Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-653/2023 01.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan mülkiyyət hüququ üzrə iddiaçıya məxsusudur. Belə ki, xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin mülkə çıxarış alınmışdır. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi ev 53, mənzil 11 saylı mülkün yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarxində bildiriş göndərilərək sahəsi 45.9 kv.m olan Gəncə əhəri Cavadxan küçəsi ev 53 mənzil 11 saylı mülkün qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında qərar verilmişdir. Bu səbəbdən Gəncə şəhər İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən X1 xx.xx.2022-ci il tarixli 14 saylı Qəbul Aktı qəbul edilmişdir. Bundan sonra iddiaçı ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının ərizəyə ələvə edilmədiyi müəyyən edilmişdir. Həmçinin təqdim olunmuş etibarnamədə vətəndaşın ata adı göstərilməmiş, etibar edilmiş hərəkətlər sırasında sənədləşmə işlərinin aparılması qeyd edilməmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamış və iddiaçıya müvafiq cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 53, mənzil 11 daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti bölməsinin xx.xx.2010-cu il tarixli, 10-87 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin Atatürk prospektinə baxan fasadında lazımi antiseysmik tədbirlər görülməsi şərtilə müvafiq qaydada razılaşdırılmış layihə əsasında bir ədəd pəncərə boşluğunun qapı boşluğu ilə əvəz olunaraq bir ədəd yaşayış otağının mağaza kimi istifadə olunmasına Memarlıq və Tikinti bölməsi etiraz etmir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında” bildirişinin surətindən görünür ki, mülkiyyətçi tərəfindən arakəsmələrin sökülməsi, rekonstruksiya və yenidənqurma işlərinin aparılması, həmçinin mənzilin pəncərə boşluğunun razılaşdırılmış layihə əsasında qapı boşluğu ilə əvəz edilməsi şərtilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,9 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən X1 xx.xx.2022-ci il tarixli 14 nömrəli Qəbul Aktından görünür ki, Komissiyanın keçirdiyi texniki baxış zamanı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,9 kv.m hesab edilməsini nəzərə almaqla qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının ərizəyə ələvə edilmədiyi üçün iddiaçının ərizəsinin icrasından edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh orqanın imtinasının əsası kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının ərizəyə ələvə edilməməsi qeyd olunmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mənzil münasibətlərinə dair məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:- -2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. -20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. -21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: -sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir) -keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti) -keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) -keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. -21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Yuxarıda istinad olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı əsasında həyata keçirilir. Həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sənədlərin yoxlanılması, eləcə də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya dair halların müəyyən edilməsi həmin orqanın səlahiyyətlərinə aid edilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildirişə əsasən mülkiyyətçi tərəfindən arakəsmələrin sökülməsi, rekonstruksiya və yenidənqurma işlərinin aparılması, həmçinin mənzilin pəncərə boşluğunun razılaşdırılmış layihə əsasında qapı boşluğu ilə əvəz edilməsi şərtilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,9 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Deməli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərar səlahiyyətli dövlət orqanı tərəfindən artıq qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsi kimi qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 53, mənzil 11 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-653/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-653/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver