Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-659/2022 15.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 13.01.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində “3129 manat “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” cavabdeh orqanın 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sağ gözündə olan qüsurlarla bağlı 1980-ci illərdə İİİ qrup gözdən əlil kimi pensiyaya çıxmışdır. 2017-ci ildə sol gözündən “Kaspian Qospital’da cərrahiyyə əməliyyatı olunmuşdur. Sağ gözü protezdir. İİ dərəcəli hiperonik xəstəsidir. Bel nahiyyəsində iki yırtıq var. Alergiyası var. Yaşa görə pensiya hüququnun 10 noyabr 2009-cu il tarixdə yaranmasına baxmayaraq, 2010-cu ilin iyul ayında yaşa görə əmək pensiyasına çıxmışdır. Həmin vaxt ona 149 manat pensiya təyin edilmişdir. Sonralar olan artımlarla hazırda 366 manat pensiya alır. 2021-ci ilin avqust ayında cavabdeh orqana müraciət edərək, 2010-ci ilin iyul ayında yaşa görə pensiyaya çıxarkən, yaşa görə pensiya almaq hüququnun 2009-cu ilin noyabr ayının 10-da yarandığını nəzərə alıb, almadığı səkkiz ayın fərqininin ödənilməsini, eləcə də 44 il iş stajının nəzərə alınıb pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Onun müraciəti cavabdeh orqan tərəfindən araşdırılıb səkkiz ay pensiya fərqini ona ödəmək, eləcə də pensiyası yenidən hesablanıb artırılmaq əvəzinə onun barəsində '‘Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2021-ci ildə pensiyasının yenidən hesablanması və almadığı əvvəlki 8 ayın fərqinin ona ödənilməsini xahiş etdiyi halda, əksinə olaraq cavabdeh orqan ona hər ay artıq pul ödənildiyini bildirib, pensiyasını azaltmaqla yanaşı həm də əlavə olaraq ona ödənilmiş pensiyadan 3190 manat pul tələb edir. O, hesab edir ki, 9 ildən sonra həmin pulun ondan tələb edilməsi qeyri qanunidir. Cavabdeh orqan özü təyin etdiyi pensiyanı 9 ildən sonra ləğv edir. Cavabdeh orqanın imtinası ilə onun konstitusiyada təsbit olunmuş hüquqları kobud şəkildə pozulmuşdur. Cavbadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 11 fevral 2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubu onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı 01.08.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun 10.11.2009-cu il tarixdə yarandığını əsas gətirərək, ona ödənilməyən aylar üzrə pensiya fərqinin ödənilməsinə dair müraciətinə əsasən, ona təyin olunmuş pensiya təyinatına yenidən baxılmışdır. Daha sonra məlum olmuşdur ki, ilkin təyinat zamanı sosial sığorta stajı düzgün hesablanmamış və nəticədə artıq ödəmə aşkar edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 01.09.2012-ci il tarixdən 30.11.2021-ci il tarixədək artıq ödənilmiş 3129 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi barədə 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. İddiaçı 04.05.1984-cü il tarixdən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01.01.1992-ci il tarixdə qüvvəyə minmiş və 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən və 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsi tətbiq edilməklə iddiaçının əmək pensiyası ödənilməyə davam etdirilmişdir. İddiaçının 23.07.2010-cu il tarixli müraciəti əsasında əmək pensiyasının növü dəyişdirilərək 01.08.2010-cu il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçının 01.01.2006-cı il tarixədək 35 il 3 ay sığorta stajı və 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3590,47 manat pensiya kapitalına əsasən onun əmək pensiyası yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiya məbləği 01.01.2011-ci il tarixdən 327,37 manat müəyyən edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ 01.08.2010-cu il tarixdə yaranmışdır. Həmin tarixdən sonra vətəndaşın 01.09.2012-ci il tarixədək işlədiyi dövr 24 ay təşkil etmişdir. Bu səbəbdən vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 144-24=120-yə bölünməlidir. Qeyd olunanları nəzərə alaraq, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının məbləği təqdim olunmuş sənədlər əsasında və Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə nəzərə alınmaqla yenidən hesablanmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında etiraz məktubu ilə eyni məzmunlu izahat vermiş və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh orqan tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilərkən iddiaçının razılıq ərizəsi alınmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 16.12.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.08.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2021-ci ildə pensiyasının yenidən hesablanması tələbi barədə ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın 01.12.2021-ci il tarixli **********1 nömrəli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği dəyişdirilmiş və iddiaçıya 01.09.2012-ci il tarixdən 30.11.2021-ci il tarixədək artıq ödənilmiş 3129 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsindən müəyyən olunur ki, İddiaçı 01.09.2012-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 120-yə (144-24) bölünmək əvəzinə səhvən 72-yə bölünmüşdür. İddiaçı yaşa görə əmək pensiyası hüququ 01.08.2010-cu il tarixdə yaranmışdır. Həmin tarixdən sonra vətəndaşın 01.09.2012-ci il tarixədək işlədiyi dövr 24 ay təşkil etmişdir. Bu səbəbdən vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 144-24=120-yə bölünməlidir. Qeyd olunanları nəzərə alaraq, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının məbləği təqdim olunmuş sənədlər əsasında və Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə nəzərə alınmaqla yenidən hesablanmışdır. Məhkəməyə qeyd etmək istəyir ki, pensiya məbləğinin düzgün hesablanmaması iddiaçının təqsiri ilə bağlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 01.12.2021-ci il tarixli, **********1 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 01.12.2021-ci il tarixli, **********1 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-659/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-659/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver