Məhkəmə qərarları › İş №2-1(114)-655/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-655/2022

01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-655/2022 01.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) üçüncü şəxsin adına işlənmiş reyestr qeydinin ləğv edilməsi və həmin mənzilin dövlət reyestrində onun adına qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 yerləşən mənzili 2003-cü ildə özəlləşdirmiş, həmin mənzilə dair ona 2003-cü il tarixli, 2-342 reyestr nömrə ilə qeydə alınmış Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzilə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, guya mənzilin arxiv məlumatları ilə onda olan sənədlər arasında uyğunsuzluq olduğu bildirilərək, imtina edilmişdir. Mənzil özəlləşdirilərkən Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının 12 fevral 1996-cı il tarixli, 39 nömrəli sərəncamına istinad edilmiş, yəni mənzilin özəlləşdirilməsi tam qanuni əsaslarla aparılmışdır. Arxiv sənədlərindəki uyğunsuzluq onun evinə çıxarışın verilməsindən imtinaya səbəb ola bilməz. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanına dair X2 adına işlənmiş reyestr qeydinin ləğv edilməsi və həmin mənzilin dövlət reyestrində onun adına qeydə alınması” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən mənzili 1993-cü ildə Şərif adlı şəxsdən almış, həmin vaxtdan ailə üzləri ilə birlikdə həmin mənzildə yaşayır, alqı-satqı Daşkəsən notariusunda aparılmış, lakin həmin notariusun 2005-ci ilədək olan arxiv sənədləri yandığına görə evin arxiv sənədləri mövcud deyil. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən mənzilin digər şəxsin (xx.xx.1993-cü il tarixli, 342 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən X3) məxsus olduğu müəyyən edilmişdir. Eyni zamanda, arxiv qovluğunda aşkar edilmiş ünvan 1-ə dair 1993-cü ildə tərtib edilmiş texniki pasport İddiaçı adına işlənsə də, arxiv işində bu əmlakın iddiaçıya məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Göründüyü kimi mübahisəli əmlaka dair başqa şəxsə də qeydiyyat vəsiqəsi verilmişdir, bu səbəbdən də iddiaçının adına çıxarış verilə bilməz. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən Dövlət Tikinti və Arxitektura Komitəsi X4 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş 342 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 mülkiyyət hüququ əsasında 2-342 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X4 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş 342 inventar nömrəli Texniki pasportdan görünür ki, ünvan 1-in texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -Daşkəsən Rayon İcra hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələr Kombinatının xx.xx.2022-ci tarixli, 10 nömrəli arayışından görünür ki, ünvan 1-in sahibi İddiaçıdur, həmin evdə onunla birgə ailə üzvləri daimi qeydiyyatdadırlar. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktubdan görünür ki, “Qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabı”na əsasən Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 28 ünvanında yerləşən 21 saylı mənzilə dair xx.xx.1993-cü il tarixli, 78 nömrəli qərarı əsasında X2 adına qeydiyyata alınaraq xx.xx.1993-cü il tarixli, 2-342 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmiş, lakin arxiv qovluğunda sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. -Daşkəsən rayon Dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixədək rayon dövlət notariat ofisi arxiv məlumatlarına malik deyildir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 2-342 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, ünvan 1 2-342 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmışdır və iddiaçının adına fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2003-cü il tarixli Texniki pasport işlənmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçıda olan sənədlərin (2-342 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.2003-cü il tarixli Texniki pasportun) mötəbərliyini mübahisələndirməmiş, yalnız həmin mənzilin arxiv məlumatlarına əsasən digər şəxsə məxsus olduğunu, eyni zamanda arxiv qovluğunda sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədlərin aşkar edilmədiyini əsas gətirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd edilməlidir ki, eyni mənzilin eyni reyestr nömrəsi (342) altında iki fərqli şəxsin adına qeydə alınması cavabdeh qurumun qüsurlu hərəkəti kimi qiymətləndirilməli və bunun aradan qaldırılması da həmin quruma həvalə edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Bununla yanaşı, müəyyən olunur ki, mübahisəli mənzildən iddiaçı istifadə edir. Odur ki, iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsinin arxiv sənədlərinin olmaması ilə bağlı cavabdehin dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, üçüncü şəxsin adına aparılmış qeydin də hüquqmüəyyənedici sənədləri yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanına dair X2 adına işlənmiş reyestr qeydi ləğv edilməli və həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 ünvanına dair X2 adına işlənmiş reyestr qeydinin ləğv edilməsi və həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar