Məhkəmə qərarları › İş №2-1(114)-651/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-651/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-651/2022 03.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (təsisçisi) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) reyestr qeydinin qismən ləğv edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 12.01..2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, **********00 reyestri qeydinin qismən, İddiaçınə verilmiş 30 ha əkin sahəsinin 11 ha hissəsi ilə üstü-üstə düşdüyü hissədə ləğv edilməsi, 11 ha torpaq sahəsi üzərində İddiaçı daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(114)-679/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) qarşı Dövlət aktının qismən ləğv edilməsi, həmin Dövlət aktına əsasən verilmiş Çıxarışların ləğv edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarşın verilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, "xxxx" X11 İstehsalat Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının və həmin Dövlət aktına əsasən verilmiş 19.12.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışların B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında İddiaçınə verilmiş 50,0 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi, B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktında qeyd olunmuş 50,0 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq , bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd edilən qərarı qanuni qüvvəyə mindikdən sonra 50,0 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq , bu barədə müvafiq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 20,0 ha otlaq sahəsi üzərində hüququ qeydiyyata alaraq bu barədə çıxarış versə də, 30,0 ha əkin torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, 30 ha torpaq sahəsinin 11 ha hissəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsində olan **********00 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, məhkəmənin qərarı ilə "xxxx" X11 İstehsalat Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının və həmin Dövlət aktına əsasən verilmiş 19.12.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışların B 004688 nömrəli ‘Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında İddiaçınə verilmiş 50,0 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi barədə qərar verilmiş, lakin cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, məhkəmə qərarını çıxarışların qismən ləğv edilməsi hissəsində icra etməmiş, nəticədə 30 ha torpaq sahəsinin 11 ha hissəsinin Kənd Təsərrüfatı Nazirliyinin istifadəsində olan **********00 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirərək, İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almamışdır. Məhkəmənin 13.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, onda olan məlumata görə iddiaçı mübahisəli sahədən təqribən 15 ildir istifadə edir, ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh orqana şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-679/2021 nömrəli, 30.03.2021-ci il tarixli qərarı ilə İddia qismən təmin edilmiş,"xxxx" X12 İstehsal Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı və həmin Dövlət aktına əsasən verilmiş 19.12.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışlar B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında İddiaçınə verilmiş 50,0 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilmiş, B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktında qeyd olunmuş 50,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-519/2021 nömrəli, 17.06.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-679/2021 nömrəli, 30.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 16.12.2021-ci il tarixli, **********26 nömrəli məktubundan görünür ki, Göygöl rayonunda yerləşən 30 ha torpaq sahəsinin 11 ha hissəsinin Kənd Təsərrüfatı Nazirliyinin istifadəsində olan **********00 reyestr nömrəli torpaq sahəsi ilə üstüstə düşdüyünə görə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. İddiaçı hazırki iddia ilə **********00 reyestrin qeydinin qismən, İddiaçınə verilmiş 30 ha əkin sahəsinin 11 ha hissəsi ilə üstü-üstə düşdüyü hissədə ləğv edilməsi, 11 ha torpaq sahəsi üzərində İddiaçı daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xanlar rayon X8 28.02.1995ci il tarixli, 2 nömrəli qərarına əsasən Quşqara kəndi, X3 ərazisindən İddiaçı Kiçik Müəssisəsinə verilmiş 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi sonradan JN 1004 KOD 50801004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı ilə "xxxx" X12 İstehsal Müəssisəsinin daimi istifadəsinə verilmiş həmçinin həmin dövlət aktı əsasında 19.12.2019-cu il tarixli **********, **********, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla Göygöl rayonu Əlimədədli kəndində yerləşən 3.9131 ha, 0.672 ha, 1.7748 ha və 22.6653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” MMC-nin daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hallar cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatı ilə də məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmçinin müəyyən olunmuşdur ki, hazırda iddiaçının istifadəsində olan və onun istifadəsində olmasını məhkəmənin qərarı ilə təsdiq edilmiş torpaq sahəsinin 11 ha hissəsi **********00 dövlət reyestri ilə qeydə alınmış torpaq sahəsi ilə üst-üstdə düşür. Göründüyü kimi iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin sonradan digər subyektə verilməsi, eləcə də müvafiq çıxarışlarla həmin torpaq sahəsi üzərində həmin subyektin istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz olmuş və bununla da iddiaçının hüquqları pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə qeyd edir ki, İddiaçınə verilmiş 30 ha əkin sahəsinin 11 ha hissəsi ilə üstü-üstə düşdüyü hissədə **********00 reyestrin qeydi ləğv edilməli və 11 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən Xanlar rayon X8 28.02.1995-ci il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçının istifadəsinə verilmiş 50,0 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları dövlət qeydiyyatına alına bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 1.3-cü və 2.2-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı və şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. **********00 dövlət reyestr qeydi qismən, yəni İddiaçı MMC-yə verilmiş 30 ha əkin sahəsinin 11 ha hissəsi ilə üst-üstdə düşdüyü hissədə ləğv edilsin. 11 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar