Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6562/2025 27.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nikah akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: V-ЖГ №359361 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X5 ilə X2 xx.xx.1991-ci ildə nikaha daxil olmuşlar. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-M-1424/2-2025 nömrəli arayışa əsasən X8 xx.xx.1992-ci ildə ölmüşdür.Ölüm haqqında xx.xx.1992-ci il tarixli, 156 №li akt qeydi ilə Bərdə rayon qeydiyyat şöbəsi tərərfindən tərtib olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-M-1423/2-2025 nömrəli arayışa əsasən X9 xx.xx.1960-cı ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuşdur.xx.xx.1960-cı il tarixində Bərdə rayonu Güloğlular kənd icra nümayəndəliyi tərəfindən 57№li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası:X10, anası: X1r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1991-ci ildə 113 saylı Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah haqqında akt qeydində iddiaçının yoldaşı X5, doğum tarixi xx.xx.1959-cu il X2 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra qadın Məmmədova soyadını qəbul etmişdir. Sənədlərin araşdırması zamanı xx.xx.1960-cı ildə 57 saylı Bərdə rayon Güloğlular kənd İ.N. tərəfindən qeydə alınmış doğum haqqında akt qeydindən məlum olmuşdur ki, Qara Bəhrəm oğlunun doğum haqqında akt qeydində soyadı Melikovdur. Eyni zamanda xx.xx.1992-ci ildə 156 saylı Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış ölüm haqqında akt qeydində vəfat etmiş şəxsin soyadı Məlikov, adı Qara, ata adı Bəhrəm qeyd edilmişdir. Hazırda nikah haqqında akt qeydində Məmmədov soyadının Melikov soyadına dəyişdirilməsi üçün kifayyət qədər əsaslar yoxdur. Azərbaycan Respublikasının Ailə Məcələsinin 161.1 -ci maddəsinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum həyat yoldaşı X8 arasında olan nikah akt qeydində həyat yoldaşının soyadının “Məmmədov”dan “Melikov” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X8 xx.xx.1960cı ildə anadan olmuş və xx.xx.1992-ci ildə vəfat etmişdir. Onunla xx.xx.1991-ci ildə Ağdam rayon VVAQ şöbəsində 113 saylı qeydlə rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı X3 bütün sənədlərində soyadı “Məlikov” kimi qeyd edilsə də, nikah haqqında şəhadətnamədə soyadı “Məmmədov” kimi qeyd olunmuşdur. Həyat yoldaşı X4 miras qalan əmlakı qəbul etmək üçün sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşmişdir. Yol verilmiş yanlışlığın düzəldilməsi üçün aidiyatı üzrə Cavabdehnə müraciət etsə də, oradan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1035/40-25 saylı məktubla cavab verildi ki, kifayət qədər əsaslar olmadığından, məhkəməyə müraciət etməliyəm. Sənədlərdəki uyğunsuzluğu başqa cür aradan qaldıra bilmir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi nikah haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.
2. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşına məxsus iş materiallarına əlavə edilmiş digər sənədlərdə - Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-M-1424/2-2025 nömrəli arayışında və Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-M-1423/2-2025 nömrəli arayışında soyadı Melikov kimi qeyd edilsə də, nikah haqqında akt qeydində iddiaçının həyat yoldaşının soyadı Məmmədov kimi qeyd edilməsi müəyyən edilir. Bu da, iddiaçının həyat yoldaşının soyadına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçı ilə həyat yoldaşı arasında bağlanmış nikah haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının həyat yoldaşının soyadına dair məlumatlar düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı ilə mərhum həyat yoldaşı X8 arasında olan nikah akt qeydində həyat yoldaşının soyadının “Məmmədov”dan “Melikov” soyadına düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı ilə mərhum həyat yoldaşı X8 arasında olan nikah akt qeydində həyat yoldaşının soyadının “Məmmədov”dan “Melikov” soyadına düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva