Məhkəmə qərarları › İş №2-1(114)-660/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-660/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-660/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8inə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8inə qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19205/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1643/2024 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 2035 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Əməliyyatdan sonrakı vəziyyətlaporotomiya, qaraciyər yaralarının tikilməsi, torakosintez. Odlu silahla torako-abdominal yaralanma, aşağı ətrafların qəlpə yaralanması nəticəsində aşağı ətraf yaralarının birincili cərrahi işlənməsi. Bitişmə xəstəliyi, nazik bağırsağın bitişmə keçməzliyi nəticəsində relaporotomiya əməliyyatı, bitişmələrin açılması, nazik bağırsağın keçməzliyini aradan götürülməsi (xx.xx.1994)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

4. Daha sonra vətəndaş X4 ərizəsi əsasında əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı 3-17-4/3-1-158873/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, nəticədə xx.xx.2023-cü il tarixli 3- 17-4/3-3-19205/2023 nömrəli qərarla mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmiş, “Torokobr, Odlu silah yarasına görə təkrari torokotomiya diafraqma yarasının tikilməsi” diaqnozunun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir.

5. Həmin qərardan narazı qalan İddiaçı müraciəti əsasında onun əlillik vəziyyəti növbəti dəfə “Torokobr, Odlu silah yarasına görə təkrari torokotomiya diafraqma yarasının tikilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olunması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1643/2024 nömrəli qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8in iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-A-8782/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq o, xx.xx.2024-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 134) əyani müayinəyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2001-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Nəzərinə çatdırılır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna malikdir.

7. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2012-ci il tarixli 4938 nömrəli arayışında diaqnoz “Sağ qamış sümüyünün distal ucunun oynaqdaxili bitişən sınığı, incik sümüyünün başının bitişmiş sınığı, diz oynağının qeyri-stabilliyi, sol aşıq sümüyünün yad cismi (metal qəlpə), hər iki topuğun davamlı kontrakturası (hərəkət 5 dərəcəyə qədər məhdudlaşıb), yerişin pozulması, operasiyadan sonrakı vəziyyət” kimi qeyd edilmişdir.

8. “Respublika Psixiatriya Xəstəxanası” X8in Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3279 nömrəli rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0” kimi qeyd edilmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8in xx.xx.2024-cü il tarixli 3-17-4/2-31961/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2001-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X6 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli, 3-17/1-H- 14606/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin saxta ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-2650/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında yenidən komissiyaya dəvət edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qeyd edilir ki, vətəndaşa dair aparılmış xx.xx.2024-cü il tarixli tam reabilitasiya olması barədə qərar hazırda qüvvədədir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü illərdən Qarabağ torpaqlarının müdafiəsi üçün erməni təcavüzkarlarına qarşı canından, qanından və ölümündən keçərək qanlı döyüşlərdə iştirak etmişdir. Belə ki, MN-nin N saylı hərbi hissəsinin tərkibində döyüşmüş, daha sonra çox sayda itkilər verdiklərindən onlar N saylı hərbi hissənin tərkibinə verilmiş və Füzuli, Ağdam və Tərtər rayonlarında və kəndlərində doğma torpaqlarımızın ərazi bütövlüyü uğrunda müharibədə həmin hərbi hissənin tərkibində döyüşlərə davam etmişlər. Döyüş vaxtı yəni, xx.xx.1994-cü il tarixdə Ağdam rayonun Qarağacı-Kəngərli kəndində düşmənin basdırdığı piyada əleyhinə olan minaya düşmüş və ağır şəkildə yaralanaraq bədəninə bir çox qəlpələr daxil olmuşdur. Bundan sonra onu Ağdam rayon Sarıcalı kənd hospitalına 17 gün sonra isə mərkəzi hospitala göndərmişlər. Həkimlər tərəfindən bir neçə qəlpələri hissə-hissə bədən nahiyyəsindən xaric etsələr də müəyyən hissəsi bədənindən xaric olunması mümkün olmamış eləcə də qaraciyər nahiyyənin 14 hissəsi, nazik bağırsağın isə müəyyən bir hissəsi yararsız olduğundan kəsilərək götürülmüşdür. O, gecə-gündüz şiddətli ağrılar nəticəsində yata bilmədiyinə görə bütün sinirləri pozularaq dəlixana xəstəsi olmaq üzrədir. Yuxarıda qeyd etdiyi (qaraciyərin % hissəsi kəsilməsi) xəstəlik səbəbindən xx.xx.2001-ci ildə həmin tarixdən ona müddətsiz olaraq ikinci dərəcə əlillik verilmişdir. İkinci dərəcəli əlilliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən ona 310 manat məbləğində pensiya, o, cümlədən 400 manat prezident təqaüdü təyin edilmiş və həmin pensiya məbləğini eləcə də təqaüdü 2023-cü ilin dekabr ayına qədər almışdır. Səhhətində yaranmış bu problemlərdən sonra heç bir yerdə işləyə bilməmişdir. Onun ikinci dərəcə əlilliyinin ləğv olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə etdiyi müraciətə, ona cavab verilmişdir ki, "imtina edilib, səbəb: tam reabilitasiya olunması, ətralı: tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir". Daha sonra ətraflı şəkildə cavab və rəsmi sənəd almaq üçün müraciəti isə cavabsız qalmışdır, Bundan başqa bilidirir ki, səhhətində olan problemlər səbəbindən işləyə bilmir və onun sözügedən təqaüd və müavinətdən başqa gəlir yeri yoxdur. Ailəlidir, dörd övladı var. Sonuncu övladları əkiz olmaqla 7 aylıq qız övladlarıdır. O, onların dolanışığını təmin edə bilmir. Yeganə oğlan övladı isə onun yolunu davam etdirərək hərbi xidmətini Şuşa və Laçın rayonlarında davam etdirmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları" ləğv edilmişdir. Hazırda mövcud olmayan Qərarla hüquqlarının pozulması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Sadalanan xəstəliklərin əksəriyyəti onda vardır. Belə olan halda, əlillik dərəcəsinin etibarsız hesab edilməsi yol verilməzdir. Onu da bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixatriya Xəstəxanası" X8 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 3279 saylı "Həkim Psixiatr Komissiyasının" rəyinə əsasən "Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F 07.0" diaqozu qoyulmuşdur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi ikinci dərəcə əlilliyinin bərpa olunması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.

14. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3- 17-4/3-3-19205/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1643/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

17. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

18. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi qərarlar xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilmişdir. Sözügedən qərarların rəsmi qaydada iddiaçıya təqdim edilməsinə dair cavabdeh orqan tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır..

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

26. Etiraz onunla əsaslandırılmışdır ki, X6 tərəfindən bizə məlumat ünvanlanmış və həmin məlumat əsasında inzibati icraat başlanılmışdır. Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 6 (altı) nəfər vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 6 nəfər vətəndaşın tibbi ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Bərdə rayon sakini xx.xx.1975ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2001-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3-17-4/3-3-19366/2023 nömrəli məktuba əsasən DTSERA-da əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir. Yenidən vətəndaş 3-17-4/2- A2650/2024 nömrəli bildirişə əsasən əyani müayinədə iştirak etmək üçün müraciət etmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 2035 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Əməliyyatdan sonrakı vəziyyət laporotomiya, qaraciyər yaralarının tikilməsi, torakosintez. Odlu silahla torako-abdominal yaralanma, aşağı ətrafların qəlpə yaralanması nəticəsində aşağı ətraf yaralarının birincili cərrahi işlənməsi. Bitişmə xəstəliyi, nazik bağırsağın bitişmə keçməzliyi nəticəsində laporotomiya əməliyyatı, bitişmələrin açılması, nazik bağırsağın keçməzliyini aradan götürülməsi (xx.xx.1994)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına qoltuqaltı əsalar ilə daxil olmuşdur. Anamnestik məlumatlarında 7-8 ildir şəkərli diabetdən əziyyət çəkdiyini, aşağı ətraflarının sanki onu saxlamadığını, tez-tez kövrəlib ağladığını, qaraciyər zəhərlənməsi olduğu üçün plazmafarez olunduğunu, uşaq vaxtı kəllə beyin travması aldığından baş ağrıları olduğunu, 1994-cü ildə yaralandığını bildirmiş, medikamentoz preparatlardan “Siafor” qəbul etdiyini qeyd etmiş, reseptlər (“Magni B6”, “Amitriptilin”, “Persen forte”) təqdim etmişdir. Vətəndaş 2023-cü ilin avqust ayında iki qız övladının dünyaya gəldiyini, lakin ailə üzvləri ilə münaqişələr yaratması səbəbindən həyat yoldaşı ilə yaşamadığını, 2001-ci ildən müddətsiz əlillik təyinatının olduğunu söyləmiş, lakin təqdim etdiyi müayinə və müalicə sənədlərinin son illərə aid olması müəyyənləşdirilmişdir. Müayinə zamanı sol daban, hər iki budun orta 1/3-də, qarının sağ tərəfində, sağ kürəkdə çapıqlar, qarının ön divarında total laparotomiya və sağtərəfli torakosintez kəsiklərinə məxsus çapıqlar, hər iki budun orta 1/3-də ~7-8 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı aşağı və yuxarı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, qoltuqaltı əsa ilə gəzməsini əsaslandıracaq heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Vətəndaşın çəkisi 91 kq, boyu 171 sm, BKİ=31.3 müəyyənləşdirilmişdir. Psixi statusunda psixoproduktiv əlamətlər, davranış pozuntusu, koqnitiv funksiyaların enmə əlamətləri aşkar edilməmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Partlayış travması, 1994-cü il. Hər iki tibial (qamış) və peroneal sinirlərinin posttravmatik neyropatiyası. Aşağı süst paroparez ilə. Posttravmatik ensefelopatiya. Baş beyin məhdud atrofiyası. Yumşaq toxumalarda qalan yad cisim” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Rentgenoqramma müayinəsinin nəticəsi “Sol aşıq baldır nahiyəsi 2 pr.rentgenoqrammada aşıq sümüyü proyeksiyasında təqribən 0.5*0.5 sm ölçülü yad cisim-metal qırıntı izlənilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. General Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ zamanı beynin bioelektrik aktivliyi aşağı enmişdir. EEQ zamanı aralıq strukturlarının qıcıqlanması və beyin qabığının oynaqlığı qeyd olunur. Beyinin orta strukturlarının disfunksiyası qeyd edilir. Baş-beyin hipoksik əlamətləri qeyd edilir. Epileptik aktivlik qeyd edilir (itiləng dalğa kompleksi). Antikonvulsiv terapiya davam edilsin. Tormozlayıcı psixopatiya. Yarım kürələrarası zəif fərq izlənilir. Hiperaktiv dalğalar qeyd olunur” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 xx.xx.2024-cü il tarixli ********** nömrəli Kompyüter EMQ müayinəsinin nəticəsi “Hər iki aşağı ətraf incələndi. Sural sinir soldan alınmadı, sağdan implus keçiricilik sürəti enmişdir. Tibial sinir hər iki tərəfdən implus keçiricilik sürəti enmişdir, latans uzanması qeyd olundu. Peraneal sinir soldan sürətin enməsi və latans uzanması qeyd olundu. Bu göstəricilər hər iki tərəfli Tibial sinirin travmaya bağlı neyropatiyası Peraneal və Sural sinirin soldan neyropatiyası qeyd olundur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin KT müayinəsinin nəticəsin “Alın payının hər iki tərəfində mm-lik hipodens qliozisə xarakter ocaqlar izlənir. Beyin şırımları alın-gicgah paylarında olmaqla dərinləşmiş, subaraxnoidal sahənin genişliyi minimal artmışdır. Silvi yarıqları dərinləşmişdir, minimal kortikal atrofiya əlaməti. Yan mədəciklər (ön şaxə ~9 mm) minimal genişlənmişdir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2953 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Qərar xx.xx.2024-cü il tarixində olmuşdur. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X3 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X3 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. O, odlu silahla torako-abdominal yaralanmasından daxili orqanlarında yaranmış xəstəliklərlə bağlı ekspertizadan keçməkdən imtina edərək, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2953 nömrəli Tibbi rəyində ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmasını əsas gətirərək, məhz həmin psixi xəstəliyinə görə onun əlilliyinin bərpa edilməli olduğunu bildirmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli 2035 nömrəli xəstəlik haqqında şəhadətnaməsi; - xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19205/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-1643/2024 nömrəli qərarlar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8in iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-A-8782/2024 nömrəli məktub; - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2012-ci il tarixli 4938 nömrəli arayışı; - “Respublika Psixiatriya Xəstəxanası” X8in Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3279 nömrəli rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8in xx.xx.2024-cü il tarixli 3-17-4/2-31961/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

31. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra vətəndaş X4 əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı 3-17-4/3-1-158873/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, nəticədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19205/2023 nömrəli qərarla mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmiş, “Torokobr, Odlu silah yarasına görə təkrari torokotomiya diafraqma yarasının tikilməsi” diaqnozunun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı müraciəti əsasında onun əlillik vəziyyəti növbəti dəfə “Torokobr, Odlu silah yarasına görə təkrari torokotomiya diafraqma yarasının tikilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olunması barədə xx.xx.2024cü il tarixli 3-17-4/3-3-1643/2024 nömrəli qərar qəbul edilmişdir.

32. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanuni sayır və aşağıdakıları qeyd edir.

33. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

35. Məhkəmə qeyd edir ki, vətəndaş X6 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli, 3-17/1-H-14606/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin saxta ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-2650/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında yenidən komissiyaya dəvət edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

36. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik təyinatı qərarının yenidən yoxlanılması üçün inzibati icraat başlanılmış və iddiaçı əyani müayinəyə dəvət edilməklə, barəsində qərar qəbul edilmiş, yəni icraatın aparılmasında prosessual pozuntu halı aşkar edilməmişdir.

37. İddiaçının reabilitasiya olub-olmaması, yəni həqiqətən ona əvvəllər əlillik təyin edilməsinə əsas olmuş xəstəliyinin sağalıb-sağalmamasınn müəyyən edilməsi üçün iddiaçıya müvafiq ekspertizanın təyin edilməsinə o, etiraz edərək, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2953 nömrəli Tibbi rəyində ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmasını əsas gətirərək, məhz həmin psixi xəstəliyinə görə onun əlilliyinin bərpa edilməli olduğunu bildirmişdir.

38. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, şəxslərin əlillik vəziyyəti tibbi müəssisəsinin göndərişi əsasında qiymətləndirilir və hazırkı halda iddiaçının barəsində “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu üzrə göndəriş rəsmiləşdirilməmişdir.

39. Hansı ki, əlilliyin qiymətləndirilməsi iki mərhələni əhatə edir: 1) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; 2) tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi və müvafiq yekun qərarın qəbul edilməsi.

40. Yəni, əlilliyin qiymətləndirilməsi prosesi ilk əvvəl şəxsə dair göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi və əlillik altsisteminə ötürülməsindən başlanır. Həmin göndəriş olmadan nəinki əlilliyin müəyyən (təyin) edilməsi barədə qərarın qəbul edilməsindən, ümumiyyətlə əlilliyin qiymətləndirilməsindən söhbət belə gedə bilməz.

41. İddiaçıya əvvəllər əlillik təyinatı aparılarkən ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulması halı mövcud olmamışdır.

42. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarların ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

43. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

44. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

45. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməəsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar