağlananadək Ağdam rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. O, ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müharibə Veteranı adı və Vəsiqəsinin verilməsi üzrə Komissiyaya müraciət edərək, ona müharibə veteranı və müvafiq vəsiqənin verilməsini xahiş etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 9/215077 nömrəli arayışı göndərilməklə kifayətlənmişdir. Həmin arayışda ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilib-verilməyəcəyi və ya bundan imtina edildiyi aşkar olmamışdır. Təkrar müraciətinə isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, SB/494 saylı arayışda onun xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olduğu qeyd edilmişdir. Hər iki sənəd inzibati aktın qəbulundan imtina hesab edilmədiyindən, eləcə də müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsindən imtinaya dair onun ünvanına rəsmi bildiriş göndərilmədiyindən, təkrar müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, l/X-17932 nömrəli məktubla X1 N nömrəli hərbi hissədə 1992-ci ilin may iyun aylarında pul cədvəllərindən çıxarışı “Veteran adlarının və müvafiq vəsiqlərinin verilməsi üzrə komissiya”ya göndərilməsi haqqında göstəriş verilməsi xahiş olunmuşdur. Daha sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, l/X-18894 nömrəli məktub göndərilmişdir. Həmin məktubda ona “Müharibə veteranı” adının və vəsiqəsi verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində baxıldığı qeyd edilmiş və barəmdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxxx 2019-cu il tarixli, 9/2-15077 nömrəli arayışına əsasən İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəf təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/X-18844 nömrəli və xx.xx.2019-cu il tarixli, 1/X-17632 nömrəli məktubları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, SB/494 nömrəli arayışı, xx.xx.1993-cü il tarixli buraxılış bileti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-10984 nömrəli arxiv və xx.xx.2019-cu il tarixli, 9/2-15077 nömrəli arxiv arayışları, xx.xx.2014-cü il tarixli, 9/2-20035 nömrəli məktubunun surəti, xx.xx.1984-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası xx.xx.2020-ci il tarixli, 11/3501 nömrəli məktubu və iddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). İddiaçının məcburetmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işmateriallarında olan; -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, SB/494 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-15077 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 57 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Şəmkir RHK-dan çağırılmış, 1966-cı il təvəllüdlü İddiaçı Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 27 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin təqdim etdiyi qeydiyyat vərəqsininin (kartoçkası) surətindən məlum olur ki, İddiaçı xx.xx.1993-cü i tarixdən (57 nömrəli əmr) xx.xx.1995-cı il tarixədək (27 nömrəli)N saylı hərbi hissədə xidmət etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adıçəkilən Əsasnamənin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə hərbi biletlər və hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddələrinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-651/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-651/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver