Məhkəmə qərarları › İş №2-1(114)-655/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-655/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-655/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qərarın ləğvi və ünvanlı dövlət sosial yardımının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 11 saylı Vergilər Departamentində qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.4307 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli və müraciətləri əsasında müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir.

4. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 14,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat və xx.xx.2023-cü il tarixdə 7,00 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xidməti məktubunda bildirilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli müraciətləri əsasında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı qeyd olunmuş müraciətlərinə qurumlarla yoxlanılması əsasında imtina edilməsi səbəbilə, ÜDSY işi ilə bağlı imtina edilməsinə və imtinanın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması Mərkəzi Filialın səlahiyyətləri xaricindədir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********101400 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı (VÖEN **********) tərəfindən vergilər üzrə xx.xx.2020-ci il tarixdə 9,00 manat, xx.xx.2023-cü il tarixdə 14,00 manat, məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2022-ci il tarixdə 5,90 manat, xx.xx.2020-ci il tarixdə 30,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat, xx.xx.2023-cü il tarixdə 7,00 manat vəsait köçürülmüşdür. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətlərinə imtina qərarı verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş qərarın ləğv edilməsi, aztəminatlı ailə kimi ailələrinə ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdikləri xx.xx.2023-cü il tarixdən təyin edilməsi üçün cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Həsənqaya kəndində yaşayır. Ailə təmsilçisi olduğu ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq birinci dəfə xx.xx.2023-cü il tarixində, ikinci dəfə xx.xx.2023-cü il tarixində Vahid elektron müraciət və təyinat altsisteminə (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə №-si: **********551). Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətlərinə cavab veriləcəyi bildirilsə də, 1-ci dəfə 1 aydan (30 gündən) sonra heç bir aidiyyəti olmayan səbəbə görə, “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə”, 2-ci dəfə isə 1 ay 10 gündən (40 gün) sonra imtina olunmasına heç bir səbəb qeyd edilmədən (bildirişlərin surəti əlavə olunur) sosial yardım təyin edilməsindən imtina edilmişdir. Ailələri 4 nəfərdən, özü, həyat yoldaşı və iki az yaşlı övladından ibarətdir. Bərdə rayonu, Həsənqaya kəndində 0,44 hektar 2-ci qrup pay torpağı vardır. Pay torpağını becərərək güc bəla ilə ailəsini dolandırır. Pay torpağına görə MDSS ödənişini edir. “Məşğulluq haqqında “ Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində pay torpağı olan şəxslərin məşğul şəxs olduğu qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərinə hansı səbəbdən imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” saylı qaynar xəttinə müraciət etdikdə əsaslı cavab vermək əvəzinə qeyri-müəyyən cavablar verirlər. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda hansı hallarda sosial yardımın təyin eddilməsindən imtina olunması barədə ətraflı yazılmışdır. Nədənsə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən qanunların tələbləri pozularaq qanundan kənar bəhanələrlə müraciətlərə imtina cavabı verilir. Pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, ödənilməməsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərarı qanunsuz hesab edir (ödəniş qəbzinin surəti əlavə edilir). Çünki bu barədə (ödəniş edilməməsi barədə) onlara nə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixdə imtina qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2023-cü il tarixdə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə təyin edilməsi barədə qərar qəbul edilməsinə yönəlmişdir və həmin marağın təmin edilməsi üçün ilk növbədə xx.xx.2023-cü il tarixli imtina qərarı ləğv edilməlidir.

13. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixdə imtina verilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı işdə iddia qaldırmaq üçün müəyyən edilmiş müddətin ötürülməsi halı müəyyən edilmir

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

20. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur.

21. Etiraz onunla əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli müraciətləri əsasında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İş materiallarına əsasən İddiaçı ailəsi 4 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, həyat yoldaşı və iki azyaşlı övladı. Ailənin mülkiyyətində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,44 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son iki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar" qrafasında təmsilçinin özü İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir (VÖEN **********). VEMTAS-a baxış zamanı təmsilçinin həyat yoldaşı İddiaçı ÜDSY hüququnun yaranması üçün məşğulluğunun torpaq mülkiyyəti ilə təmin edilməsi və təyinat dövründə mülkiyyətə bağlı VÖEN (**********) üzrə MDSS ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Belə ki, MEİS-in "Sığorta AS” (Birbaşa daxil olan ödənişlərin uçotu) proqramında İddiaçı məxsus VÖEN üzrə aparılan yoxlama zamanı təyinatdan əvvəl sonuncu MDSS ödənişin xx.xx.2020-ci il tarixdə 30 (otuz) manat məbləğində olması, həmçinin ailəyə sosial yardımın verilməsindən imtina edildikdən sonra xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat məbləğində və xx.xx.2023-cü il tarixində isə 7 (yeddi) manat məbləğində MDSS ödənişinin edilməsi müəyyən edilmişdir. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəvicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq xx.xx.2023-cü il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış, xx.xx.2023-cü il tarixdə 7 (yeddi) manat məbləğində və xx.xx.2023-cü il tarixində isə 7 (yeddi) manat məbləğində MDSS ödənişlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il tarixli **********55101 nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması" imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi sübuta yetirilir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsini icarəyə verməmişdir, həmin torpaq sahəsində əkin-biçinlə məşğul olur.

24. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, şəxsin MDSS ödənişlərinin olmaması ona görə imtinaya səbəb olur ki, ÜDSY almaq üçün müraciət etmiş şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış və bu əsasla imtina verilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzləri; - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xidməti məktubu; - Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********101400 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********55101 nömrəli və xx.xx.2023-cü il tarixli **********55102 nömrəli müraciətləri əsasında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir.

29. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

33. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina edərkən cavabdeh ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad etmişdir.

34. Cavabdehin nümayəndəsi X3 isə iclas zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, şəxsin MDSS ödənişlərinin olmaması ona görə imtinaya səbəb olur ki, ÜDSY almaq üçün müraciət etmiş şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış və bu əsasla imtina verilmişdir.

35. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin orta aylıq gəlirlərini müəyyən edilməsi üçün iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (pay) torpaq sahəsindən əldə etdiyi gəliri MDSS ödənişləri vasitəsilə müəyyən etdiklərini və iddiaçının belə MDSS ödənişləri olmadığı üçün gəlirlərini müəyyən etməyin mümkün olmadığını əsas gətirərək, ÜDSY təyin edilməsindən imtina etmişdir.

36. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının görə 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

37. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz.

38. Digər tərəfdən, həmin əsas adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir.

39. Belə ki, həmin Qaydalara görə: Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

40. Göründüyü kimi, iddiaçının onun təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətinə verilmiş imtina əsaslı olmamışdır.

41. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının təmsil etdiyi ailənin maddi-məişət müayinəsi həyata keçirilmədiyindən ona ünvanlı sosial yardımın təyin edilməsinə dair məhkəmə qərar qəbul edə bilməz.

42. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.

44. “İnzibati icraat haqqında” Qanun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

45. Məhkəmə qeyd edir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlər iki istiqamətdə yoxlanır. Birincisi, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, ikincisi isə, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması.

46. Qanunvericilik hər iki yoxlamanı mərhələli şəkildə, yəni birini digərindən sonra deyil, hər ikisini paralel olaraq aparmağı müəyyən etmişdir.

47. Həmçinin, nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.

48. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.

49. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.

50. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.

51. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, həm sənədlərin uyğunluğunun, həm maddi-məişət şəraitinin yoxlanılması nəticəsində qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir.

52. Yəni, cavabdeh orqanın iddiaçının ərizəsi üzrə apardığı araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir.

53. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir.

54. Lakin hazırkı halda cavabdeh orqan iddiaçının təmsil etdiyi ailənin maddiməişət şəraitinin müayinəsini həyata keçirmədən, yalnız Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması nəticəsində imtina vermişdir və belə olan halda, iddiaçının arzuladığı inzibati aktın – ünvanlı sosial yardımın təyin edilməsi barədə qərarın qərarın qəbulu üçün ailənin maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi zəruri olduğundan məhkəmənin hazırkı vəziyyətdə iddiaçının tələbinə uyğun qərar qəbul etməsi mümkün deyildir.

55. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətinə dair zəruri vahid inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.

56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının təmsil etdiyi ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətinə dair zəruri vahid inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar