Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-658/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Nizami Bələdiyyəsinin 15 iyul 2020-ci il tarixli, 10/07 saylı və 09 sentyabr 2020-ci il tarixli, 13 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Bələdiyyəsinin 15 iyul 2020ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya 7.984.83 manat əmlak vergisi borcu hesablanmış və 09 sentyabr 2020-ci il tarixli, 13 saylı qərarla icraya yönəlmişdir. İcra idarəsi tərəfindən iddiaçının istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərinə həbs qoyulması, hərracdan satılmaqla borcun ödənilməsi haqda təqdimat vermişdir. İddiaçının Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, qərardad ləğv olunaraq təqdimata yenidən baxılmış və təqdimatın təmin edilməməsi barədə qərar çıxarılmışdır. Bu şikayətlə yanaşı iddiaçı Gəncə şəhər Nizami Bələdiyyəsinə müraciət edərək, 15 iyun 2020-ci il tarixli, 10 saylı və 09 sentyabr 2020-ci il tarixli, 13 saylı qərarların ləğv olunmasını xahiş etsə də, sonuncu iddiaçının müraciətinə cavab verməmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.04.2022-ci il tarixli qərardı ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözü gedən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, istifadəsindədir, bu səbəbdən də torpaq vergisi ödəməli deyil. Həmin torpaq sahəsində şadlıq evi mövcuddur, lakin həmin sahə dövlət mülkiyyətində olduğundan bələdiyyə öz mülkiyyətində olmayan sahəyə görə vergi tələb ede bilməz. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı istifadəsində olan torpaq sahəsində şadlıq evi inşa edib, qazanc əldə edir, ona görə də həm torpağa həm də əmlaka görə bələdiyyə vergisi ödəməlidir. Cavabdehin nümayəndəsi Xıdırov Çingiz məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmidir ki, torpaq sahəsinin kimin mülkiyyətində olmasından asılı olmayaraq istifadəçi bələdiyyə vergisi ödəməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Bələdiyyəsinin 15 iyul 2020-ci il tarixli, 10/07 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Gəncə şəhəri, Məhrəsə bağında yerləşən Bəyaz şadlıq sarayının əmlak və torpaq sahəsinə görə ödənilməmiş 7984 manat 83 qəpik vergi borcu tututaraq Gəncə şəhər Nizami Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. -surəti işə əlavə 20.05.2020-ci tarixli, 10 nömrəli Nizami rayon Nizami Bələdiyyəsinin iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, Gəncə şəhər Məhrəsə bağında yerləşən Bəyaz şadlıq sarayı qeyri yaşayış əmlak və torpaq sahələrinə görə 7984.83 manat əmlak və torpaq vergisi Gəncə şəhər Nizami bələdiyyəsinin hesabına ödənilməlidir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər Nizami rayonu İcra Hakimiyyəti başçısının 14.05.2008-ci il tarixli, 76 nömrəli sərəncamından görünür ki, İddiaçı məxsus torpaq sahəsinə razılaşdırımış layihə əsasında kafe-restoran inşa edilməsinə icazə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, “Yerli Vergilər və Ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun:- 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Azərbaycan Respublikası Vergi məcəlləsin:- 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Qeyd edilən normanın məznunundan görünür ki, bələdiyyə tərəfindən əmlak vergisi fiziki şəxslərə münasibətdə yalnız əmlakın onların xüsusi mükiyyətində olduğu halda hesablanır. Sözügedən şadlıq evi iddiaçının mülkiyyətində olmadığından cavabdeh tərfindən həmin əmlakla bağlı vergi hesablanması qanuni sayıla bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən 15.07.2020-ci tarixli qərardan görünür ki, iddiaçıya məxsus şadlıq evinə və yerləşdiyi torpaq sahəsinə görə əmlak və torpaq vergisi tutulması qərara alınmış, lakin vergi tutma müddətinin əvvəli və sonu bəlli deyil. Bundan əlavə qərarın torpaq sahəsinə görə vergi tutulması hissəsi ilə məhkəmə razılaşsa da əmlak və torpaq vergisinin məbləği ümumi şəkildə göstərildiyindən, habelə maliyyə sanksiyası da eynilə olduğundan və bununla da vergi məbləğinin və ona hesablanmış maliyyə sanksiyasının ayrı-ayrılıqda həcmini müəyyən etmək mümkün olmadığından qərarın bütövlükdə ləğv edilməsi zərurəti yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Bələdədiyyəsinin 15 iyul 2020-ci il tarixli, 10/07 nömrəli və 09 sentyabr 2020-ci il tarixli, 13 saylı qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhər Nizami bələdiyyəsinin 15 iyul 2020-ci il tarixli, 10/07 nömrəli və 09 sentyabr 2020-ci il tarixli, 13 saylı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-658/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-658/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver