Məhkəmə qərarları › İş №2-1(114)-656/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-656/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-656/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 25.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Qazaxyolçular kəndində yerləşən 0,0071 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1998-ci il tarixli 07 nömrəli qərarı ilə X8, İddiaçı1, X17, X14, İddiaçı2, X15 və X5 birgə mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. 06.06.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Daşkəsən rayonu, Qazaxyolçular kəndində 0,0071 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.5 kv.m yaşayış və 27 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmış və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 29.05.2008-ci il tarixli **********21- 10301 reystr nömrəli fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0,0071 ha torpaq sahəsinin İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh orqanın imtina məktubu tam əsassızdır. Məhkəmənin 05.04.2021-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1998-ci il tarixli 07 nömrəli qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişlər ki, onlar torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədi tələb edirlər. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların müraciəti üzrə aparılan araşdırma zamanı Daşkəsən rayonu, Qazaxyolçular kəndində istifadəsində olan 0,0071 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.5 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 06.06.2008-ci il tarixli, **********21-10301 reyestr nömrəli çıxarış verildiyi, həmçinin “Torpağa mülkiyyət hüququna dair” JN-026A saylı şəhadətnaməyə əsasən X4, İddiaçı1, X13, X9, İddiaçı2, X10 və X11 Daşkəsən rayonu, Qazaxyolçular kəndində 0.08 ha həyətyanı torpaq sahəsinin verildiyi müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında İddiaçı2 və digər mülkiyyətçilərə 12.02.2021-ci il tarixli **********72 reyestr nömrəli çıxarış verilmiş, lakin plan və ölçü sənədi verilməmişdir. Qeyd olunan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ölçmə işləri aparılan zaman “Torpağa mülkiyyət hüququna dair” JN-026A saylı şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsinin ölçüləri ilə fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq, konfiqurasiyanın fərqli olduğu və qonşu X18 ilə torpaq mübahisəsinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclası zamanı tərəflərin izahatından görünür ki, hazırki iddia ilə iddiaçıların üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdikləri 0.08 ha torpaq sahəsi artıq daşınmaz əmlakın dövlət reyestrində X2, İddiaçı1, X12, X6, İddiaçı2, X7 və X5 adına qeydiyyata alınmış və bu barədə 12.02.2021-ci il tarixli **********72 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçılar məhkəmə iclasında torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədi, yəni plan və ölçü sənədinin verilməsini tələb etdiklərini bildirmişlər. Cavabdeh orqan tərəfindən iddiaçıların müraciətinə cavab olaraq təqdim edilmiş 30.12.2020-ci il tarixli, **********95 nömrəli bildirişdən görünür ki, sözügedən imtina bildirişi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur, başqa sözlə həmin imtina bildirişi torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi ilə bağlı olmamışdır. Göründüyü kimi iddiaçılar hazırki tələbləri (torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi) ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişlər. Belə olan halda öhdəliyin icrası haqqında iddia üzrə mümkünlük şərtləri mövcud olmadığına görə iddia mümkünsüz sayılmalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar