Məhkəmə qərarları › İş №2-1(114)-652/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-652/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-652/2023 22.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı elektron xəritə məlumatlarında uyğunsuzluğun aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə mərhum əri X2 verilmiş JN-064 saylı Kod 50703028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən elektron xəritə məlumatlarında uyğunsuzluğun aradan qaldırılaraq torpaq sahəsinin 0.19 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 2018-ci ildə vəfat etmişdir, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə mərhum əri X2 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-064G saylı KOD 50703028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının ailəsinin istifadəsindədr. Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,19 ha göstərilmişdir. Lakin Ərazi idarəsinin elektron xəritə məlumatlarında torpaq sahəsinin ölçüsü 0, 01 ha kimi göstərilmişdir. İddiaçı qeyd olunan səhvin düzəldilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli, **********78 nömrəli etiraz göndərilərək bildirilmişdir ki, X1 adına tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" 19 iyul 2005-ci il tarixli, JN-064G saylı şəhadətnamə ilə Ərazi İdarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.19 ha göstərildiyi halda Ərazi İdarəsinin elektron xəritə məlumatlarında torpaq sahəsinin ölçüsü 0,01 ha kimi göstərilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********26 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1981-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş JN-064G KOD 50703028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə X3 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli bildirişindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə edilmiş Samux rayonu Alabaşlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, X3 0.01 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, JN-064G KOD 50703028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə X3 0.19 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd edilmişdir. İddiaçı həmin şəhadətnamə əsasında mərhum ərinə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, aparılan araşdırma zamanı X1 adına tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" 19 iyul 2005-ci il tarixli, JN-064G saylı şəhadətnamə ilə Ərazi İdarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmiş və bu səbəbdən onun ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı hazırki tələblə elektron xəritə məlumatlarında uyğunsuzluğun aradan qaldırılaraq torpaq sahəsinin 0.19 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdr. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçın elektron xəritə məlumatlarında uyğunsuzluğun aradan qaldırılmasındakı hüquqi marağı Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Samux rayonu Alabaşlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışda X3 0.01 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənəddə qeyd olunan məlumatlar arxiv məlumatlarında öz təsdiqini tapmır. Bu hal isə elektron xəritə məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılmasını istisna edir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı elektron xəritə məlumatlarında uyğunsuzluğun aradan qaldırılması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar