Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-656/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı müsahibə mərhələsinin nəticələrinin ləğv edilməsi, həmin imtahan üzrə nəticələrin məqbul hesab edilməsi və elektron yerləşdirmə zamanı tutduğu vəzifəyə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya şurası tərəfindən onunla xx.xx.2022-ci il tarixdə keçirilmiş 4-cü (müsahibə) mərhələsinin nəticələrinin ləğv edilməsi, onun həmin imtahan üzrə nəticələrinin məqbul hesab edilməsi və elektron yerləşdirmə zamanı tutduğu Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbə, musiqi fənni, Azərbaycan bölməsi üzrə vakant iş yerinə dair vəzifəyə təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinə qəbul olmuş və ona Dövlət Attestasiya Komissiyasının 14 oktyabr 2019-cu il tarixli qərarı ilə “İnstrumental ifaçılıq Skripka” ixtisası üzrə bakalavr ali peşəixtisas dərəcəsi verilmişdir. İddiaçı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”-na əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən 4 mərhələli müsabiqənin (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) 3 mərhələsini uğurla başa vurmuşdur. İmtahanın 2-ci mərhələsi üzrə Gəncə şəhərində keçirilən test imtahanında 66.5 bal toplayaraq uğur qazanmış, daha sonra 3-cü mərhələdə vakant iş yeri üzrə seçim edərək, nővbəti 4-cü (müsahibə) mərhələyə buraxılmışdır. 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri 18 saylı tam orta məktəbdə keçirilən müsahibə mərhələsinin nəticələri qeyri-məqbul hesab edildiyinə görə, nəticələrdən narazı olduğundan bu barədə apellyasiya şurasına müraciət etmiş, Apellyasiya şurasında 08 sentyabr 2022-ci il tarixdə yenidən müsahibə zamanı onunla onlayn qaydada müsahibə götürülmüşdür. Həmin müsahibə zamanı ona verilən müxtəlif sahələr üzrə təqribən 20-25 sualdan mütləq əksəriyyətinə (90 faizinə) doğru cavab vermiş və komissiya üzvülərinin qənaətindən də belə hiss etmişdir ki, bilik səviyyəsindən razı qalınmışdır. Lakin, şəxsi elektron səhifəsinə 13 sentyabr 2022-ci il tarixdə gələn məlumatdan ona məlum olmuşdur ki, imtahanın nəticələri qeyri-məqbul hesab edilmiş və o, müsahibə mərhələsindən keçməmişdir. Komissiya üzvülərinin hansı meyarlar əsasında belə qərəzli qənaətə gəlməsi isə ona məlum deyildir. Ona görə ki, müsahibə mərhələsində imtahandan keçməməsi ilə bağlı ona heç bir rəsmi əsaslandırma təqdim edilməmişdir. İddiaçı mübahisə ilə bağlı cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya şurası tərəfindən onunla xx.xx.2022-ci il tarixdə keçirilmiş 4-cü (müsahibə) mərhələsinin nəticələrinin ləğv edilməsi, onun həmin imtahan üzrə nəticələrinin məqbul hesab edilməsi və elektron yerləşdirmə zamanı tutduğu Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbə, musiqi fənni, Azərbaycan bölməsi üzrə vakant iş yerinə dair vəzifəyə təyin edilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırılma zamanı iddiaçının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “İnstrumental ifaçılıq. Skripka” ixtisası üzrə ali təhsil aldığı müəyyən edilmişdir. Bu da “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.2-ci bəndinə ziddir. Bundan əlavə, iddiaçı verilən suallara cavab verə bilmədiyinə görə tələbi əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 054580 nömrəli diplomdan görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 14 oktyabr 2019-cu il tarixli qərarı ilə “İnstrumental ifaçılıq Skripka” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli İ- 14321/1024 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 18-18- 120/12 nömrəli məktubuna əlavə edilmiş cavabların elektron qiymətləndirilməsinə dair protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən müsahibədə müvafiq meyarlar üzrə qiymətləndirilmiş, qiymətləndirmə cədvəlində “Olduqca həyacanlıdır, ixtisas bilikləri zəifdir, veilmiş mövzu üzrə motivasiya qura bilmədi, məzmun xəttini və standartları tanımır, gündəlik planlaşdımanın yazılma qaydasını bilmir, dərsin mərhələlərini tanımır, muğamları saya bilmədi, Himnimizin sözlərini kim yazıb bilmir, Himnimizin yazıldığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olmasından xəbərsizdir, verilan bütün suallara səthi formada cavab verir, özünə əminlik hissi zəifdir.” qeydi aparılmış və yekunda “15 bal”la qiymətləndirilərək vəzifəyə uyğun bilinməmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 18-18- 120/12 nömrəli məktubuna əlavə edilmiş cavabların elektron qiymətləndirilməsinə dair protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən müsahibədə müvafiq meyarlar üzrə qiymətləndirilmiş, qiymətləndirmə cədvəlində “Müəllimin motivasiya üçün adajio seçməyi özünün də qeyd etdiyi kimi ağır idi, düzgün seçim deyildi, xorun nə olduğunu izah etməkdə çətinlik çəkdi, hər bir dərs üçün dərsin məqsədinə nail olmağın ən əsas vəzifə olduğunu izah edə bilmədi, (Dövlət standartları, alt standartlar, anladığını nümayiş etdirmir) dərs prosesində qiymətləndirməni düzgün aparmağı göstərə bilmədi, qiymətləndirmə meyarları müəyyənləşdirə bilmir, təhlükəsiz öyrənmə mühiti, sağlam psixoloji öyrənmə mühiti üzrə sualları düzgün cavablandırmadı, suallara tez-tez sualla cavab verirdi, istedadlı uşaqların üzə çıxarılması haqqında suallara cavab verməkdə çətinlik çəkdi, dünyagörüşü ilə bağlı suallara cavab verməkdə çətinlik çəkdi.” qeydi aparılmış, yekunda “16 bal”la qiymətləndirilərək vəzifəyə uyğun bilinməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müəllimlərin işə qəbulu üzrə keçirilən 4 mərhələli müsabiqənin (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) 3 mərhələsini uğurla başa vurmuş, 20 iyul 2022-ci il tarixdə keçirilən müsahibə mərhələsinin nəticələri yekunda “15 bal”la qiymətləndirilərək vəzifəyə uyğun bilinməmişdir. Nəticədən narazı olduğundan bu barədə apellyasiya şurasına müraciət etmiş, Apellyasiya şurasında 08 sentyabr 2022-ci il tarixdə yenidən müsahibə zamanı onunla onlayn qaydada müsahibə keçirilmiş, müsahibə mərhələsinin nəticələri “16 bal”la qiymətləndirilərək vəzifəyə uyğun bilinməmişdir. İddiaçı cavabdeh tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya şurası tərəfindən onunla xx.xx.2022-ci il tarixdə keçirilmiş 4-cü (müsahibə) mərhələsinin nəticələrinin ləğv edilməsi, onun həmin imtahan üzrə nəticələrinin məqbul hesab edilməsi və elektron yerləşdirmə zamanı tutduğu Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbə, musiqi fənni, Azərbaycan bölməsi üzrə vakant iş yerinə dair vəzifəyə təyin edilməsi məqsədilə inzibati orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın:- - 1.2. bəndinə əsasən bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (bundan sonra - müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir. 4.1. bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. 4.2. bəndinə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş şəxslər iştirak edə bilər. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” ilə müəyyən edilmiş qaydada yol verilir. 5.1. bəndinə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. 5.2. bəndinə əsasən Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır. 5.3. bəndinə əsasən müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır. Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin İ dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılır. Keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. 5.4. bəndinə əsasən müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının nəticələrinə görə keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər səkkiz yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir. 5.7. bəndinə əsasən müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir. 5.11. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra tərkibi Nazirlik tərəfindən formalaşdırılan Apellyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılır. Məhkəmə araşdırması zamanı iddiaçının əsas və apellyasiya müsahibəsi görüntülərini özündə əks etdirən CD-diskə və onun cavablarının elektron qiymətləndirilməsinə dair protokollara baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılmış və protokolların qiymətləndirmə cədvəlində də qeyd edildiyi kimi iddiaçı ixtisas və dünyagörüşü suallarına zəif cavab vermiş, ümumilikdə verilən sualların bir qisminə ya cavab verə bilməmiş (və ya düzgün cavablamamış), ya da səthi formada cavablamışdır. Daha doğrusu müsahibələrin video görüntüsündən göründü ki, iddiaçı hər müsahibə üzrə ayrı-ayrılıqda verilmiş 6 (cəmi 3 kateqoriya üzrə) əsas sualdan yalnız bir suala düzgün cavab vermiş, digər suallara isə ya səthi cavab vermiş, ya da ümumiyyətlə cavab verə bilməmişdir. Həmçinin müsahibə komissiyalarının üzvlərinin qanunvericiliyə zidd hərəkətləri müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan Qaydaların 5.7. bəndinə əsasən müsabiqənin dördüncü mərhələsində (müsahibə) iddiaçının peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılmış və haqlı olaraq o, iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı müsahibə mərhələsinin nəticələrinin ləğv edilməsi, həmin imtahan üzrə nəticələrin məqbul hesab edilməsi və elektron yerləşdirmə zamanı tutduğu vəzifəyə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-656/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-656/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver