Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-654/2021 26.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 40,2 m2 torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində 40,2 m2 torpaq sahəsində yerləşən, şəxsi vəsaiti hesabına tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsinin 21.11.1998-ci il tarixli 38 nömrəli sərəncamı ilə ona ayrılmış 6,7x6 m, cəmi 40,2 m2 ölçüdə torpaq sahəsi üzərində şəxsi vəsaiti hesabına qeyri-yaşayış binası tikdirmişdir. Daha sonra həmin torpaq sahəsi bələdiyyənin mükiyyətinə verildiyi üçün Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli qərarı ilə 50 il müddətinə iddiaçıya icarəyə verilmiş, qərara bələdiyyənin tikinti və memarlıq söbəsinin torpaq sahəsinin sxemi əlavə edilmiş və həmin qərarla 21.11.1998-ci il tarixli 38 nömrəli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının sərancamı əsasında yaradılımış Tikintisi Başa Çatmış Sosialı- Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə istismara qəbul edilməsi barədə akta əsasən qeyri-yaşayış binasının tikintisi tamamilə başa çatmış obyekt hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarxli 116 nömrəli qərarına və 05.03.2004-cü il tarixli istismara qəbul aktına əsasən 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə 09.02.2021-ci il tarixdə cavabdeh orqana müraciət etməsinə baxmayaraq sonuncu təqdim edilən sənədlərin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunla müəyyən edilən tələblərə uyğun olmadığına görə imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar qeyri-yaşayış binası və torpaq sahəsinə dair təqdim edilən sənədlərdə bir sira çatışmazlıqlar olmuşdur. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 11 nömrəli qərarı ilə 40.2 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə qərar, torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2007-ci il tarixli müqavilə təqdim olunmuş, lakin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin plan və ölçü sənədləri təqdim olunmamışdır. Bundan əlavə qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tikintiyə icazə sərəncamı da təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi və üzərində inşa edilmiş qeyri yaşayış binasının vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Vətəndaşın müraciəti torpaq sahəsi və tikiliyə dair hüquqmüəyyənedici sənədlər tam təqdim olunmadığından hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbəbdən iddia tələbinin əsassız olduğunu nəzərə alaraq təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini torpaq sahəsinin icarəyə verilməsi barədə Bərdə şəhəri Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli Qərarı, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 06.01.2003-cü il tarixli 17 nömrəli sərəncamı ilə yaradılmış Tikintisi Başa Çatmış Sosialı-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə qeyri-yaşayış binasının istismara qəbul akt, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu, Torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçıyla Bərdə rayon Bərdə Bələdiyyəsinin 30.03.2007-ci il tarixli müqaviləsi, 7 saylı Bərdə Ərazi İdarəsinin 12.02.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 12.02.2021-ci il tarixli ********** nömrəli nömrəli imtina məktubunda göstərmişdir ki, sənədlərin ekspertizası zamanı Bərdə rayonu Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 11 nömrəli qərarı ilə 40.2 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə qərar, torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2007-ci il tarixli müqavilə təqdim olunmuş, lakin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahə seçmə aktı, torpaq sahəsinin plan və ölçü sənədləri, qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tikintiyə icazə sərəncamı təqdim olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bərdə rayonu Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində şəxsi vəsaiti ilə tikdirdiyi mağaza binasının yerləşdiyi 6,7x6 m, cəmi 40,2 m2 ölçüdə torpaq sahəsi iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının 06.01.2003-cü il tarixli 17 nömrəli sərəncamı ilə yaradılmış Tikintisi Başa Çatmış Sosialı-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə istismara qəbul aktının surətindən görünür ki, Bərdə memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə, smeta sənədləri əsasında sahəsi 40,2 m2, bir mərtəbəli olmaqla Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli sərəncamı əsasında İddiaçı mağaza tikmək üçün ayrılmış 40,2 m2 torpaq sahəsində inşa edilərək tikintisi tamamilə başa çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Ü. Hacıbəyov küçəsində yerləşən mağaza binası sahibkar İddiaçı Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli sərəncamı və Tikintisi Başa Çatmış Sosialı-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyasının 05.03.2004-cü il tarixli istismara qəbul aktı əsasında qeyri-yaşayış binasının Texniki Pasportu verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçıyla Bərdə Bələdiyyəsi arasında bağlanmış 30.03.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, 30.03.2007-ci il tarixli 03 nömrəli X3 əsasən sahəsi 40,2 m2 torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 50 il müddətinə illik 40 manat icarə haqqı ödəməklə İddiaçı icarəyə verilmişdir. Mübahisəli qeyri-yaşayış binası üzrə hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın Əsasları Haqqında” Qanunun 1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir. Həmin Qanunun 19-cu maddəsinə əsasən şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın Əsasları Haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın Əsasları Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Qeyd olunan qanunvericilik aktlarından başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 №-li əmri ilə təsdiq olunmuş “Daşınmaz Əmlak Üzərində Hüquqların Qeydiyyatı, X8 Edilməsi və Dövlət Reyestrindən Arayışlar X12 Sənədlərin Qəbulu, Dövriyyəsi, X9 Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim olunması tələb olunur. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz mövcud olmalıdır ki, həmin qeyri yaşayış binasının dövlət reyestrindən qeydiyyatının aparılması mümkün olsun. Bundan əlavə “X4 Edilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması X5 Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (Qanunun 6.5-ci maddəsinin hüquq münasibətləri yaranan vaxtı qüvvədə olan redaksiyası) “X1 X6 və X2” Əsasnamənin 6-cı bəndinə görə bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin hüquq münasibətləri yaranan vaxtı qüvvədə olan 7-ci bəndinə görə ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Qeyd olunan Əsasnamənin 21.,22.,23.,24-cü bəndlərinin tələbləri əsasında torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. İşdə olan sübutlardan göründüyü kimi iddiaçı 30.03.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən başqa yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə uyğun mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası həmin vaxtı qüvvədə olmuş «Şəhərsalmanın Əsasları Haqqında» Azərbaycan Respublikası Qanununun, «X4 Edilməsi Haqqında» Azərbaycan Respublikası Qanununun, «X1 X6 Və X2» Əsasnamənin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində yerləşən 40,2 m2 torpaq sahəsi üzərində şəxsi vəsaiti hesabına tikdirdiyi qeyriyaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-654/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-654/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver