Məhkəmə qərarları › İş №2-1(114)-6599/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6599/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6599/2025 16.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı “X5, X17, X15 və X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 06.11.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X5, X17, X15 və X2 rayonu, İnstitut qəsəbəsi, İ.Abbasov küçəsi, ev 5, mənzil 11 ünvanında qeydiyyatdadırlar; - cavabdehin xx.xx.2025-ci il tarixli, 105/2-16388/25 nömrəli imtina məktubuna əsasən, ünvan 1-də yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X17, X5, X7 və X9 pasport qeydiyyatından məcburi qaydada çıxarılması onların səlahiyyəti daxilində deyildir. Belə ki, “Yaşayış yeri və Olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə uyğun olaraq aşağıdakı hallarda baxıla bilər: 1)yaşayış yerini dəyişdikdə yəni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatı əsasında; 2) başqa ölkədə yaşayış yerı seçdikdə müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; 3) azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və s. Odur ki, qanuna müvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədə müvafiqdir.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-12642/2025 nömrəli “əmlaka dair arxiv məlumatının və sənədlərin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-2615 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən **********81- 05101-093006 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 105/2- 17373/25 nömrəli məktuba əsasən, vətəndaş xx.xx.1961-ci il təvəllüdlü X2 rayonu, İnstitut qəsəbəsi, İ.Abbasov küçəsi, ev 5, mənzil 11 ünvanında yerləşən mülkünə Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin №1043491 sənədinə əsasən xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2019-ci il təvəllüdlü X6 qeydiyyatda almışdır. X1 ünvan 1 ünvanında yerləşən mülkünə xx.xx.2018-ci ildə Asan-Gəncə 2 tərəfindən qeydiyyatda alındığı üçün Samux RPŞ-nin QŞVQ-da heç bir sənəd aşkar edilməmişdir.

4. Ədliyyə Nazirliyi Samux rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5-8/696-13-25 nömrəli məktuba əsasən, iddiaçı ilə üçüncü şəxslər arasında yaxın qohumluq münasibətləri mövcud deyildir.

5. İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X17, xx.xx.2019-cu il təvəllüdlü X15 və xx.xx.1961-ci il təvəllüdlü X3 onun adına olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişddir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı qeyd edir ki, ünvan 1 onun şəxsi mülkiyyətidir və həmin evin adına olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarış da almışdır. ünvan 1 ünvanında xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X17, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.1961-ci il təvəllüdlü X7 da qeydiyyatdadırlar və onlarla iddiaçının heç bir qohumluq əlaqələri yoxdur. İddiaçı bildirir ki, onların da adından kommunal ödənişləri ödəyir və bu hal isə onun hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də iddiaçı Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək adları çəkilən şəxslərin ona məxsus olan ünvan 1 ünvandaki evindən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmiş, ancaq cavabdeh orqan xx.xx.2025-ci il tarixli, 105/2-16388/25 saylı məktubla imtina cavabı verərək Gəncə İnzibati məhkəməsinə müraciət etməsini bildirmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5, X17, X15 və X7 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X17 və X8 valideynləri - atası Qanuni nümayəndə və anası X5 ilə təmsil olunmaları qərara alınmışdır.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

12. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-12642/2025 nömrəli “əmlaka dair arxiv məlumatının və sənədlərin surətinin verilməsi barədə” məktubu və məktuba qoşma şəkildə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 105/2-17373/25 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Samux rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5- 8/696-13-25 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

21. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

22. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

24. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

25. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.

27. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X15 xx.xx.2019-cu il təvəllüdlü və X17 xx.xx.2021-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özlərinə yaşayış yeri seçmək, həmin mənzildə qeydiyyatda qalmağa hüquqları mövcud deyildir.

29. Məhkəmə qeyd edir ki, X15 və X10 yaşayış yerləri valideynlərinin yaşayış yerləri sayılır.

30. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

31. X15 və X10 anası X5 hazırkı iş üzrə üçüncü şəxsdir və onun özünün də mübahisəli mənzildə hər hansı əmlak hüququ yoxdur və faktiki olaraq həmin mənzildə yaşamır. Azyaşlıların digər valideyni - atası Məmmədov X14 rayonu, Dəliməmmədli şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 31 ünvanında pasport qeydiyyatında olmaqla iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından, qeydiyyatda olmadığından və həmin ünvanda əmlak hüququ olmadığından azyaşlıların sözügedən mənzildə qeydiyyatda olmalarının heç bir hüquqi əsası olmur.

32. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

33. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

34. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X5, X17, X15 və X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Samux rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar