Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-656/2024 16.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçıvə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “pul vəsaitinin tutulması barədə cavabdehin faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi və əmək pensiyasından həmin hərəkət nəticəsində tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1964-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2014-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə əsasən 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçı xx.xx.2023-cü il tarixində “pensiya məbləğinin azaldılması səbəbinin, ümumi artıq ödəmə barədə, o cümlədən onun təqaüdə çıxanda neçə faizlə çıxması, hal-hazırda neçə faziə endirilməsi barədə məlumtat verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, Müraciətinizlə əlaqədar, aparılan araşdırma nəticəsində əmək pensiyanızın düzgün hesablanmadığı aşkar olunub. Bununla əlaqədar olaraq, onun tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumat vərəqinə əsasən əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 857,41 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanız yenidən hesablanaraq ona son üç il üzrə 4390,69 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 4390,69 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyadan tutularaq büdcəyə bərpa edilir. Eyni zamanda bildirilmişdir ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabınızın sığorta hissəsində 10644,85 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filiala müraciət etdiyi 18 may 2023-cü il tarixinə 10644,85 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin 2-ci cümləsinin tələblərinə uyğun qaydada 151 aya bölünməklə (10644,85:151 (65 il-58 il 5 ay=79 ay+72 ay (144 ay- 72 ay))=70,50 manat) həmin tarixdəki qanuni əmək pensiyası (857,41 manat) üzərinə əlavə edilərək pensiya məbləği 927,91 (857,41+70,50) manat müəyyən edilib. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun müharibə veteranlığını, şəkər xəstəliyini nəzərə alaraq pensiyasının bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildə Bərdə 50-ci peşəkar yanğın hissəsində yanğın söndürən, növbə rəisi vəzifəsində işləmişdir. 1994-cü ilin fevral ayının 23-də Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinin X1 zabit kimi inspektor vəzifəsində işləməyə başlamışdır. 2005-ci il dekabr ayının 16-da Fövqəladə Hallar Nazirliyi yanında onları DİN-dən ayırıb Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilmişlər. O, 2014cü il 22 noyabr tarixdə Fövqəladə Flallar Nazirliyindən xidmət keçmə haqqında əsasnaməyə uyğun olaraq 26 il xidmət ili olmaqla 80 % (səksən faizlə) 556 manat təqaüd kəsdilər, təqaüdə çıxmışdır. 9 il aldığını təqaüddə heç bir problem olmamış, lazımı vaxtlarda prezidentin sərəncamları ilə artanda onun pensiyası artmışdır. O, 2015-ci il may ayından hal-hazırda kimi X3 İdarəsində təhlükəsizlik m mühəndisi, Bərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Mühəndis işləmişdir. O, 2023-cü ilin avqust ayında pensiyasını alanda pulu 229 manat köçdüyünü görmüşdür. O, cavabdehə müraciət etmiş sonuncu tərəfindən pensiyan 995 manatdan 766 manata endirilib, sığorta kapitalını nəzərə alaraq 70 manat pensiyaya əlavə olunub, hər ay 91 manat olmaqla 4390 manat pulumu tutulacaqdır. Cavabdeh orqan iddiaya qarşı etirazı ünvanlamışdır, etirazda imtina əsaslarını təkrarlamışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin onun pensiyasından 4390,69 manat pul vəsaitinin tutulması barədə cavabdehin faktiki hərəkətləri qanunsuz hesab edilməsi və əmək pensiyasından həmin hərəkət nəticəsində tutulmuş məbləğlərin geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, etirazı, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqanın iddiaçının razılığını almamaqla yanaşı artıq ödənilmiş məbləğin tutulması barədə qərar - inzibati akt belə qəbul etməmişdir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fond tərəfindən müavinət ödənilməsini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun razılığını almadan, ayrıca inzibati akt qəbul etməmiş, bu barədə faktiki hərəkətlər – iddiaçıya təyin edilmiş əmək pensiyasından hər ay birbaşa tutulmalar haqda iddiaçını məlumatlandırmamış, yalnız iddiaçının (pensiyasının düzgün hesablanmaması barədə) müraciətlərindən sonra məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə artıq ödənişin dövlət büdcəsinə tutulması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “artıq ödənilmiş 4390,69 manat pul vəsaitinin əmək pensiyasından tutulması” barədə faktiki xarakterli hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından 4390,69 manat tutulma barədə inzibati orqanın faktiki xarakterli hərəkətinin ləğv olunması və iddiaçının pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiyasından 4390,69 manat pul vəsaitinin tutulması barədə cavabdehin faktiki hərəkətləri qanunsuz hesab edilsin və əmək pensiyasından həmin hərəkət nəticəsində tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-656/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-656/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver