Məhkəmə qərarları › İş №2-1(114)-654/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-654/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-654/2024 15.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Meliorasiya sutikinti idarəsinin Qazax trestində aşbaz işləmişdir.

2. Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 112 nömrəli orderdən görünür ki, Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı və onun ailə üzvləri – X2, X7, X8, X9 verilmişdir.

3. Qazax rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 12/1909-05/69 nömrəli arayışına əsasən X11 xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu, Cəfərli kəndində ölmüş və bu barədə xx.xx.2022-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsində 724 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur.

4. Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 5-58-13-17/2-151 nömrəli arayışına əsasən ünvan 1 ünvanı həqiqətən xx.xx.1988-ci il tarixdə verilmiş 112 nömrəli orderə əsasən İddiaçı adınadır. Həmin evin yaşayış sahəsi 37.04 kv.m olmaqla 3 otaqdan ibarətdir. Orderə və hal-hazırda Qazax rayon Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin xx.xx.2022-ci ildə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışına əsasən qeydiyyatda olanlar aşağıdakılardır: - İddiaçı – mülkiyyətçi; - X3 – arvadı; - X12 – oğlu; - X13 – oğlu; - X10 – nəvəsi; - X15 – nəvəsi.

5. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən məlum olur ki, X13, X3 və X1 şəhəri, Nəriman Nərimanov qəsəbəsi, ev 49, 57 saylı ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmədiklərini bildirilmişlər.

6. İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün əsas kimi təqdim edilmiş sənədlər kserosurət olduğundan sənədlərin qanunauyğunluğunun tam şəkildə ekspertiza olunması mümkün olmamışdır. Bununla belə kserosurəti təqdim edilmiş sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən edilmişdir ki, hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş Qazax rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 112 nömrəli orderə sonradan müdaxilələrin olması şübhəsi yaranmışdır. Bu səbəbdən təqdim edilmiş orderin həqiqiliyinə münasibət bildirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinə və Qazax rayon Dövlət Arxivinə **********84 və **********93 nömrəli məkutblarla müavfiq qaydada sorğular göndərilmişdir. Qazax rayon Dövlət Arxivi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən mənzillə bağlı hər hansı arxiv məlumatları aşkar edilməmişdir. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən soröuya cavab olaraq bildirilmişdir ki, orderin nüsxəsi Qazax Mənzil İstismar sahəsində mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

7. Məhkəmənin sorğusuna Qazax Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5- 58-15-11/2-419/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində tikilmiş binalara aid hər hansı sənəd Dövlət Arxivində saxlanılmır. Nərimanov qəsəbəsində aparılan tikintilər Bakı şəhərində yerləşən 15 saylı tikinti tresti tərəfindən aparılmışdır (Su-15). Və bütün orderlərin əksəriyyəti həmin trestdə işləyən fəhlələrə idarə tərəfindən verilmişdir. Məktubda göstərilən XDS-nin xx.xx.1988-ci il tarixli qərarı mövcud deyildir. XDS-nin xx.xx.1988-ci il tarixli 4 nömrəli qərarına əsasən rayon XDS İcraiyyə Komitəsi yanında mənzil məsələlərinə baxan İctimai Komissiyasının xx.xx.1988-ci il tarixli 7 saylı protokolunun təsdiqi haqqında göstərilmişdir. “Qazax Meliorasiya sutikinti” idarəsinin fəhlə və qulluqçuları üçün tikilmiş 60 ailəlik yaşayış binası aşağıdakı qaydada bölünmüşdür. Azərbaycan baş “Meliorasiya sutikinti” idarəsinin xx.xx.1988-ci il tarixli 73 nömrəli əmrinə əsasən 51 nəfərə order verilmişdir. Adlı siyahı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qalan vətəndaşların adlı siyahısında İddiaçı adı və soyadı aşkarlanmadı.

8. Məhkəmənin sorğusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 5-58-13-17/2-252/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına verilmiş XDS İK-nin 112 nömrəli xx.xx.1988-ci il tarixli orderinin kötüyü Qazax Mənzil İstismar Sahəsində saxlanılır və orderin təsdiqli surəti məhkəməyə göndərilmişdir.

9. Məhkəmənin sorğusuna Qazax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5- 58-15-11/2-54/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 3 nömrəli qərarı bu tarixlə deyil, xx.xx.1998-ci il tarixdə qəbul edilmişdir. Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 3 nömrəli qərarında isə mənzil sahəsinin ayrılması ilə bağlı məsələlərə baxılmamışdır. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində tikilmiş binalara aid hər hansı sənəd Dövlət Arxivində saxlanılmır. Nərimanov qəsəbəsində aparılan tikintilər Bakı şəhərində yerləşən 15 saylı tikinti tresti tərəfindən aparılmışdır (Su-15). Və bütün orderlərin əksəriyyəti həmin trestdə işləyən fəhlələrə idarə tərəfindən verilmişdir. Məktubda göstərilən XDS-nin xx.xx.1988-ci il tarixli qərarı mövcud deyildir. XDS-nin xx.xx.1988-ci il tarixli 4 nömrəli qərarına əsasən rayon XDS İcraiyyə Komitəsi yanında mənzil məsələlərinə baxan İctimai Komissiyasının xx.xx.1988-ci il tarixli 7 saylı protokolunun təsdiqi haqqında göstərilmişdir. “Qazax Meliorasiya sutikinti” idarəsinin fəhlə və qulluqçuları üçün tikilmiş 60 ailəlik yaşayış binası aşağıdakı qaydada bölünmüşdür. Azərbaycan baş “Meliorasiya sutikinti” idarəsinin xx.xx.1988-ci il tarixli 73 nömrəli əmrinə əsasən 51 nəfərə order verilmişdir. Adlı siyahı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qalan vətəndaşların adlı siyahısında İddiaçı adı və soyadı aşkarlanmadı.

10. Məhkəmənin sorğusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 5-58-13-17/2-211/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanı dövlət mənzil fonduna məxsus olmaqla Qazax Mənzil İstismar Sahəsinin balansındadır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməklə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, Qazax rayon X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 fevral 1988-ci il tarixli 112 nömrəli order əsasında ona və ailə üzvlərinə ünvan 6 ünvanda yerləşən mənzil verilmişdir. Orderdə ailə üzvü kimi qeyd edilən oğlu X11 22 sentyabr 1988-ci il tarixdə vəfat etmişdir. Həmin mənzildə bu günədək onlar yaşayırlar. Bununla bağlı cavabdehə təqdim etmək üçün arayış (forma 2) verilmişdir. Bütün sənədləri əlavə edilməklə cavabdehə mənzilinin özəlləşdirilməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etmişdir. 15 avqust 2023-cü il tarixli məktubla həmin təşkilat tərəfindən imtina edilmişdir. İmtinada əsas kimi göstərirlər ki, guya ki təqdim etdiyi orderə mudaxilə edilmişdir. Bundan başqa qeyd edirlər ki, bu order arxivdə saxlanılmır. Ancaq Qazax Mənzil İstismar sahəsinin verdiyi məktubda isə qeyd edilir ki, bu orderin nüsxəsi onlarda saxlanılır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdehin yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

22. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi). Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçası; - Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 112 nömrəli orderi; - Qazax rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 12/1909-05/69 nömrəli arayışı; - Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 5-58-13-17/2-151 nömrəli arayışı; - xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələr; - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023cü il tarixli 5-58-15-11/2-419/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 5-58-15-11/2-54/2024 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 5-58-13-17/2-252/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 5-58-13-17/2-211/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 112 nömrəli orderinə əsasən, Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı və onun ailə üzvləri – X2, X7, X8, X9 verilmiş, sonuncu həmin tarixdən sözügedən mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dğvlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-K-0039- 8/2023 nömrəli məktubu ilə hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş Qazax rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 112 nömrəli orderə sonradan müdaxilələr edildiyi üçün ərizənin icrasından imtina edilmişdir.

28. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

30. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli X14nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

32. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

33. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən dövlət mənzili İddiaçı və onun ailə üzvlərinə yaşamaq üçün verilmiş və ona bu barədə xx.xx.1988-ci il tarixli 112 nömrəli order verilmişdir.

34. Mübahisəli mənzilin orderində adları qeyd olunan şəxslər X13, X3 və X12 iddiaçının ailə üzvləri olmaqla, adları birbaşa orderdə qeyd edilmiş, hazırda da həmin şəxslərin sözügedən evdə qeydiyyatda olmaqla hər biri notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri ilə mənzilin ailə üzvü olan İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

35. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, ərizəyə əlavə edilmiş orderdə müdaxilə edildiyini əsas götürmüşdür.

36. Belə ki, orderdə İddiaçı ailə üzvləri kimi X3, X12, X11 və X4 adları göstərilmiş, sonradan X5 adının üzərindən xətt çəkilmişdir.

37. Məhkəmənin tələbi ilə həm iddiaçı Qazax rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 112 nömrəli orderinin onda olan əslini, həm də Qazax Mənzil İstismar Sahəsində saxlanılan əsli məhkəməyə təqdim edilmiş və onların eynilik təşkil etdiyi müəyyən edilmişdir.

38. Cavabdehin nümayəndəsi əvvəlki iclasda orderdəki yazıların fərqli qələmlərlə doldurulması halına da istinad etmişdir ki, Qazax Mənzil İstismar Sahəsində saxlanılan əslinə baxış keçirilən zaman onun da eyni qayda ilə doldurulduğu müəyyən edilmişdir.

39. Orderin iddiaçıda olan surətində X5 adının üstündən xətt çəkilməsi məsələsinə gəlincə isə, məhkəmə qeyd edir ki, X11 hazırkı İddiaçı ailə üzvü, yəni oğlu olmaqla sonuncunun adına order verilən zaman sağ olmuş, lakin xx.xx.1988-ci il tarixdə vəfat etdiyindən, orderdə adının üzərindən xətt çəkilmişdir.

40. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.

41. Məhkəmə onu da qeyd edir ki, aparılmış araşdırma zamanı sözügedən mənzilin dövlət mənzil fonduna aid olmaqla Qazax Mənzil İstismar Sahəsinin balansında olması müəyyən edilmişdir.

42. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

43. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

44. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.

45. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməklə, onun mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar