Məhkəmə qərarları › İş №2-1(114)-66/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-66/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-66/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 və Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd X6 Dairəsi üzrə Nümayəndəliyi) bələdiyyənin ehtiyat fondundan 0.3575 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinə qarşı (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 və Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd X6 Dairəsi üzrə Nümayəndəliyi) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona bələdiyyənin ehtiyat fondundan 0.3575ha ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1970-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində doğulmuşdur. Həmin kənddə qeydiyyatdadır və orada yaşayır. 1991- 1993-cü illərdə Gəncə Könüllü Batalyonunun tərkibində, 1994-cü ildə isə Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun tərkibində Ağdərə rayonu və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu müddət ərzində, yəni xx xxxxxxxx 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə bel nahiyyəsindən güllə yarası, xx xxxxxx 1992-ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşlərdə və 1993-cü ildə Ağdərə rayonunun Drombon kəndi uğrunda gedən döyüşlərdə sol ayağından güllə yaraları, 1994- cü ildə isə Ağdərə rayonunun Çardaxlı kəndi uğrunda gedən döyüşlərdə qəlpə yaraları almışdır. Bu vaxtdan sonra müxtəlif xəstəxanalarda müalicə olunmuşdur və bü gün də müalicə olunur. O müxtəlif orqanlara çoxsaylı müraciətlər etsə də, əlilik dərəcəsi ala bilməmişdir. xx xxxxx 2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi qulluqçu kimi Qarabağ müharibəsində iştirak etməyi və döyüş zamanı güllə və qəlpə yaraları almağı faktı müəyyən edildikdən sonra xx xxxxxx 2017-ci il tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu güllə və qəlpə yaralarına görə İİ (ikinci) qrup əlillik dərəcəsi verildi və hazırda ona pensiya ödənilir. 2ci qrup müharibə əlili olduğu üçün Tərtər rayon Hacıqərvənd kənd Bələdiyyəsinin ehtiyat fondundan 0,3575 ha ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsi verilməsi üçün cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsi və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd X6 Dairəsi üzrə Nümayəndəliyi isə nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd X6 Dairəsi üzrə Nümayəndəliyi məhkəməyə xx.xx.2001-ci il tarixli ərizə təqdim edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının,cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X3 nümayəndəsi X1 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti; - Cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 33 nömrəli imtina məktubunun əsli; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüquqıf olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarma və Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respblikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilmir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi Əsasnaməyə uyğun həyata keçirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq islahatı zamanı iddiaçıya torpaq sahəsi ayrılmış hazırda iddiaçı əlavə olaraq 1 (bir) pay torpaq sahəsi tələb edir. Cavabdeh öz məktubunda iddiaçıya əlavə torpaq sahəsinin ayrılmasının mümkün olmadığını bildirmiş və qeyd etmişdir ki, bu hal torpaq islahatı keçirilərkən nəzərə alınmamışdır. Bu səbəbdən cavabdeh orqan iddiaçının müraciətindən imtina etmişdir və bu imtinanın qanunsuz sayılması üçün heç bir əsas yoxdur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı oğlu iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsi hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinə qarşı bələdiyyənin ehtiyat fondundan 0.3575 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Tərtər Rayon Hacıqərvənd Bələdiyyəsinə qarşı bələdiyyənin ehtiyat fondundan 0.3575 hektar ölçüdə əlavə 1 (bir) pay torpaq sahəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar