Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-653/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yenidən şəhadətləndirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 182 saylı travma haqqında arayışı əsas götürülməklə xx.xx.2011-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixli 2346 saylı arayışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixli 2700 saylı arayışın qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə Lerik rayonunda anadan olmuşdur, orta təhsilli olmaqla evlidir, üç uşaq atasıdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə tam aydın olur ki, o, düşmən tərəfindən atılan atəş zamanı döş qəfəsinin sol yarısında güllə yarası almışdır. Baş Klinik Hospitalının rəisinin xx.xx.2011-ci il tarixli 36 saylı arayışına əsasən cərrahiyyə əməliyyatından sonra belə qərara gəlinib ki, o, atılan güllənin nəticəsində döş qəfəsimin sol yarısı, ağ ciyərin zədələnməsi, ürəyin əzilməsi ilə təsdiqlənərək komissiyanın qərarına əsasən" hərbi travmadır", “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı ilə şəhadətləndirilmişdir. Bundan sonra müalicələrini davam etdirərək, baş klinikin psixiatriya bölməsində dəfələrlə yatmışdır. Bütün bunlardan sonra, 2016-cı ildən ona hərbi təqaüd təyin olunmuş və əlillik vəsiqəsi də verilmişdir. Əlilliyə görə 2021-ci ilə kimi təqaüd almış, lakin sonralar, yəni təqaüdünün müddəti bitdikdən sonra, təqaüdünü kəsmişlər. O, buna görə Baş Klinikada və lazımı yerlərdə olmuş və ona bildirilmişdir ki, 1465 saylı xəstəlik haqqında şəhadətnaməsində göstərilir ki, hərbi hissədən təqdim olunmuş xx.xx.2011-ci il tarixli 2346 saylı travma haqqında arayışda xəsarət hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınmışdır, cümləsi yazılıb. Bu da təqaüdün kəsilməsinə səbəb olmuşdur. Onun müraciətindən sonra hərbi hissənin N saylı travma haqqında arayışı ona verilmiş və həmin arayışda təsdiqlənir ki, "xəsarət döyüş tapşırığını yerinə yetirərkən" alınmış xəsarətdir. Bu zaman dövründə təqaüdünün bərpa olunmasına çalışsa da, ona hərbi həkim komissiyası məhkəmə tərəfindən 2346 saylı arayışın ləğv olunandan sonra təyin olunacağı bildirilmişdir. O, sonradan da müalicə olunaraq iş 27 saylı xx.xx.2023-ci il tarixli xəstəlik haqqında çıxarış alaraq, diaqnozu bir daha təsdiqləmişlər və ağırlaşdırıcı hal kimi tənəffüs çatışmamazlığını da göstərmişlər.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh N saylı hərbi hissə əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ilə əvəz edilmiş və hazırki iddia tələbi “yenidən şəhadətləndirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 182 saylı travma haqqında arayışı əsas götürülməklə xx.xx.2011-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
5. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2025ci il tarixə təyin edilmişdir.
6. İddiaçı məhkəmə iclasında işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
8. Məhkəmə aidiyyatla bağlı iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
12. İddiaçının hazırkı tələbi yenidən şəhadətləndirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 182 saylı travma haqqında arayışı əsas götürülməklə xx.xx.2011-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu da onu göstərir ki, onun iddiası hərbi qulluqçu kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həri Həkim Komissiyası ilə arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Bu halda mübahisənin aidiyyatı İPM-nin 8.1.3-cü maddəsinin təsiri altına düşməklə, həmin normada müəyyən edilmiş qaydada müəyyən edilməlidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
14. Həmin normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə; 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə; 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir.
15. İddiaçının xidməti yaşayış sahəsi ilə təmin edilməsi hazırki iş materialları ilə müəyyən edilmir.
16. Belə olan halda, yəni iddiaçının xidməti yaşayış sahəsi olmadığı üçün aidiyyat qaydalarına görə hazırkı mübahisədə səlahiyyətli məhkəmə iddiaçının yaşayış yeri üzrə müəyyən edilir.
17. İş materialları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yer ünvan 1 ünvanıdır.
18. Belə olan halda iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə Şirvan İnzibati Məhkəməsidir.
19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
20. İddiaçının qeydiyyat yeri olan Lerik rayonu Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
21. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yenidən şəhadətləndirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 182 saylı travma haqqında arayışı əsas götürülməklə xx.xx.2011-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
22. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yenidən şəhadətləndirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 182 saylı travma haqqında arayışı əsas götürülməklə xx.xx.2011-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva