Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-661/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi və X2) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayonu Göygöl bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli, 02 saylı qərarına əsasən həyətyanı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2011-ci il tarixdə Göygöl rayon torpaq şöbəsində 65 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən 28 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 1,68 hektar olmaqla Göygöl bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi perspektiv inkişaf fond torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafıqdir. Həmin torpaq sahəsi Göygöl rayonun (şəhərin) zona bölgüsündə İİ zonaya aiddir. xx.xx.2011-ci il tarixli 01 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı ilə bağlı Göygöl rayonu Göygöl bələdiyyəsi hesabına 840 manat məbləğində ödəniş edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-1942/2024 nömrəli imtina məktubundan görünür ki, əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 65 saylı “Torpaqların alqı-satqısına dair" Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi, həmçinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissənin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.Daxil olmuş iş materiallarında, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı naturada təqdim olunan sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan torpaq sahəsi, Göygöl (Xanlar) rayonu heyvandarlıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarında, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin inkişafı məqsədi üçün nəzərdə tutulan prespektiv inkişaf sahəsi olaraq göstərilmişdir. Naturada təqdim olunan torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, xüsusi mülkiyyətdə olan torpaq sahəsi olaraq göstərilmişdir. 2.Naturada təqdim olunan torpaq sahəsi üzərində, elektron kadastr bazası materiallarına istinadən, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. 3.Naturada təqdim olunan torpaq sahəsi üzərində və hava məkanında elektrik və koomunikasiya xətti müşahidə olunmamışdır.
4. Naturada təqdim olunan torpaq sahəsi üzərində, elektron kadastr bazası materiallarına istinadən, başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. 5.Naturada təqdim olunan torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. Qeyd edilmişdir ki, naturada təqdim olunan 600.0 kv.m torpaq sahəsinin 297.5 kv.m hissəsinin, ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən X1 adına qeydə alınmış A 352324 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcuddur.
6. Daxil olmuş iş materiallarında, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyildir.
7. Rəy hazırlanarkən, Göygöl (Xanlar) rayonu heyvandarlıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarına, elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına istinad olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlmiş ,üçüncü şəxs və cavabdeh nümayəndəsi iştirakını təmin etməmiş səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Göygöl bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli, 02 saylı qərar ilə həyətyanı məqsədilə 0,06 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 65 saylı “Torpaqların alqı-satqısına dair" Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edilməsi və faktiki torpaq sahəsinin bir hissənin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş iddiaçının naturada təqdim olunan 600.0 kv.m torpaq sahəsinin 297.5 kv.m hissəsinin, X1 adına qeydə alınmış torpaq sahəsi ilə üstüstə düşməsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-679/2025 syalı xx.xx.2025-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinantlarla üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva