Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-655/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, iş stajının saxlanılması və əmək pensiyasının axımının bərpası tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Ağstafa rayon şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onun xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin "Azkal" adlanan avtomobil dəstəsində sürücü işlədiyi müddətin sosial sığorta stajına hesablanması, iş stajının saxlanılması və əmək pensiyasının axımının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin “Azkal” adlanan avtomobil dəstəsində sürücü işləmişdir. Bu onun əmək kitabçasında da qeyd edilmişdir. Cavabdeh onun bu illərini sosial sığorta stajına hesablamaqdan imtina etmiş, müxtəlif bəhanələr gətirmişdir. İşlədiyi bu illərin arxivi xx xxxxxx 2020-ci il tarixli məktubunda göstərildiyi kimi sorğu əsasında yoxlanılmış və Fondun Nizami rayon şöbəsi buna cavab olaraq bildirmişdir ki, arxiv sənədlərinin saxlandığı ünvan məlum olunmadığından yoxlamaq mümkün olmamışdır. Göstərilir ki, bu səbəbdən də pensiya ödənişi dayandırılmışdır. Bu məktubun nəticəsi barədə yəni, Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin də xəbəri vardır. Ona görə də cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və onların üzərinə onun xx.xx.1998-ci il tarixdən xx.xx.2000ci il tarixə kimi olan müddətdə Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin “Azkal” adlanan avtomobil dəstəsində sürücü işlədiyi müddətin sosial sığorta stajına hesablanması vəzifəsi qoyulmalıdır. Onun sürücülükdən başqa peşəsi yoxdur. 1975-ci ildən 2000-ci ilə qədər rayonda və Qazax rayonunun bir neçə avtobazasında, həmçinin 1998-2000-ci illərdə Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin “Azkal” adlanan avtomobil dəstəsində sürücü işləmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq işini buraxmağa məcbur olmuşdur. Əmək stajı müəssisənin kadrlar şöbəsi tərəfindən möhür və imza ilə təsdiqlənib. Sözügedən “Azkal” avtomobil dəstəsində Qazax rayonunun Kəmərli kənd sakini X4 və Qazax şəhəri, ünvan 1 ünvanında yaşayan X2 da onunla birlikdə həmin idarədə işləmişlər. 2018-ci ilin mart ayında yaşa görə pensiya almaq barədə cavabdeh təşkilata ərizə ilə müarciət etmiş və xx.xx.2018-ci il tarixdən sosial təminat qanunvericiliyə uyğun olaraq 160 manat pensiya təyin olunmuşdur. Lakin cari il yanvarın 1-dən pensiyası dayandırılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Ağstafa rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda cavabdeh inzibati orqanda struktur dəyişikliyi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Ağstafa rayon şöbəsi təyinat aparmayan qurumlar qrupuna daxil edilmiş, iddiaçının qeydiyyatda olduğu ərazi üzrə təyinatın aparılması Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunmuşdur. İnzibati orqan tərəfindən iddiaçının yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı hər hansı inzibati akt-qərar qəbul edilməmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti olmadığından inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından və cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 143 olduğundan və həmin ərazi Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, iş stajının saxlanılması və əmək pensiyasının axımının bərpası tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-655/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-655/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver