Məhkəmə qərarları › İş №2-1(114)-6541/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6541/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6541/2025 27.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və üçüncü şəxslərdən X2 iştiraklarları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X5 və X1 Gəncə şəhəri,DOS-101, ev 57, mənzil 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə şəhəri,DOS-101, ev 57, mənzil 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2025-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əsasında üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bilmişdir. İddiaçı üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X5 və X1 ona məxsus olan Gəncə şəhəri,DOS-101, ev 57, mənzil 2 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə ona məxsusdur . Həmin mənzilin ümumi sahəsi 73 20 kv m-dən ibarətdir. 3-cü şəxslər X5 və X4 mənzil hüququna sahib deyil və onun ailə üzvü olmayan şəxslərdir. Bu şəxslər onun mülkiyyət hüququmu pozur, sərəncam vermək və digər hüquqlarımı məhdudlaşdırırlar. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 saylı SİƏD üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli 5-1-5/2-53/2025 nömrəli məktubuna əsasən üçüncü şəxslər qeyd olunan ünvanda yaşamırlar. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025ci il tarixli, 3-16-5/8-10-2295/2025 saylı məktubundan məlum olur ki, üçüncü şəxslər iddiaçının ailə üzvi sırasına aid deyil. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 12858/2025 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 28 iyul 2025-ci il tarixli, 4Ə-1511 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil X3 tərəfindən İddiaçı satılmış və onun adına 07 avqust 2025-ci il tarixli, **********53-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı və üçüncü şəxslərdən X5 məhkəmə iclasına gəlmiş, cavabdeh məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və digər üçüncü şəxs isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxslərdən X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, həmin nüvanda 1989-cu ildən qeydiyyatdan olduğunu, iddiaçı çıxarış alan zaman ona ev 57 ünvanı ilə çıxarış verildiyini, hansı ki həmin mənzil onun qeydiyyatda olduğu mənzilin nömrəsidir, evlər isə ayrı-ayrı evlər olduğunu bildirərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-12858/2025 nömrəli cavab məktubu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-2295/2025 saylı məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-12858/2025 nömrəli cavab məktubu,cavabdehin imtinası təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2025-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri,DOS-101, ev 57, mənzil 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında üçüncü şəxslərin Gəncə şəhəri,DOS-101, ev 57, mənzil 2 ünvanında qeydiyyatda olduqları göstərilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-12858/2025 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 28 iyul 2025-ci il tarixli, 4Ə-1511 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil X3 tərəfindən İddiaçı satılmış və onun adına 07 avqust 2025-ci il tarixli, **********53- 05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 saylı SİƏD üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixli 5-1-5/2-53/2025 nömrəli məktubuna əsasən üçüncü şəxslər qeyd olunan ünvanda yaşamırlar. Həmçinin üçüncü şəxs X2 məhkəmə iclasında verdiyi izahatında qeydiyyatda olduğu ünvan 3 ünvanla eyni olmadığını, yalnız ünvan gösətricilərinin eyni olduğunu, lakin mənzillərin fərqli olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil ilə eyni ünvan göstəricilərinə malik digər mənzil də mövcuddur ki, hazırda iddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslərdə iddiaçıya məxsus mənzil də deyil, eyni ünvan göstəricilərinə malik digər mənzildə qeydiyyatdadırlar və həmin mənzildə də yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar